Braziliyanın Rio-de-Janeyro şəhərində gündən -günə sürətini artıran və getdikcə daha çox növ üzrə turnirləri əhatə edən XXXI Yay Olimpiya Oyunlarının növbəti yarış günündə Olimpiadanın açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı olmuş boksçu Teymur Məmmədov (81 kq) rinqdə qələbələrinin hesabını açmış və fəxri kürsüyə doğru yolda ilk addım atmışdır.
Dörd il əvvəl London Olimpiadasının bürünc mükafatçısı olmuş Məmmədov Rio -2016-da start görüşündə təcrübəli Ukrayna boksçusu Denis Salonenkonu məğlubiyyətlə barışmağa məcbur etmişdir. Şübhəsiz, birinci mərhələdə müvəffəqiyyət Teymurun öz qüvvəsinə inamını daha da artıracaq və o, növbəti görüşlərdə də rəqiblərindən üstün döyüş tərzi nümayiş etdirdiyini sübuta yetirib finaladək irəliləməyə, Braziliyada çıxışlarını İngiltərə paytaxtındakı kimi fəxri kürsüdə başa vurmağa çalışacaq. İkinci dövrədə boksçumuz Hollandiya təmsilçisi Peter Mullenberqi sınağa çəkəcək. Bu görüş avqustun 11-də keçiriləcəkdir.
İdman gimnastikası ustası Oleq Stepko da Oyunlara yaxşı başlamışdır. Təmsilçimiz çoxnövçülükdə altı alətdə təsnifat yarışlarının yekununda 86, 208 xalla finala vəsiqə qazanmışdır. İndi Stepko ən güclü 24 iştirakçı sırasında mübarizəni davam etdirəcək. Final yarışları avqustun 10-da keçiriləcəkdir.
Akademik qayıqlarda avarçəkənlər Aleksandr Aleksandrov – Boris Yotov dueti təsnifat yarışlarında qarşısında duran vəzifəni yerinə yetirmişdir. Bu duet öz qrupunda finişə ikinci çataraq yarımfinala çıxmışdır. Yure Meqliç isə kanoedə slalom üzrə təsnifat yarışlarında yarımfinala vəsiqə qazanmışdır.
Digər idmançımız Olqa Senyuk kamandan oxatan qadınların təsnifat yarışlarında 64 iştirakçı arasında 37-ci nəticə göstərmişdir. Bu gün o, 1/32 finalda Çin idmançısı Hua Çao ilə yarışda mübarizəni davam etdirəcək.
Cüdoçu Orxan Səfərov (60 kq), təəssüf ki, fəxri kürsünün bir addımlığında məyus olmuşdur. Tatami ustamız Peru, Qırğızıstan və Braziliya nümayəndələri üzərində ardıcıl üç qələbədən sonra yarımfinalda Qazaxıstan idmançısına, bürünc medal uğrunda görüşdə isə yaponiyalı rəqibinə uduzmuş və turniri beşinci yerdə başa vurmuşdur.
Rio-de-Janeyro Olimpiadasının iştirakçıları 306 dəst medal uğrunda mübarizə aparırlar. Avqustun 8-dək 31 ölkə idmançıları fəxri kürsüdə təbrikləri qəbul etmişlər. On yeddi dövlətin nümayəndələri isə qızıl mükafat sevinci yaşamışlar. Dünənki startlaradək medalçı ölkələrin siyahısında liderlər üçlüyünü ABŞ (3 qızıl, 5 gümüş, 4 bürünc mükafat), Çin (3+2+3) və Avstraliya (3 qızıl, 3 bürünc) təşkil edirdi.
Avqustun 8-də Azərbaycanın daha üç idmançısı, cüdoçu Rüstəm Orucov (73 kq), boksçu Abdulqadir Abdullayev (91 kq) və qılıncoynadan Sabina Mikina mübarizəyə qoşulmuşlar.
Olimpiadada baş verən bəzi maraqlı məqamlara da diqqət yetirək. Oyunlar –2016-nın ilk çempionu ABŞ təmsilçisi Virciniya Treşer olmuşdur. O, qadınların pnevmatik tüfəngdən 10 metr məsafədəki hədəfə atəş açmaq yarışlarında qızıl medal qazanmışdır.
Vyetnam idmançısı Hoanq Suan Vin pnevmatik tapançadan 10 metr məsafədəki hədəfə atəş açmaqda Olimpiadanın çempionu olmuş və Vyetnam tarixində öz ölkəsinə Olimpiya Oyunlarının ilk qızıl medalını qazandırmışdır.
Qadınlardan ibarət futbol komandalarının turnirində braziliyalılar həmvətənlərini ardıcıl ikinci inamlı qələbə ilə sevindirmişlər. Bu dəfə onlar İsveç komandasına heç bir ümid yeri qoymamışlar – 5:1. Start turunda isə Braziliya yığması Çin komandasına üç cavabsız qolla qalib gəlmişdi.
"Mənim vəzifəm qızıl medal qazanmaqdır"
Bu sözlər Azərbaycanın boks üzrə yığma komandasının üzvü Albert Səlimova məxsusdur. Keçmiş dünya çempionu, iki dəfə Avropa çempionatlarının qalibi, ötən il Bakıda təşkil edilmiş birinci Avropa Oyunlarının çempionu Səlimov Rio-de-Janeyroda ondan müsahibə almış Rusiyanın “R – Sport” agentliyinin müxbiri Oleq Boqatovla söhbətində demişdir ki, Rioda qarşıma maksimum vəzifə qoyulub – 60 kq çəki dərəcəsində qızıl medal qazanmaq. Olimpiadada qələbə idman karyeramı zirvədə başa çatdırmağa imkan verər.
Boksçumuz daha sonra demişdir ki, hazırlıq səviyyəm yaxşıdır. Mən həmişə yarışlar zamanı özümü qələbəyə əsas namizəd kimi hiss edirəm. Ona görə ki, imkanlarımı bilirəm. Düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yer haqqında fikirləşirəm. Rio-de-Janeyroda qızıl medal qazanacağım halda karyeramı başa çatdıracağam.
Göründüyü kimi, A.Səlimov Olimpiadada çıxışlarına yüksək əhval-ruhiyyə ilə başlayır və öz qüvvəsinə, ustalıq səviyyəsinə inanır. Yarışlarda qüvvəyə inam isə mühüm şərtdir.
Elə Albertin Azərbaycan milli komandasındakı dostları da Olimpiada sınaqlarına səylə hazırlaşmışlar və onlar da ölkəmizi medalla sevindirmək əzmindədirlər.
Xatırladaq ki, Olimpiya rinqində medallar uğrunda həlledici görüşlər 14-21 avqustda keçiriləcək. Hələlik isə bir həftə ərzində ilkin mərhələlərdə qaliblər müəyyənləşəcək.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.