Azərbaycan güləşçiləri Olimpiadada çıxışlarına başlayırlar

Rio-de-Janeyrodakı yığma komandamızın 1 nömrəli zərbə qüvvəsi də məhz bu növün nümayəndələridir

Rio-2016 Olimpiadasının medalları uğrunda mübarizə aparmaq növbəsi, nəhayət, güləşçilərə də çatmışdır. Artıq bu gün, avqustun 14-də yunan-Roma güləşçiləri "münasibətləri aydınlaşdırmaq", XXXI Olimpiya Oyunlarının çempion və mükafatçılarını müəyyənləşdirmək üçün xalça üzərinə dəvət olunacaqlar. Güləş isə növündən asılı olmayaraq, həmişə olimpiadalarda bizim əsas ümidimiz və medal yarışında 1 nömrəli silahımız olmuşdur. İndi Braziliyada da belədir.

Azərbaycanlı güləş ustaları Rio sahillərinə 14 nəfərdən ibarət (6 sərbəst, 5  yunan-Roma güləşçisi və 3 qadın) heyətlə getmişlər. Onların sıralarında artıq olimpiadalarda böyük qələbələrin, medalların sevincini yaşamış mahir ustalar az deyil. Ona görə də gözləntilərimiz böyükdür.

Rio -de--Janeyroda  güləş yarışlarına bu gün "klassiklərin" görüşləri ilə start veriləcək. Üç gün davam edəcək turnirə Azərbaycan nümayəndələri beş lisenziya qazanmışlar. Təmsilçilərimizdən birinci olaraq yarış meydanına müvafiq surətdə 59 və 75 kq çəki dərəcələrində çıxış edən Pekin və London olimpiadalarının gümüş mükafatçısı Rövşən Bayramov və Elvin Mürsəliyev çıxacaqlar. Ertəsi gün Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130kq) mübarizəyə qoşulacaqlar. Nəhayət, avqustun 16-da Rəsul Çunayev
(66 kq) Olimpiya Oyunlarında Azərbaycanı sevindirmək üçün bütün qüvvə və bacarığını səfərbərliyə alacaq. Onların və komanda yoldaşlarının hər bir görüşü ölkəmizdə böyük maraq və xoş bir həyəcanla gözlənilir.

 

İki gümüş medalla komanda hesabında 12-ci yer

 

Bu nəticəni cüdoçularmız göstərmişlər. Olimpiya Oyunlarına altı nəfərlə yola düşən Azərbaycanın tatami ustaları komanda hesabında neçə-neçə ölkə arasında on ikinci yeri tutmuşlar. Yığmamız Gürcüstan, Qazaxıstan, Kuba, Monqolustan, Çin və bir çox başqa dövlətlərin komandalarını qabaqlamağa müvəffəq olmuşdur.

Rio-2016-da Rüstəm Orucovla (73 kq) Elmar Qasımovun (100 kq) ­gümüş medalları Azərbaycan cüdo məktəbi yetirmələrinin Olimpiya Oyunlarında artıq dördüncü və beşinci mükafatlarıdır. İndiki Olimpiadayadək həmvətənlərimizin hesabında 1992 -ci ildə Barselonada (İspaniya) Nazim Hüseynovun, Pekin-2008-də Elnur Məmmədlinin qazandıqları qızıl mükafatlar və Çin Xalq Respublikasının paytaxtında digər tatami ustamız Mövlud Mirəliyevə təqdim olunmuş bürünc mükafat var idisə, indi onların siyahısına iki gümüş medal da əlavə olunub. Orucovla Qasımovun hazırkı müvəffəqiyyətinin London -2008 -dəki uğursuzluqdan sonra xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, həqiqətən, Rio-de-Janeyroda göstərilmiş nəticə böyük irəliləyişdir.    Orxan Səfərovun (beşinci yer) 60 kq çəki dərəcəsində mübarizəni fəxri kürsünün bir addımlığında dayandırdığını da unutmamışıq.

Onu da fərəhlə qeyd etmək olar ki, Olimpiada ərəfəsində keçirilmiş Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclasında 2018-ci ildə bu növ üzrə dünya çempionatının Bakıda təşkilinə qərar verilmişdir. Yüksək etimaddır!

 

Şahsuvarlı əzmkarlığı

 

Avqustun 12-dən 13-nə keçən gecə teleekranlarımızda Olimpiya rinqində Azərbaycan boksçularının iki görüşünü izlədik. Əvvəlcə yığmamızda medallara real namizədlərdən hesab olunan, amma təəssüf ki, Fransa boksçusu Sofian Oumixa ilə görüşdə məğlubiyyətlə barışıb. Olimpiadada çıxışlarını erkən başa vuran Albert Səlimovun (60 kq) uğursuzluğuna təəssüfləndik, sonra isə 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlının rusiyalı Artyom Çebotaryov ilə görüşdə özünü itirməyib, qazandığı layiqli qələbəyə sevindik.

 Gənc və beynəlxalq rinqdə o qədər də çox təcrübəsi olmayan azərbaycanlı dəri əlcək ustası Olimpiadada yoluna inamla davam edir. Təmsilçimiz artıq dörddəbir finaldadır və yarımfinalın astanasında onu avqustun 15-də qazaxıstanlı rəqiblə görüş gözləyir. Qələbə bizə ən azı bürünc medalı təmin  edəcək. Bunun naminə yenə var qüvvə ilə, fədakarlıqla döyüşməyə dəyər.

Daha bir boksçumuz isə dünən Bakı vaxtı ilə gecəyarısı rinqə çıxmışdır. Ən ağır çəkili rəqiblərin yarışında Məhəmmədrəsul Məcidov qazaxıstanlı İvan Dıçko ilə qarşılaşmışdır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında