Əvvəlcə Bakı vaxtı ilə axşam saatlarında 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlının Çin Xalq Respublikası boksçusu Minqanq Zao ilə görüşünü izlədik və təmsilçimizin layiqli qələbəsindən zövq aldıq. Hər üç raundda rəqibindən üstün ustalıq nümayiş etdirib daha çox dəqiq və sərrast zərbə endirən təmsilçimiz növbəti mərhələdə yoluna davam etməyə layiq olduğunu inamla sübuta yetirdi.
Bununla da Şahsuvarlı iştirakçısı olduğu ilk Olimpiya Oyunlarına qələbə ilə başladı. İndi Kamranı avqustun 13-də keçiriləcək səkkizdəbir final görüşü gözləyir. Bu mərhələdə onun rəqibi rusiyalı Artyom Çebotaryov olacaq.
Həmin gün digər iki azərbaycanlı rinq ustaları da komanda yoldaşlarından geri qalmadılar. Albert Səlimovla (60 kq) Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) müvafiq surətdə irlandiyalı Oliver Coysu və mərakeşli Məhəmməd Arjaunu məğlubiyyətə uğradıb pərəstişkarlarında növbəti uğurlarımıza inamı daha da artırdılar.
Bir gündə üç döyüşdə üç qələbə ilk növbədə Azərbaycan boksçularının Olimpiada sınaqlarını mükəmməl hazırlıqla qarşılamaq üçün keçirdikləri gərgin məşqlərin nəticəsidir. Bu görüşlərdə onların nümayiş etdirdikləri hazırlıq səviyyəsi və yaxşı düşünülmüş döyüş üslubu belə qənaətə gəlməyə əsas verir ki, yığmamızın üzvləri Rio rinqində medallar uğrunda mübarizədə baş rollardan birini oynamaq əzmindədirlər.
İkinci dövrədə Səlimov Fransa boksçusu ilə döyüşəcək (avqustun 13-də), London Olimpiadası – 2012-nin gümüş mükafatçısı Məcidov isə bundan bir gün sonra köhnə tanışı qazaxıstanlı İvan Dıçko ilə üz-üzə gələcək.
Rinq ustalarının turnirinin əvvəlki günlərində Olimpiadada ilk qələbələrimizi qazanmış Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayevin də (91 kq) ilk səddi uğurla dəf etdiklərini nəzərə alsaq, Rioda mübarizəyə başlayan altı boksçumuzdan beşi start mərhələsini müvəffəqiyyətlə adlamış, təkcə Rüfət Hüseynov (49 kq) mübarizəni dayandırmalı olmuşdur. Elə buradaca xatırlatmaq yerinə düşər ki, Teymurun ikinci dövrədə hollandiyalı Peter Mullenberq ilə görüşü bu gün keçiriləcəkdir.
Yenidən 91 kq-dan yuxarı çəki dərəcəsində qarşıdakı Məcidov-Dıçko görüşü üzərinə qayıtmaq istərdik. Dünən səhər Qazaxıstanın Sports.kz saytındakı xəbərlərlə tanış olarkən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun birinci dövrədə Mərakeş idmançısına qalib gəlməsi və avqustun 14-də qazaxıstanlı İvan Dıçko ilə görüşəcəyi haqqında məlumat diqqətimizi cəlb etdi.
Xəbərin sonunda isə sayt xatırlatmışdır ki, Məcidov 2013-cü ildə Almatıda keçirilmiş dünya çempionatında Dıçkoya nokautla qalib gəlmişdir...
Elə Məhəmmədrəsul da Rio-de-Janeyro rinqində ilk qələbəsindən sonra onu təbrik edib sorğu-suala tutan İdman.com.az saytına müsahibəsində növbəti rəqibi haqqında suala ətraflı cavab vermişdir: – Qazaxıstan idmançısı İvan Dıçko köhnə rəqibimdir. Çox güclü, çox hündür idmançıdır. Onunla döyüşmək mənim üçün çətin olacaq. Bilirəm ki, mənimlə döyüşə çox güclü hazırlaşıb. Amma hər şeyi rinq göstərəcək. Bu idmandır. Biz onunla həmişə dostluq edirik, əlaqə saxlayırıq. Amma rinqdə dostluq olmur. Mən İvanla finalda görüşmək istərdim. İkinci döyüşü onunla keçirəcəyimə təəssüf edirəm. Ona görə yox ki, mən ondan qorxuram, ya da o, məndən. Sadəcə, mən iki dəfə onunla döyüşmüş və yolunu kəsmişəm. Bu dəfə də çalışacağam onun yolunu kəsim. Təəssüf ki, püşkə əsasən başqa variantım yoxdur. Hər kəs özü üçün döyüşür.
Cüdo turniri finişin astanasında
Olimpiadanın cüdo turnirinin növbəti yarış günündə tatami ustaları 81 kq çəki dərəcəsində qalib və mükafatçıları müəyyənləşdirmişlər. Azərbaycan komandasının təmsil olunmadığı bu çəkidə Oyunların qızıl medalını Rusiya idmançısı Xasan Xalmurzayev qazanmışdır. Çempion finalda Trevis Stivensə (ABŞ) qalib gəlmişdir.
Bürünc medallar Yaponiya cüdoçusu Takaneri Naqase və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndəsi Sercio Tenuya təqdim olunmuşdur.
Tatami ustalarının turniri dünən 90 kq çəki dərəcəsində görüşlərlə davam etdirilmişdir. Bizim Məmmədəli Mehdiyev də yarış meydanına dəvət olunmuşlur. Bu gün və sabah isə Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (100kq-dan yuxarı) ustalıqlarını nümayiş etdirəcəklər.
Təəssüf ki, bir xoşagəlməz hadisə haqqında da danışmaq lazım gəlir. Rambler-in Yahoo Sports-a istinadla yaydığı xəbərə görə, Rio Olimpiadasında 73 kq çəki dərəcəsində (həmvətənimiz Rüstəm Orucovun gümüş mükafatçı olduğu çəkidə-Red.) bürünc medal qazanmış belçikalı cüdoçu Dirk van Tixelt özünün bu uğurunu Kopakabana çimərliyində bayram etməyə gedib, amma burada soyğunçularla rastlaşıb.
Mənbənin bildirdiyinə görə, soyğunçular 32 yaşlı idmançının üzünə bir neçə zərbə endirmiş, sonra da mobil tetlefonunu əlindən almışlar. Ancaq onlar belçikalıdan Oyunlar -2016-nın medalını ala bilməmişlər.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.