Azərbaycan boksçuları və güləşçiləri Olimpiadada medallarının hesabını açdılar

Avqustun 15-də XXXI  Yay Olimpiya Oyunlarının boks və yunan-Roma güləşi turnirlərinin növbəti görüşləri Rio-de-Janeyrodakı nümayəndə heyətimizə iki medalı təmin etdi. Ən azı bürünc mükafata sevinəcək rinq ustası Kamran Şahsuvarlının 75 kq çəki dərəcəsində qazandığı medalın əyarı hələlik qəti məlum olmasa da, yunan -Roma güləşçisi Sabah Şəriəti (130 kq) qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etdi.

Medallara doğru yolda hər iki həmvətənimiz qələbə naminə əlindən gələni etdi, əsl fədakarlıq nümunəsi göstərdi. Şəriəti ən ağır çəkili  "klassiklərin" gərgin mübarizəsində bürünc mükafat uğurunda görüşdə almaniyalı rəqibi Eduard Popp üzərində cəmi 107 saniyə ərzində vaxtından əvvəl qələbə qazanıb, Rio -2016-da Azərbaycan güləşçilərinin medallarının hesabını açdı. Bununla da Olimpiadada yığma komandamızın mükafatlarının sayı 3-ə çatdı.

Bu  çəki dərəcəsində Oyunların çempionu adını finalda türkiyəli Rza Qayaalpa qalib gələn kubalı Mixain Lopes qazandı. Daha bir bürünc mükafat isə Sergey Semyonova (Rusiya) təqdim olundu.

Olimpiada rinqində ardıcıl üçüncü döyüşdən qalib ayrılan Kamran Şahsuvarlı qazaxıstanlı Janibek Alimxanlı ilə ağır mübarizədə çətin, lakin çox mühüm qələbə ilə özünə və bütün Azərbaycana ən azı bürünc medalı təmin etdi. Dörddəbir finalda qazanılmış bu qələbə boksçumuzu yarımfinala çıxarmışdır. Kamran Olimpiadada rəqiblərinin ad-sanından çəkinməyərək əsl qələbə əzmi ilə  döyüşür. İndi Şahsuvarlı uğurlarını avqustun 18-də Kuba boksçusu Arlen Lopes ilə yarımfinal görüşündə davam etdirməyə, bürünc medalı gümüş mükafata çevirməyə çalışacaq.

Həmin axşam daha iki dəri əlcək ustamızın görüşlərini izləmək imkanı qazandıq. Olimpiadada çıxışlarına səkkizdəbir finalda Qazaxıstan təmsilçisi Oljas Sattıbayev üzərində qələbə ilə başlayan Elvin Məmişzadə (52 kq) artıq dörddəbir finaldadır və daha bir qələbə ona da ən azı bürünc medalı təmin edəcək.

Qadın boksçumuz Yana Alekseyevna isə təəsssüf ki, elə ilk döyüşdə Çin idmançısına uduzub Olimpiya rinqi ilə vidalaşmalı oldu.

Əvəzində digər qadın idmançımız -avarçəkən İnna Osipenko Radomskaya ümidləri doğrultdu. O, 200 metr məsafəyə yarışda yaxşı hazırlıq nümayiş etdirərək yüksək nəticə ilə final startlarına vəsiqə qazandı.

Dünən Azərbaycanın üç idmançısı Olimpiada sınaqlarının iştirakçısı olmuşdur. Yunan-Roma üsulu ilə güləşən Rəsul Çunayev 66 kq çəki dərəcəsində çıxışlarına 1/16 finalda kubalı Migel Palasio Martinesə qarşı görüşlə başlamış, İnna Osipenko-Radomskaya avarçəkənlərin 200 metr məsafəyə final yarışlarında medallar uğrunda mübarizəni davam etdirmiş, boksçu Lorenso Sotomayor (64 kq) dörddəbir final görüşündə rinqə çıxmışdır.

Ölkələr və medallar

Avqustun 16-dək Olimpiada -2016 -da 72 ölkə medal qazanmışdır. Azərbaycan siyahıda 2 gümüş və  1 bürünc mükafatla 51-ci mövqedədir (Şahsuvarlının hələlik siyahıda əksini tapmayan bürünc mükafatını yadda saxlayırıq).

ABŞ-ın (26 qızıl, 23 gümüş, 25 bürünc medal) başçılıq etdiyi cədvəldə birinci beşliyə həmçinin Böyük Britaniya (16+17+8), Çin (15+14+17), Rusiya (11+12+12) və İtaliya (8+9+6) daxildirlər.

Cədvəldə Azərbaycanın ən yaxın qonşuları Ukrayna  4 gümüş, 1 bürünc, Türkiyə 2 gümüş, Litva 1 gümüş, 2 bürünc, Gürcüstan 1 gümüş, 1 bürünc medal qazanmışlar. Olimpiada sahibləri Braziliya idmançıları 1 qızıl, 3 bürünc və 4 gümüş mükafatla 32-ci yerdədirlər.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının iştirakçıları idmanın 28 növündə mübarizə aparırlar və onlar üçün 306 dəst medal hazırlanmışdır.

Taekvondoçularımız
starta çıxırlar

Bu arada Olimpiadanın taekvondo yarışlarının püşkü atılmış və Azərbaycan idmançılarının ilk rəqibləri məlum olmuşdur.

Təmsilçilərimizdən birinci olaraq mübarizəyə 49 kq  çəki dərəcəsində çıxış edən Patimat Abakarova başlayacaq. Avqustun 17-də o, ilk görüşdə serbiyalı Tijana Boqdanoviçlə qarşılaşacaq.

Ertəsi gün Milad Beiqi Hərçəqani (80 kq) Mali idmançısı İsmael Kulibali ilə görüşəcək, Fəridə Əzizova (67 kq) isə Peyç Makfersonu (ABŞ) sınağa çəkəcək.

Nəhayət, avqustun 19-da Radik İsayev (80 kq-dan yuxarı çəki dərəcəsi) qazaxıstanlı Ruslan
Japarovla üz-üzə gələcək.

Rusiyanın boksda
ilk qızıl medalı

Rio-2016-da Rusiya boksçularının komandası özünün ilk qızıl medalına 91 kq çəki dərəcəsində sahib olmuşdur. Oyunların çempionu adını Yevgeni Tişenko qazanmışdır. O, həlledici final görüşündə Qazaxıstan nümayəndəsi Vasili Levitə qalib gəlmişdir.

Bürünc medallar isə Özbəkistan boksçusu Rüstəm Tulaqanov və kubalı  Erislandi Savona təqdim olunmuşdur.

Braziliyalı çempionun Olimpiya rekordu

Belarus Teleqraf Agentliyinin (BELTA) kişilərin hündürlüyə tullanma yarışlarının qalibi braziliyalı Tiaqo da Silvanın nailiyyəti barədə xəbərində bildirilir ki, qızıl medal qazanmış çempion yeni Olimpiya rekordu müəyyən etmişdir – 6 m
 03 sm.

Gümüş və bürünc mükafatları isə müvafiq surətdə fransız Reno Lavinyu (5 m 98 sm) və ABŞ idmançısı Sem Kendriks (5 m 85 sm) qazanmışlar.

 Finalın astanasında

Olimpiadada maraqla izlənilən daha bir neçə növ üzrə yarışlar haqqında. Həm kişilərin, həm də qadınların futbol turnirləri artıq finalın astanasındadır.

Kişilərin yarışında yarımfinalda Braziliya Hondurasla, Nigeriya isə Almaniya ilə qarşılaşacaq. Bu günə təyin edilmiş yarışların yarımfinal görüşlərinin qalibləri avqustun 21-də öz aralarında keçirəcəkləri final matçında Olimpiadanın çempionunu müəyyənləşdirəcəklər.

Qadın komandalarının turnirində isə yarımfinala Braziliya, İsveç, Almaniya və Kanada futbolçuları çıxmışlar.  Yarımfinallar ­(Braziliya -İsveç, Almaniya-Kanada) dünən keçirilmişdir. Final görüşü avqustun 20-də oynanılacaq.

Voleybolda kim
çempion olacaq?

Voleybolçu qadınların yarışlarında ən güclü səkkiz komanda sırasında mübarizəni davam etdirmək hüququnu Braziliya, Çin, Koreya Respublikası, Hollandiya, Rusiya, Serbiya, Yaponiya və ABŞ yığmaları qazanmışlar. Dörddəbir final mərhələsi görüşlərinə bu gün yekun vurulacaq və yarımfinalçılar məlum olacaq.

Kişilərdən ibarət komandaların turnirində isə dörddəbir finalda İtaliya, İran, ABŞ, Polşa, Kanada, Rusiya, Braziliya və Argentina voleybolçuları yollarına davam edirlər. Onların görüşləri bu gün və sabah keçiriləcəkdir.

Oqtay BAYRAMOV,  "Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında