Elmar Qasımov: Olimpiya Oyunlarında medal qazanmaq ən böyük arzum idi

Cüdo üzrə milli yığmamız Rioda keçirilən Olimpiya Oyunlarında tarixi nailiyyət qazandı. 6 cüdoçu ilə təmsil olunan komandamızın üzvü Rüstəm Orucovun (73 kq) gümüş medal qazandığını yazmışdıq. Bu, Rio Oyunlarında Azərbaycan yığmasının ilk mukafatı olmaqla yanaşı, həm də olimpiadalar tarixində cüdo üzrə ilk "gümüş", ümumilikdə isə 29-cu medal idi. Komandamızın daha bir üzvü Elmar Qasımov (100 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmalarda finala qədər inamla irəlilədi. Düzü, final görüşündə də onun qələbə üçün böyük şansı var idi. Lakin görüşün gedişində yorğun görünən idmançımız qarşılaşmanın qurtarmasına cəmi 24 saniyə qalmış ipponla məğlub oldu və gümüşlə kifayətləndi.

Doğrudur, çəkisində liderliyini qoruyub saxlayan idmançıdan qızıl medal gözləyirdik. Amma bu, Olimpiya Oyunlarıdır və burada hər kəsə medal qazanmaq qismət olmur. Bunu da nəzərə alaq ki, iki çəkidə mükafat qazanmaq ən inkişaf etmiş cüdo ölkəsinin komandası üçün belə böyük nəticədir.

Yığmamızın aktivinə ikinci "gümüş"ü yazdıran Elmar Qasımovla əlaqə saxlayıb, "Xalq qəzeti" üçün fikirlərini qələmə aldıq. Olimpya tatamisinin qəhrəmanı ona bəslənilən ümidlərə və göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirdi. Tatami üzərinə yarışlara tam hazır vəziyyətdə çıxdığını söyləyən idmançı yarımfinala qədər qarşılaşmaların çox rahat keçdiyini, ukraynalı rəqibi Artyom Bloşenkoya qalib gəlmək üçün isə var gücü ilə mübarizə apardığını qeyd etdi: Finala qədər az vaxt qaldığından bu, bərpa üçün kifayət etmədi. Rəqib yalnız fiziki  dözümlülüyü ilə məni üstələdi.

Olimpiya Oyunlarında medal qazanmaq ən böyük arzum idi. Düşünürəm ki, komanda yoldaşlarım əzmlə mübarizə apardılar. Onların hər biri medal qazana bilərdi. Şübhəsiz, ən güclü tatami ustalarının güclərini sınadığı belə möhtəşəm yarışda ən xırda bir səhv belə həlledici məqamda öz təsirini göstərir.

Qeyd edək ki, Elmar 2009-cu ildə gənclərin qitə çempionatında – Yerevanda qələbəni məhz bu idmançı üzərində qazanmışdı.

Olimpiya çempionu Nazim Hüseynov cüdo komandamızın onlara bəslənilən ümidləri doğrultduğunu dedi. Komandamızın digər üzvləri – Orxan Səfərov, Nicat Şixəlizadə, Məmmədəli Mehdiyev və Uşanqi Kokourinin də medal qazanmaq şanslarından danışdı və qeyd etdi ki, bu idmançıların hər biri nüfuzlu yarışlarda öz sözlərini demişlər.

"Müstəqillik tariximizin yeddinci Olimpiadasında ilk iki "gümüş" məhz cüdodan gəldi. Bu, Azərbaycan cüdoçularının geniş potensiala malik olduğunu göstərir. Şübhəsiz, komandanın yüksək səviyyədə hazırlıq keçməsi də öz sözünü dedi", – deyə Olimpiya çempionu əlavə etdi.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində əldə edilmiş cüdo üzrə ilk Olimpiya "qızılı" idman tariximizə qızıl hərflərlə yazılıb. Dünya şöhrətli Nazim Hüseynovdan 16 il sonra – artıq həm də müstəqil ölkə kimi təmsil olunduğumuz Pekin Olimpiadasında Elnur Məmmədli daha bir qızıl, Mövlud Mirəliyev bürünc medal qazanmışdılar.

Qeyd edək ki, 2018-ci ildə cüdo üzrə dünya çempionatı ölkəmizdə keçiriləcək. Dünya çempionatının paytaxtımızda keçirilməsini Yaponiyada təşkil olunacaq Olimpiya Oyunlarına sınaq kimi də dəyərləndirmək olar. Növbəti Olimpiya Oyunlarında – Tokioda cüdoçularımızdan daha böyük uğurlar gözləyirik.

Leyla QURBANOVA,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında