Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında növbəti yarış günündən sonra, avqustun 9-da səhər saatlarında Olimpiadada medal qazanmış ölkələrin yenilənmiş siyahısına nəzər salan azərbaycanlı idman həvəskarları bir qədər rahat nəfəs ala bilərdilər. Cüdoçuların turnirində 73 kq çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində Rüstəm Orucova təqdim olunmuş gümüş medal ölkəmizi siyahıda çoxlarının qibtə etdiyi 32-ci mövqeyə çıxarmışdır.
Olimpiadada keyfiyyətindən asılı olmayaraq hər bir medalın qiyməti çox yüksəkdir. Rüstəmin müvəffəqiyyəti onun təmsil etdiyi ölkənin iki yüz beş dövlətin komandalarının kəskin rəqabətində hələlik medal qazanmış cəmi 38 ölkə sırasına daxil olmasına imkan yaratmışdır.
ABŞ komandasının (5 qızıl, 7 gümüş, 7 bürünc medal) liderlik etdiyi cədvəldə sonrakı iki yeri tutan Çin 5 qızıl, 3 gümüş, 5 bürünc, Avstraliya isə 4 qızıl, 3 bürünc mükafata sahib olmuşlar.
Siyahıda keçmiş sovet respublikalarından Azərbaycandan başqa, daha beş ölkənin adları vardır: 7. Rusiya (2+5+3), 25.Qazaxıstan (1 gümüş, 2 bürünc), 26. Ukrayna (1 gümüş, 1 bürünc), 33. Özbəkistan (2 bürünc), 37. Gürcüstan (1bürünc mükafat).
Ən başlıcası isə, Azərbaycan olimpiyaçıları Rioda medallarının hesabını açmışlar və tatami üzərində qazanılmış gümüş mükafat onları digər növlərdə də qələbə və medallara ruhlandıracaq.
Bir qədər dərindən düşündükdə, həqiqətən, Orucov Azərbaycan üçün çox böyük iş görmüşdür. Bu səbəbdən də Rio - de-Janeyro Yay Olimpiya Oyunlarının azərbaycanlı qəhrəmanı möhtəşəm müvəffəqiyyətdən dərhal sonra elə "hadisə yerindəcə" rusiyalı həmkarlarımıza verdiyi müsahibədə Olimpiadanın gümüş medalından razı qalması haqqında məmnuniyyətlə söhbət açmışdır. Bu il Kazanda Avropa çempionatının qalibi olmuş cüdoçumuz müsahibəsində deyib ki, bu iştirak etdiyim ikinci Olimpiya Oyunları və qazandığım ilk medaldır: Mən gümüş medala çox şadam. Ona görə ki, dörd il əvvəl də pis formada deyildim, lakin erkən mərhələdə, səkkizdəbir finalda turnirin gələcək qalibi rusiyalı Mansur İsayevə uduzdum. İndi də Olimpiadaya yaxşı formada gəlmişəm. Bu gün sahib olduğum medaldan razıyam. İndi əsas məqsədim 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında qızıl medal qazanmaq olacaq.
Rüstəm Orucovun Rio-2016-da uğurundan sonra Olimpiya Oyunlarında medal qazanmış azərbaycanlı tatami ustalarının sıraları bir qədər də genişlənmişdir. Xatırladaq: 1992-ci ildə Barselonada (İspaniya) XXV Olimpiadada Müstəqil Dövlətlər Birliyinin yığma komandası heyətində çıxış etmiş Nazim Hüseynov çempion olmuş, Pekin-2008-də birdən- birə iki cüdoçumuz fərqlənmişdir. Özü də artıq müstəqil komandanın təmsilçiləri kimi. Elnur Məmmədli Çin Xalq Respublikasının paytaxtında Azərbaycana qızıl, Mövlud Mirəliyev bürünc medal qazandırmışlar.
İndiki Olimpiadada isə Rüstəm Orucov ölkəmizin cüdo məktəbinin tarixinə yeni səhifə yazmışdır. Didar Hamza (Qazaxıstan), Ceyk Bensted (Avstraliya), dörddəbir finalda London Olimpiadasının gümüş mükafatçısı macar Mikloş Unqvari, yarımfinalda Avropa Oyunlarının qalibi israilli Saqa Muki üzərində ardıcıl qələbələr azərbaycanlı tatami ustası Rüstəm Orucovun cüdo aləmində onsuz da yüksək nüfuzunu daha da artırdı. O, finalda iki dəfə dünya çempionu, yaponiyalı Şoşei Oniyə uduzsa da, avqustun 8-dən 9-na keçən gecə qazanılmış gümüş medal uşaqdan tutmuş böyüyədək bütün Azərbaycan vətəndaşlarına hədsiz sevinc gətirdi. Orucovun medalı həm də Azərbaycan nümayəndə heyətinin Olimpiada-2016-da ilk mükafatıdır. Deməli, istedadlı tatami ustası Azərbaycan cüdo tarixində özünə layiqli yer etmişdir.
Rüstəm Orucov Rioda tatami üzərinə çıxan üçüncü təmsilçimizdir. Ona qədər Orxan Səfərov (60 kq) ardıcıl üç qələbədən sonra yarımfinalda, fəxri kürsünün bir addımlığında büdrəmişdi, Nicat Şıxəlizadə (66 kq) isə artıq ikinci görüşdə uduzub mükafatsız qalmışdı. Buna baxmayaraq, üç nəfərə bir medal yüksək nəticədir. İndi növbə digər üç tatami ustamızındır. Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri də (100 kq-dan yuxarı) dostları Rüstəmin müvəffəqiyyətini bir qədər də inkişaf etdirmək əzmindədirlər.
Cüdoçumuzun Rioda uğuru bir də ona görə çox yerinə düşdü ki, Pekin – 2008-dən fərqli olaraq, London-2012-də biz bu növdə mükafatsız qalmışdıq. Bu gün isə Azərbaycanın idman ictimaiyyəti Olimpiya Oyunlarında ölkəmizin tatami ustalarının növbəti qələbəsinə sevinir.
* * *
Cüdo kimi, boksdan da gözləntilərimiz çoxdur. Teymur Məmmədovun (81 kq) qələbəsindən sonra daha bir dəri əlcək ustasının müvəffəqiyyətinin şahidi olduq. Ötən il birinci Avropa Oyunlarının qalibi olmuş Abdulqadir Abdullayev (91 kq) Olimpiada rinqində çıxışlarına səkkizdəbir finaldan başlamış və Fransa təmsilçisi Pol Omba Bionqoloya qalib gələrək dörddəbir finala çıxmışdır. Bu mərhələdə boksçumuzun rəqibi özbəkistanlı Rustam Tulaqanov olacaq. Qələbə Abdullayevi yarımfinala çıxara bilər. Yaxşı perspektivdir!
Dünən axşam daha üç boksçumuz mübarizəyə qoşulmuşdur. Kamran Şahsuvarlı (75 kq) Çin, Albert Səlimov (60 kq) İrlandiya, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) isə Mərakeş idmançıları ilə görüşmüşlər.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.