Olimpiadanın birinci həftəsi başa çatır

 

Rio-2016-da bu gün keçiriləcək yarışlarla XXXI Yay Olimpiya Oyunlarının birinci həftəsi başa çatacaq. Avqustun 11-nə olan vəziyyətə görə Azərbaycan medal qazanmış 51 ölkənin siyahısında bir gümüş mükafatla 36-cı pillədədir və cədvəldə onunla eyni göstəriciyə malik Türkiyə ilə qonşuluq edir.

Respublikamıza gümüş mükafatı cüdoçu Rüstəm Orucov (73 kq) qazandırmışdırsa, qardaş ölkənin olimpiyaçıları ağırlıqqaldırma yarışlarında fərqlənmişlər. Qəzetimizin artıq xəbər verdiyi kimi, türkiyəli Daniyar İsmayılov 69 kq çəki dərəcəsində çıxış edən atletlərin mübarizəsində iki hərəkətin cəmində 351 kq nəticə göstərərək (birdən- 163 kq, təkanla -188 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlmişdir.

Medalçı ölkələrin nəticələrini əks etdirən cədvəlin ilk üç pilləsində ABŞ (11 qızıl, 11 gümüş, 10 bürünc mükafat), Çin (10+5+8) və Yaponiya (6 + 1 + 11) irəliləyirlər.

Ağır atletika mövzusunda qeydlərimizi davam etdirib Qazaxıstan komandasına Rio-de-­Janeyroda ilk qızıl medalı Azərbaycan idman məktəbinin yetirməsi Nicat Rəhimovun qazandırdığını da diqqətə çatdıraq. Bir neçə il əvvəl Sinqapurda keçirilmiş Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu olmuş Nicat sonralar Qazaxıstana köçmüş və bu ölkənin komandası heyətində çıxış etməyə başlamışdır.

Olimpiadada Rəhimov 77 kq çəki dərəcəsində yarışaraq iki hərəkətin cəmində 379 kq  (165+214) ağırlıq qaldırıb Braziliyada Qazaxıstana ilk qızıl medal qazandırmışdır. Bu münasibətlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Olimpiya çempionuna teleqram göndərərək onu təbrik etmişdir.

Avqustun 10-da keçirilmiş yarışlarda Azərbaycan idmançılarından cüdoçu Məmmədəli Mehdiyev (90 kq) turnirə Avropa Oyunlarının qalibi, dəfələrlə dünya çempionatlarının mükafatçısı rusiyalı Kirill Denisov və braziliyalı Tyaqo Kamalo  üzərində qələbələrlə başlamış, amma sonra dörddəbir finalda Koreya Respublikası təmsilçisi, dünya çempionu Don - Xan Qvaka, təsəlliverici görüşdə isə monqolustanlı rəqibinə uduzub yeddinci yerlə kifayətlənməli olmuşdur.

Boksçumuz Abdulqadir Abdullayev (91 kq) isə gərgin mübarizə şəraitində davam edən dörddəbir final görüşündə özbəkistanlı Rüstəm Taluqanova uduzaraq yarmfinalın bir addımlığında mübarizəni dayandırmışdır.

İdman gimnastikası üzrə çoxnövçülük yarışlarının final mərhələsində medallar uğrunda 24 iştirakçı rəqabət aparmışdır. Azərbaycan gimnastı Oleq Stepko çıxışlarını 22-ci yerdə başa vurmuşdur. Medalları isə Koxei Uramura (Yaponiya), Oleq Vernyayev (Ukrayna ) və Maks Uaytlok (Böyük Britaniya) qazanmışlar.

Azərbaycan idmançıları dünən Olimpiadada çıxışlarını cüdo və boks yarışlarında davam etdirmişlər. Tatami ustası Elmar Qasımov (100 kq) ilk görüşü Bakı vaxtı ilə axşam saatlarında rusiyalı Olimpiya çempionu Tahir Xaybulayevə qarşı keçirmiş, boksçular Cavid Çələbiyev (56 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Teymur Məmmədovun (81 kq) döyüşləri isə gecəyarısına təsadüf etmişdir.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti" 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında