11 avqust – Azərbaycan olimpiyaçıları üçün qızıla bərabər bir gün

Bu dəfə günün qəhrəmanı tatami ustası Elmar Qasımovdur

Hələ Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının startı ərəfəsində Azərbaycan cüdoçularının yarış təqvimi və altı təmsilçimizin məhz hansı günlərdə tatami üzərinə çıxacaqları, Elmar Qasımovun çıxış etdiyi 100 kq çəki dərəcəsində medalların taleyinin avqustun 11-də həll olunacağı məlum olduqda Pekin -2008-i və London-2012-ni xatırladıq. Amma bu barədə bir qədər sonra. Əvvəlcə Elmarın nailiyyəti haqqında.

Əfsanəvi Pelenin vətənində Azərbaycana Olimpiada - 2016 -nın  ikinci gümüş medalını qazandırmış Qasımov hər dəfə böyük yarışlarda mübarizəyə başlayarkən 2009-cu ilin sentyabr ayı yada düşür. Yeddi il əvvəl payızın birinci ayında gənc və istedadlı cüdoçumuz İrəvanda keçirilən gənclər arasında Avropa çempionatının sonuncu günü bütün rəqiblərinə qalib gəlmiş və onun qələbəsi şərəfinə idman sarayında milli bayrağımız yüksəklərə ucaldılmış, komandamız Ermənistanı Azərbaycanın dövlət himninin əzəmətli sədaları altında tərk etmişdi...

İndi, 2016-cı il avqustun 11-də isə dünyanın ən hörmətli, sayılıb-seçilən tatami ustalarından biri olan Elmar Qasımov Rio-de -Janeyroda yarışların şahı, Olimpiya Oyunlarında böyük hünər göstərmiş, komanda yoldaşı Rüstəm Orucovun (73 kq) bir neçə gün əvvəl elə həmin idman sarayında qazandığı müvəffəqiyyəti təkrar etmiş və fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etmişdir.

Bu böyük müvəffəqiyyətə aparan yol isə asan olmadı. Artıq startda, 1/16 finalda rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevin bir daha çempion olmaq istəyinin qarşısı bacarıqla alındı. Bununla da Elmar finala bərabər görüşdə tezliklə bayram edəcəyi möhtəşəm qələbənin əsasını qoymuş oldu. Növbəti mərhələlərdə isə əlcəzairli Layes Buyakuba, dörddəbir finalda Misir cüdoçusu Ramadan Dərviş, finalın astanası sayılan yarımfinalda Ukrayna nümayəndəsi Artyom Bloşenko da Qasımovun güclü təzyiqinə davam gətirə bilmədilər.

Artıq finala yol açılmış, ən azı gümüş medal təmin olunmuşdu.  Həlledici görüşdə tale çexiyalı Lukaş Krpalekin üzünə gülsə də, gümüş medal da belə böyük sınaq və şöhrət meydanında qızıla bərabərdir.

Bu səbəbdən də Elmar Qasımov özünün növbəti idman qəhrəmanlığı və yüksək nailiyyəti ilə haqlı olaraq fəxr edə bilər. Biz, bütün Azərbaycan da öz növbəmizdə həmişə XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısının əla çıxışı ilə qürur duyacağıq.

Qızıla bərabər, lap elə qızıl gün hesab edə biləcəyimiz 11 avqusta gəldikdə, bu tarixi ona görə yaxşı xatırlayırıq ki, Elnur Məmmədli 2008-ci ildə məhz avqustun on birinci günü Pekin Olimpiadasında tatami üzərində bütün rəqiblərinə qalib gəlib qızıl medal qazanmış, sərbəst güləş ustaları Toğrul Əsgərov və Şərif Şərifov isə London – 2012-də təxminən yarım saatlıq intervalla XXX Olimpiya Oyunlarının çempionu olmuş, Azərbaycana birdən-birə iki qızıl medalın sevincini yaşatmışlar. Deməli, artıq ardıcıl üçüncü Olimpiadadır ki, Azərbaycan idmançıları avqustun 11-də medal qazanırlar. Belə bir günü necə yaddan çıxarmaq olar?

Cüdoçu Elmar Qasımovun uğuruna şad olduğumuz gecə onun Azərbaycan millisindəki komanda yoldaşları da rinqdə növbəti döyüşlərə çıxdılar. Əgər Cavid Çələbiyev (56 kq) qazaxıstanlı Kayrat Yeraliyevə, Pərviz Bağırov (69 kq)  Fransa təmsilçisi Süleyman Diop Sissokoya uduzdularsa, 64 kq çəki dərəcəsində çıxış edən Lorenso Sotomayor Olimpiadada ilk döyüşündə ukraynalı Vladimir Matviyçuka qalib gəldi, Riodakı nümayəndə heyətimizin bayraqdarı Teymur Məmmədov (81 kq) isə hollandiyalı Peter Müllenberqi də məğlubiyyətlə barışmağa məcbur etdi və ardıcıl iki qələbə sayəsində dörddəbir finala çıxdı.

Dünən, Olimpiadanın növbəti yarış günündə Azərbaycan idmançılarından cüdo komandamızda sonuncu təmsilçimiz Uşanqi Kokauri (100 kq-dan yuxarı) yarış meydanına dəvət olunmuş, Ruslan Lunyov güllə atıcılığı turnirində mübarizə aparmış, boksçular Albert Səlimov və Kamran Şahsuvarlı ikinci döyüşlərini keçirmişlər. Bu dəfə onlar müvafiq surətdə fransalı və rusiyalı rəqiblərlə qarşılaşmışlar.

Böyük ümidlərlə gözlədiyimiz güləş yarışlarının start ərəfəsində olduğunu da xatırladaq. Artıq avqustun 14-də 6 sərbəst, 5  yunan-Roma və 3 qadın güləşçimiz Olimpiya medalları uğrunda mübarizəyə başlayacaqlar.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında