Azərbaycan olimpiyaçıları medallarının sayını artırırlar

Braziliyanın Rio-de-Janeyro şəhərində finişə yaxınlaşmaqda olan XXXI Yay Olimpiya Oyunlarının avqustun 16-na təsadüf edən on birinci yarış günündə Azərbaycan idmançılarına iki bürünc medal təqdim olunmuşdur. Həmin günün payına düşmüş daha bir mükafatımızın isə əyarı hələlik məlum deyil. Boks turnirində ölkəmizə ən azı ikinci bürünc medal da təmin edilmişdir.

Yunan-Roma üsulu ilə güləşənlərimiz Olimpiadada çıxışlarını iki bürünc medalla başa vurmuşlar. Bu növ üzrə yarışın finişində 66 kq çəki dərəcəsində çıxış edən dünya çempionu, birinci Avropa Oyunlarının qalibi Rəsul Çunayev ilk üç mərhələdə kubalı Migel Palasio, rusiyalı Olimpiya çempionu İslambek Albiyev və Əlcəzair təmsilçisi Əziz Benəziz üzərində qələbələrdən sonra yarımfinalda uduzmuş, amma bu uğursuzluqdan ruhdan düşməyərək bürünc medal uğrunda görüşdə Koreya Respublikası güləşçisini vaxtından əvvəl məğlubiyyətə uğratmış və qaliblərin mükafatlandırılması mərasimində onun bürünc medalı şərəfinə Azərbaycanın milli bayrağı yüksəklərə ucaldılmışdır. Bununla da Çunayev bir gün əvvəl komanda yoldaşı Sabah Şəriətinin (130 kq) qazandığı müvəfəqiyyəti təkrar etmiş və Rioda beş nəfərlə təmsil olunan azərbaycanlı "klassiklər" iki bürünc medala sahib olmuşlar.

Rəsulun çıxış etdiyi çəkidə Olimpiadanın çempionu adını Serbiya güləşçisi Davor Stefanek qazanmışdır.

Həmin gün ölkəmizə ikinci bürünc medal qazandıran avarçəkən İnna Osipenko-Radomskayanın birnəfərlik baydarkada 200 metr məsafəyə final yarışlarında müvəffəqiyyəti Azərbaycan üçün tarixi nailiyyətdir.Təmsilçimiz idmanın bu növündə Olimpiya oyunlarında ilk dəfə fəxri kürsüyə yüksəlmişdir. Xüsusi qeyd edə bilərik ki, Rio-de-Janeyro Olimpiadası İnna üçün dördüncü Olimpiya  oyunlarıdır. Əvvəllər o, Ukrayna komandası heyətində Afina-2004-də 500 metr məsafəyə startlarda ­bürünc medal qazanmış, dörd il sonra Pekində həmin məsafədə çempion olmuş, 2012-ci ildə Londonda isə həm 200, həm də 500 metr məsafəyə startlarda bürünc mükafatçı kimi fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdir. Üç Olimpiadada dörd medal! Həqiqətən, qibtəediləcək  nailiyyətdir. Rio-2016-da da 200 metr məsafəyə final yarışlarında böyük əzmkarlıq və yüksək fiziki hazırlıq nümayiş etdirən İnna yalnız iki qalibdən Olimpiadanın çempionu olmuş Yeni Zelandiya idmançısı Liza Harrinqton və polşalı Marta Valskeviçdən geri qalmışdır. İndi onun hesabında Olimpiya oyunlarının artıq beş medalı vardır. Azərbaycan hələlik əyarı məlum olmayan və bürünc medal kimi yadda saxladığımız mükafatı isə rinqdə qazanmışdır. Avqustun ­16-dan ­17-nə keçən gecə təmsilçimiz Lorenso Sotomayorun (64 kq) çox inamlı və layiqli qələbəsinə sevindik.

Yığma komandamızın kubalı legioneri həmin ölkənin boks məktəbinin digər yetirməsi Yasniyer Toledo ilə dörddəbir final görüşündə sərrast zərbələr və etibarlı müdafiə ilə hakimlərin heç birində qələbəsinə şübhə yeri qoymadı. Hər üç raundda Toledodan üstün döyüşən Sotomayor Olimpiadada ardıcıl üçüncü qələbə sayəsində yarımfinala çıxmış və çempionluq mübarizəsini davam etdirmək əzmində olduğunu bir daha sübuta yetirmişdir.   Boksçumuz həm də Kamran Şahsuvarlının (75 kq) müvəffəqiyyətini təkrar etmişdir. İndi növbəti döyüşə yüksək əhval-ruhiyyə ilə hazırlaşan Lorenso artıq finalın astanasındadır. O, yarımfinalda Almaniya təmsilçisi Artyom Arutyunyanla döyüşəcək . Avqustun 19-da keçiriləcək bu görüşdə də Azərbaycan boksçusunun maraqla izlənilən döyüş üslubundan zövq almaq istərdik.   Bundan bir gün əvvəl isə Şahsuvarlı yarımfinalda rinqə çıxacaq. Qarşıda boks həvəskarlarımızı Azərbaycan və Kuba dəri əlcək ustalarının iştirakı ilə daha bir görüş gözləyir. Şahsuvarlı-Arlen Lopes yarımfinalı avqustun 18-də keçiriləcək.  Sotomayorun çıxış etdiyi çəki dərəcəsində yarımfinala daha bir vəsiqəni dörddəbir finalda Çin boksçusu Hu Syansyuna qalib gələn rusiyalı Vitali Dunaytsev qazanmışdır.    Avqustun 17-də  qadın güləşçilərin və taekvondo ustalarının Olimpiada medalları uğrunda görüşlərinə start verilmişdir. Güləş yığmamızdan Pekin Olimpiadasının bürünc və London-2012-nin gümüş mükafatçısı Mariya Stadnik ( 48 kq) və dörd il əvvəl İngiltərədə XXX Yay Olimpiya Oyunlarından ölkəmizə bürünc medalla qayıtmış Yuliya  Ratkeviç ( 58 kq ), habelə taekvondoçu Patimat Abakarova ( 49 kq ) yarış meydanına dəvət olunmuşlar.    Dünən həmçinin Elvin Məmişzadə ( 52 kq ) rinqdə dörddəbir final görüşünə çıxmış, İnna Osipenko-Radomskaya və kanoeçi Valentin Demyanenko avarçəkmə startlarında iştirak etmişlər. Radomskaya bu dəfə 500 metr məsafədə yarışmışdır. Taekvondoçuların turnirində 63 ölkədən 128 idmançının çıxış etdiyini də diqqətə çatdıraq.

* * *

Dünənki yarışlarda Mariya Stadnik Argentina, Polşa və Bolqarıstan idmançılarına qalib gələrək finala çıxmış və burada yaponiyalı Yeri Tosaka ilə görüşmüşdür. Bu görüş Bakı vaxtı ilə gecəyarısı keçirilmişdir.

Avarçəkənlərimiz ­Demyanenko və Radomskaya-­Osipenko da yüksək nəticə göstərərək final startlarına vəsiqə qazanmışlar. Final yarışları bu gün keçiriləcəkdir.

Boksçu Elvin Məmişzadə dörddəbir finalda özbəkistanlı rəqibinə ­uduzaraq fəxri kürsünün bir addımlığında mübarizəni dayandırmışdır.

Gürcüstan ağırlıqqaldıranlarının
ikiqat müvəffəqiyyəti

Olimpiadanın ağır atletika yarışlarında Gürcüstan təmsilçiləri bir çəki dərəcəsində iki medal qazanmışlar. Laşa Talaxadze 105 kq-dan yuxarı çəkidə iki hərəkətin cəmində 473 kq nəticə göstərərək (birdən- 215, təkanla – 258 kq) həm çempion olmuş, həm də yeni dünya və Olimpiya rekordu müəyyən etmişdir.   Maraqlıdır ki, bu çəki dərəcəsində üçüncü yeri də Gürcüstan nümayəndəsi tutmuşdur. İrakli Turmanidze iki hərəkətin cəmində 448 kq (207+241) nəticə ilə bürünc ­mükafata sahib olmuşdur.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında