Azərbaycan olimpiyaçıları medallar uğrunda mübarizəyə başladılar

Avqustun 5-də Braziliya vaxtı ilə saat 20-də, Bakı vaxtı ilə avqustun 6-da 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərinin nəhəng "Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olmuş və dünya idmançılarının on yeddi gün davam edəcək ən ali bayramına rəsmən start verilmişdir.

Oyunların 306 dəst medalı uğrunda 205 ölkənin ən yaxşı atletləri mübarizə aparacaqlar. İndiyə qədər iştirak etdikləri bütün Olimpiya Oyunları ilə müqayisədə bu dəfə daha çox idmançı ilə təmsil olunan Azərbaycanın 56 nümayəndəsi 18 növ üzrə yarışlarda starta çıxacaq və onların hamısı Vətəni layiqincə təmsil etmək üçün əvvəldən axıradək var qüvvə ilə mübarizə aparmaq əzmindədir. Təmsilçilərimizin hər bir qələbəsi, hər medalı ürəyimizdən olacaq, Azərbaycana bir aləm sevinc bəxş edəcək.

Dünən axşam qadın oxatanların yarışı başlanmışdır. Turnirin 64 iştirakçısı arasında Azərbaycan idmançısı Olqa Senyuk da vardır.

Bu gün, avqustun 6-da isə bir neçə növ üzrə turnirlərin iştirakçıları yarış meydanına dəvət olunacaq və bəzi növlərdə Olimpiada-2016-nın ilk qalib və mükafatçıları məlum olacaq.

 

Elmar Qasımov rusiyalı Olimpiya çempionuna qarşı

 

Olimpiadanın proqramında bu günə təyin edilmiş yarışlar arasında cüdo turniri də vardır. Azərbaycanın tatami ustalarından mübarizəyə birinci olaraq Orxan Səfərov (60 kq) qoşulacaq. Cüdoçumuzun ilk rəqibi Peru idmançısı olacaq.

Sonrakı günlərdə isə birinci mərhələdə Nicat Şıxəlizadə (66 kq) İspaniya təmsilçisi ilə üz-üzə gələcək, Rüstəm Orucov (73 kq) Qambiya və ya Qazaxıstan cüdoçusu ilə yarışacaq, Məmmədəli Mehdiyevin (90 kq) rəqibi rusiyalı Kirill Denisov olacaq, Uşanqi Kokauri (100 kq-dan yuxarı) Latviya idmançısı ilə "münasibətləri aydınlaşdıracaq", Elmar Qasımovu isə (100 kq) rusiyalı Olimpiya çempionu Tair Xaybullayevlə görüş gözləyir.

Rusiya cüdoçularının baş məşqçisi, Olimpiada -- 2004-ün bürünc mükafatçısı Xasanbi Taob öz yetirməsinin Qasımovla görüşü ərəfəsində R-Sport agentliyinə müsahibəsində deyib ki, mənim fikrimcə, hər çəki dərəcəsində idmançı hər hansı rəqiblə  yarışmağa hazır olmalıdır. Əlbəttə, güclü rəqiblə finalda görüşmək daha yaxşı olardı. Amma güman edirəm ki, Qasımov üçün də asan olmayacaq. Hər bir cüdoçuda müəyyən zəif yerlər tapmaq olar, qalib gələ bilməyəcəyin idmançılar yoxdur.

Göründüyü kimi, Olimpiya çempionunun məşqçisi Azərbaycan idmançısının imkanlarını yüksək qiymətləndirir.

Onu da qeyd edək ki, cüdoçuların görüşləri 10 minə qədər tamaşaçı tutan "Karioka 2" arenasında keçiriləcək və turnirə avqustun 12-də yekun vurulacaq.

 

Boksçularımızın da ilk rəqibləri məlumdur

 

Rio-2016-da rinqə çıxacaq Azərbaycan boksçuları da start ərəfəsindədirlər. On kişi və bir qadın dəri əlcək ustamızdan altısı ilk görüşlərini bu gün keçirəcək.

Püşkün nəticələrinə görə 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Namibiya, Cavid Çələbiyev (56 kq)  Qazaxıstan, Lorenso Sotomayor (64 kq) Ukrayna boksçuları ilə görüşəcəklər. Kamran Şahsuvarlını (75 kq) Çin, Teymur Məmmədovu (81 kq) Ukrayna, Məhəmmədrəsul Məcidovu (91 kq-dan yuxarı) Mərakeş idmançıları ilə döyüşlər gözləyir.

Digər beş təmsilçimiz Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Yana Alekseyevna (60 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) püşkə əsasən birinci dövrə görüşlərindən azaddırlar.

Boks turniri Olimpiadanın sonuncu günü, avqustun 21-də başa çatacaq.

 

Rioda Azərbaycan Günü

 

Sabah, avqustun 7-də Rio-de-Janeyroda Azərbaycan Günü keçiriləcək.  Bu ənənəvi tədbir zamanı onun iştirakçılarına və qonaqlarına Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafı, eləcə də gələn ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq haqqında geniş məlumat veriləcək.

Braziliya ilk oyunda qol vura bilmədi

Olimpiadada kişilərdən ibarət futbol komandalarının turnirinin qrup mərhələsinin birinci turunda keçirilmiş görüşlər belə nəticələnmişdir: İraq-Danimarka-0:0, Honduras-Əlcəzair-3:2, Braziliya-Cənubi Afrika Respublikası-0:0, Meksika-Almaniya-2:2, Portuqaliya-Argentina-2:0, İsveç-Kolumbiya-2:2, Fici-Koreya Respublikası-0:8, Nigeriya-Yaponiya-5:4 (Bakı vaxtı ilə avqustun 5-də səhər saat 7-də başa çatan qollarla zəngin bu sonuncu oyunu İctimai Televiziyada izləyənlər artıq ilk 10 dəqiqədə hər qapıda iki top görmələrinə təəccüblənməyə bilməzdilər).

Start turunda tərkibində "Barselona"nın super ulduzu Neymarın da çıxış etdiyi Braziliya komandasının CAR yığmasının qapısına heç cür yol  tapa bilməyərək qolsuz heç-heçə ilə kifayətlənməsi bir qədər gözlənilməz olmuşdur.

Turnirdə dörd qrupa bölünmüş 16 komanda yarışır. İkinci turun oyunları avqustun 7-də keçiriləcəkdir.

 

323 milyon dollar qazanc

 

Bir xəbəri də diqqətinizə çatdıraq. TASS-ın bildirdiyinə görə, Rio-2016-nın Təşkilat  Komitəsi yarışlara bilet  satışından 323 milyon dollar məbləğində qazanc götürüb və bununla da bilet satışı planını yerinə yetirib.

Yarışlara biletlərin ən aşağı qiyməti 40 real (12 dollar), maksimal qiyməti isə 1200 realdır (372 dollar). Oyunların açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti 200 realdan (61 dollar) 4,6 min reala qədər (1,4 min dollar) təşkil edir.

Biletlərin 75 faizini Braziliya sakinləri alıblar. Xarici ölkələrdən ABŞ, Fransa, Argentina, Almaniya, Yaponiya, Avstraliya, Böyük Britaniya, Hollandiya, Kanada və Çili sakinləri biletlərə daha çox maraq göstərirlər.

Oqtay BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında