Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Ümidlərimizi doğruldanlar...

Cüdoçumuz səkkiz illik medal həsrətinə "gümüş"lə son qoydu

Müstəqil Azərbaycanın idman tarixinin parlaq töhfələrlə zənginləşdirilməsində cüdonun əhəmiyyətli yeri olmuşdur. Hələ müstəqilliyimizin ikinci ilində - Barselona Yay Olimpiya Oyunlarında cüdo əfsanəsi Nazim Hüseynov Olimpiya çempionu titulunu əldə etməklə idman tariximizdə yeni səhifə açdı.

Xatırladaq ki, o zaman komandamız Müstəqil Dövlətlər Birliyinin tərkibində çıxış etmişdi. İkinci dəfə cüdo üzrə Olimpiya çempionu titulunu Elnur Məmmədli "Pekin-2008"-də qazandı. Pekin Olimpiadasında istedadlı tatami ustası Mövlud Mirəliyev isə komandamızın aktivinə bürünc medal yazdırdı. Təəssüf ki, ötən olimpiadada cüdoda medalımız olmadı. Son bir ildə komandamızın hazırlığı istiqamətində görülən tədbirləri xüsusi qeyd etməliyik. Şübhəsiz, görülən işlər bəhrəsini verdi. Komandamızın ilk medalı cüdodan gəldi.

"Xalq qəzeti"nin ötən saylarında "Rio-de-Janeyro Yay Olimpiya Oyunları: Kimə ümid edirik" sərlövhəli silsilə yazıların birində cüdoçularımızdan uğurlu nəticələr gözlədiyimizi yazmışdıq. Rioya gedəcək idmançıların siyahısında yer alan Rüstəm Orucovun olimpiada ərəfəsində qitə çempionatının baş mükafatına layiq görüldüyünü, bununla da yığmamızın 5 illik qızıl medal həsrətinə son qoyduğunu qeyd etmiş, Rio Oyunlarında əsas medal ümidlərindən biri olduğunu vurğulamışdıq.

İstedadlı tatami ustası yaxşı formada olduğunu sübut etmiş, ona bəslənilən ümidləri cəsarətli döyüşləri ilə doğrultmuşdur.

Dördilliyin zirvə yarışı olan möhtəşəm Olimpiya Oyunlarında zəif rəqib məfhumu olmur. Təbii ki, Rüstəmi də Olimpiya medalına doğru aparan yol çox çətin oldu. Dünyanın tanınmış cüdoçularını bir-bir döyüşdən uzaqlaşdıran Orucov kifayət qədər gərgin keçən helledici qarşılaşmada yapon cüdoçusu Şohai Onoya qarşı əzmlə mübarizə aparsa da sonda ipponla məğlub oldu.

Rüstəmlə əlaqə saxlayıb, "Xalq qəzeti" üçün fikirlərini qələmə aldıq: "Rəqiblərimin hamısı ilə döyüşlərimdə özümü qələbəyə hazırlayırdım. Onların əksəriyyətini tanıyırdım. Onlar arasında indiyə qədər qarşılaşmadığım cüdoçular da var idi. Ehtiyatı əldən verməmək üçün, diqqətimi bir an belə yayındırmamağa çalışırdım. Təbii ki, həlledici qarşılaşmam barədə mənə daha çox suallar verirlər. Yapon idmançısı Ononun finala çıxacağını güman edirdim. O cüdo aləmində güclü rəqiblərdən sayılır. Onunla artıq bir dəfə gücümü sınamışdım. Həmin qarşılaşmadan məğlub ayrılmışdım. Bu dəfə Ono ilə döyüşə xüsusi texnika ilə hazırlaşırdım. Rəqibim güclü olsa da, ona qalib gələcəyimə inanırdım. Sadəcə, o məni qabaqladı. Şübhəsiz, döyüşdə tətbiq edilən fəndləri məşqçilərimlə nəzərdən keçirəcəyik. Onunla növbəti qarşılaşmalarımda bütün bunları nəzərə alacağam”.

Olimpiya Oyunlarında qazandığın nəticədən razısanmı? – sualına isə belə cavab verdi: “Komandamızın aktivinə gümüş medal yazdırdığım üçün çox sevinirəm. Azərbaycan Respublikasının bayrağının yüksəklərdə dalğalandığını gördükdə qürur duydum. Əlbəttə, qızıl medalın bir addımlığında büdrəmək istəməzdim. Amma ruhdan düşmürəm. Cüdonun vətənində keçiriləcək növbəti Olimpiya Oyunlarında qızıl medal almaq üçün öz üzərimdə bundan sonra daha səylə çalışacağam”.

Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsilçimizin uğurlu çıxışı ilə bağlı bunları dedi: Son 9 ayda intensiv hazırlıq öz məntiqi bəhrəsini verdi. Dünyanın bütün qitələrində keçirilən mötəbər lisenziya turnirlərində, yerli və beynəlxalq təlim-məşq toplanışlarında çəkilən zəhmət Olimpiya Oyunlarında mütləq uğur qazandırmalıydı. Cüdo yığmamızda bu yüksək uğur hələ ki, Rüstəm Orucova qismət olub. Növbəti yarışlarda komandamızın digər üzvlərindən də medallar gözləyirik. Fürsətdən istifadə edib, Azərbaycan komandasının bütün üzvlərinə uğurlar arzulayıram.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında