Kimi yarımfinal, final sevinci yaşayır, kimi də Olimpiada ilə vidalaşır

Rio-de-Janeyro Olimpiadası – 2016 ­proqramında avqustun 14-nə təyin edilən yarışlardan yunan-Roma güləşi və boks turnirləri məlum səbəbdən Azərbaycanın idman ictimaiyyətini daha çox maraqlandırırdı. “Klassiklərin” iki çəki dərəcəsində görüşləri ilə güləş yarışlarına start verilmiş, dəri əlcək ustalarının döyüşlərində isə getdikcə vəziyyət aydınlaşır – kimi yarımfinala çıxıb ən azı bürünc medalı özünə təmin edir, kimi də turnirlə vidalaşmağa məcbur olur.

Təəssüf ki, ötən bazar günü xalça üzərinə çıxan iki güləşçimizdən heç birinin fəxri kürsüyə yüksəlmək cəhdi baş tutmadı. Elə boksçu Teymur Məmmədov da yarımfinalın bir addımlığında dayandı. Halbuki həmin gün güləş yarışları bizim üçün pis başlamamışdı. Pekin və London olimpiadalarında yalnız finalda uduzmuş, deməli, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı Rövşən Bayramov (59 kq) Venesuela və ABŞ təmsilçiləri üzərində qələbələrdən sonra hesabda irəli olduğu yarımfinal görüşündə yapon Şinobu Otaya uduzdu, bir qədər sonra isə norveçli Stiq - Andre Berq ilə bürünc medal uğrunda mübarizədən də məğlub ayrıldı. Bununla da Rövşənin olimpiadalarda üçüncü final görüşünün iştirakçısı olmaq, onun saysız-hesabsız pərəstişkarlarının isə bu dəfə qızıl medal sevinci yaşamaq arzusu həyata keçmədi.

Elvin Mürsəliyev (75 kq) də çox uzağa gedə bilmədi. Misirli və qazaxıstanlı rəqiblərlə görüşlərdə müvəffəqiyyətdən sonra dörddəbir finalda Peter Başçinin (Macarısan) öhdəsindən gələ bilməyən güləşçimiz fəxri kürsüdən kənarda qaldı.

Nəticədə, 59 kq çəki dərəcəsində kubalı İsmael Borrero çempion oldu. Gümüş medalı Şinobu Ota, gümüş mükafatları Stiq-Andre Berq və özbəkistanlı Elmurad Tasmuradov qazandılar.

Digər çəkidə (75 kq) isə çempionluq zirvəsinə rusiyalı Roman Vlasov yüksəldi. Gümüş və bürünc mükafatçılar Mark Madsen (Danimarka), Kim Xienvi (Koreya Respublikası), iranlı Murad Advali də fəxri kürsüdə xoşbəxt görünürdülər.

Boksçumuz Teymur Məmmədovun (81 kq) yarımfinalın qapısını açmaq cəhdi baş tutmadı. Dörddəbir finalda qazaxıstanlı Adilbek Niyasimbetovla döyüşdə məğlubiyyət London-2012-nin üçüncü mükafatçısının bütün planlarını və ən azı daha bir bürünc medal qazanmaq ümidlərini alt -üst etdi.

Azərbaycanın boks komandasının digər üzvü Lorenso Sotomayor (64 kq) isə qələbəyə sevinməklə pərəstişkarlarının da ümidlərini artırdı. Səkkizdəbir finalda fransalı Hassan Amzilini məğlubiyyətə uğradan Sotomayor dörddəbir finala vəsiqə ilə kifayətlənmək fikrində deyil, turnirdə mümkün qədər irəli getmək, çıxışlarını fəxri kürsüdə başa vurmaq əzmindədir. Lorensonun özü də görüşdən sonra komanda yoldaşlarından təbrikləri qəbul edərkən deyib ki, ümidvaram, çempion olacağam. Qızıl medal qazanmaq üçün hər gün səylə məşq edir və daha çox çalışıram.

Olimpiadada medal qazanmış ölkələrin siyahısına gəldikdə, avqustun 14-də keçirilən yarışlardan sonra ABŞ komandası cədvəldə özünün lider mövqeyini bir qədər də möhkəmləndirmişdir -- 26 qızıl, 21 gümüş, 22 bürünc mükafat. İkinci -üçüncü yerləri müvafiq surətdə Böyük Britaniya (15+16+7) və Çin (15+13+17) tuturlar.

Hesabında cüdoçular Rüstəm Orucovla Elmar Qasımovun qazandıqları iki gümüş medal olan Azərbaycan onunla eyni nəticə göstərmiş İndoneziya ilə 49-cu yeri bölüşür.

Dünən, XXXI Yay Olimpiya Oyunlarının növbəti yarış günü yeddi idmançımız starta çıxmışdır. Bunlar üç təkanla tullanan Nazim Babayev, avarçəkən İnna Osipenko -Radomskaya, yunan-Roma üsulu ilə güləşənlər Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq), boksçular Elvin Məmişzadə (52 kq), Yana Alekseyevna (60 kq) və Kamran Şahsuvarlıdır (75 kq). Sonuncu dörddəbir finalda Qazaxıstan boksçusu Janibek Alimxanlı ilə görüşmüşdür.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında