Olimpiya rinqindən zəfər sorağı gözləyirik!

 

Müasir boksa bənzəyən yumruq döyüşlərinin yaranma tarixi ilk cəmiyyətin formalaşması dövrünə təsadüf edir. Vətəni Misir, Babilistan və digər məkanlar olmuş, Antik Olimpiya Oyunlarının proqramında populyarlıq qazanmış boksun adlı-sanlı Olimpiya çempionları arasında məşhur Pifaqorun da adı var. 

Olimpiya Oyunlarının proqramında daimi yerini tutan müasir boks isə XVIII əsrin əvvəllərində İngiltərədə yaranmağa başlamış, oradan bütün dünyaya yayılmışdır. Bu növ üzrə ilk Avropa çempionatı 1924-cü ildə təşkil olunsa da, ilk dünya çempionatı bundan 50 il sonra 1974-cü ildən keçirilməyə başlayıb.  Azərbaycan Boks Federasiyasının təsis edilməsi Beynəlxalq Həvəskar Boks Federasiyasının (FİBA) yaradılması ilə eyni ilə təsadüf edir - 1924.

Azərbaycanda boksun inkişafı SSRİ Əməkdar idman ustası, tanınmış məşqçi Abbas Ağalarovun adı ilə bağlıdır. 1946-cı ildən 1969-cu ilə qədər Azərbaycan Boks Federasiyasına Beynəlxalq dərəcəli hakim, idman ustası Abbas Ağalarov,  1984-cü ildən 2009-cu ilə qədər beynəlxalq dərəcəli hakim, professor Ağacan Abiyev rəhbərlik edib. Hazırda Boks Federasiyasının prezidenti  Kəmaləddin Heydərovdur. Olimpiadalar tarixində Rio-de- Janeyro Yay Olimpiya Oyunlarında ilk dəfə tam heyətlə təmsil olunan komandamız, keyfiyyət baxımından da ən güclü komandalardan biri kimi möhtəşəm oyunlara yola düşdü. Komandamızın indiki tərkibindən söz açmamışdan əvvəl boks tariximizin şanlı səhifələrinə nəzər salaq.

Rinq ustalarımızın əsas uğurları müstəqillik illərinə təsadüf edir.  1992-ci ildə Şotlandiyada keçirilən gənclər arasında Avropa birinciliyində super ağır çəkidə mərhum Ədalət Məmmədovun qızıl medalı,  1993-cü ildə Rövşən Hüseynovun  gənclər və böyüklər arasında qitə çempionluğunu qazanması, bir il sonra Banqokda keçirilən dünya kubokuna sahib olması ilə bu uğurların əsası qoyuldu. 

1999-cu ildə Bakıda keçirilən və Azərbaycan boks tarixində ilk dəfə Avropa birinciliyində yığmamız qitənin əksər güclü komandalarını üstələyərək, 2-ci yerə sahib oldu - (4 qızıl, 1 gümüş və 4 bürünc medal). 2001-ci ildə isə komandamız yeniyetmələr arasında dünya birinciliyində  bu uğurun davamını gətirdi - 2 qızıl, 4 gümüş,  4 bürünc medal qazanaraq, yenidən Rusiyadan sonra 2-ci pilədə qərarlaşdı. Bu illər həm də, idman tariximizdə Bakının hər iki mötəbər boks turnirinə yüksək səviyyədə ev sahibliyi etməsi ilə əlamətdar oldu.  

Olimpiya oyunlarında boks üzrə ilk uğurumuz "Sidney-2000"-də əldə edildi - 75 kq çəkidə Vüqar Ələkbərov bürünc medal qazandı. 2002-ci ildə yığma komandamız sürət tempini qoruyaraq, daha bir uğura imza atdı. Astanada dünya Kuboku turnirində 12 komanda arasında 5-ci yeri tutmağımız çox gözəl bir nəticə idi. Həmin il Avropa çempionatında  54  kq-da  Şahin İmranov gümüş medal qazandı.

2003-cü ildə isə davamlı inkişafın nəticəsi olaraq, boks tarixində dünya çempionatında ən böyük nailiyyət - ilk qızıl medal əldə edildi (Ağası Məmmədov (54 kq)).  Tailandda keçirilən mundialda komandamızın digər üzvləri Ruslan Xairov (69 kq) və Tofiq Əhmədov (64 kq) bürünc medal əldə etdilər. Azərbaycan milli komandası Rusiya,  Kuba, Tailand və Qazaxıstan kimi boks ölkələri ilə birgə ilk beşlikdə yer aldı.

2004-cü ildə isə Olimpiya Oyunları tarixində böyük uğur əldə etdik. "Afina-2004"-də Fuad Aslanov (51 kq),  Ağası Məmmədov (54 kq) bürünc medal qazandılar.

2005-ci ildə Çində keçirilən dünya çempionatını iki gümüş bir bürünc medalla başa vuran komandamız, Moskva rinqində keçirilmiş dünya Kuboku yarışında Rusiya və Kubadan sonra üçüncü pillədə qərarlaşdı.

2006-cı ildə isə Bakıda keçirilən dünya Kuboku yarışlarında Kuba və Rusiyadan sonra Ukrayna ilə birgə 3-4-cü yerləri tutan milli yığmamız, həmin il qitə çempionatında 3 gümüş, 1 bürünc medalla növbəti uğuruna imza atdı. 2007-ci ildə Bakıda keçirilən  yeniyetmələr arasında növbəti dünya çempionatında əldə edilən uğurlar  komandamızı birinci yerə çıxardı - 2 qızıl, 2 gümüş, 3 bürünc medal.

Pekin Olimpiadası da yığmamız üçün uğurlu oldu. Təmsilçimiz Şahin İmranov olimpiadanın bürünc medalını əldə etdi.

Pekin Olimpiadasından sonra boks yığmamızın tərkibində bir sıra dəyişikliklər getmiş, adlı-sanlı boksçularımız karyeralarını başa vurduqlarına görə, onların yerini gənc boksçular əvəz etməyə başlamışdı. 2009-cu ildə gənclər arasında qitə birinciliyində 1 qızıl, iki gümüş, 4 bürünc medal əldə edən yığmamız Rusiyadan sonra ikinci  pillədə qərarlaşdı. Bir il sonra isə  Bakıda gənclər arasında dünya birinciliyində 2 qızıl, 1 bürünc, Avropa çempionatında 1 gümüş medal əldə etdik. 

London Olimpiadasında 6 boksçu ilə təmsil olunmuşduq. Onlardan Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazandılar.

Rio Oyunlarına isə digər olimpiadalarla müqayisədə tərkibində çox təcrübəli rinq ustalarının yer aldığı mükəmməl heyətlə gedirik!

Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev Olimpiadalar tarixində komandamızın boks üzrə ilk dəfə tam heyətlə təmsil olunmasının təsadüfi nəticə sayılmadığını dedi: Ötən 4 il analoji illərdən fərqlənir. Müstəqillik dövründə qazandığımız 5 qızıldan 3-ü məhz, bu dövrdə əldə edilib. Qeyd edim ki, boks ustalarımız komanda hesabında 2011-ci ildə Bakıdakı dünya çempionatında "üçlük"də təmin etdiyi yeri Qazaxıstan və Qətərdə keçirilən dünya çempionatlarında da qoruyub saxladı. Şübhəsiz, bu nailiyyətlər ötən illər boksun inkişafı istiqamətində görülən işlərin bəhrəsidir.

Müstəqillik illərində boks ölkəmizdə inkişafının ən yüksək səviyyəsinə çatmışdır. Boks idman növündə əldə olunan uğurlar bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. 2009-cu ildən başlayaraq boksumuzda daha sürətli inkişafa nail olunub.

Bölgələrdə müasir bazaların inşa edilməsi boks üzrə güclü potensiala malik idmançıların yetişməsinə səbəb olub. Demək olar ki, əksər bölgələrimizdə həm yarışlar, həm də məşqlərin keçirilməsi üçün hər cür imkan var. Bakıda Boks Federasiyası üçün inşa edilmiş bina həm boks zalı, həm yarış, həm də mehmanxana kimi boksçulara xidmət edir. 4 rinqi olan  məşq zalından  sonra 1000-1500 tamaşaçı tutumuna malik yarış zalında Qazaxıstan, Rusiya, Ukrayna və digər boks ölkələrindən  komandaların təlim-məşqləri də keçirilir. Təlim-məşqlərdən sonra, adətən yoxlama yarışları da keçirilir. Qubada, Sumqayıtda, Gəncədə də belə bazalar var. Olimpiya kompleksində müasir tipli boks zalları da yerləşir. Təbii ki, yaradılan şərait komandamızın  dünyanın ən güclü yığmaları sırasında yer almasına səbəb olub. 

Rio Olimpiadasında kişilərin yarışında 10 boksçumuz çıxış edəcək. Afinada 9 boksçu ilə təmsil olunmuşduq. Amma həmin 9 nəfərlik yığma ilə indiki 10 nəfərlik komandamız arasında, həm də keyfiyyətinə görə böyük fərq var.  Komandamızda 10 nəfərdən üçü dünya çempionudur - Elvin Məmişzadə, Cavid Çələbiyev, Məhəmmədrəsul Məcidov (Məhəmmədrəsul Məcidov ikiqat dünya çempionudur). Pərviz Bağırov, Teymur Məmmədov Avropa çempionu, Albert Səlimov Avropa çempionu və dünya çempionatının ikincisidir.  Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov ötən olimpiadaların bürünc mükafatçılarıdırlar. Yığmamız Rio rinqində onlara bəslənilən etimadı doğrultmaq gücündədir.

Sabah Rio Olimpiadasının möhtəşəm açılış mərasimi bütün dünyanı idman ruhuna kökləyəcək. Yarışların ilk günü isə Olimpiya rinqi dünyanın ən güclü boksçularının ixtiyarına veriləcək. Kuba, Rusiya, ABŞ, İngiltərə, İrlandiya, Almaniya, eləcə də, Asiya ölkələrindən Qazaxıstan, Tailand kimi tanınmış boks ölkələrinin komandaları sırasında Azərbaycan yığmasının adını da tez-tez eşidəcəyik. Dünya boks həvəskarları ciddi rəqiblərdən sayılan rinq ustalarımızın mübarizəsini də maraqla izləyəcəklər. Ümid edirik ki, kifayət qədər gərgin və güclü mübarizə şəraitində keçəcək qarşılaşmalarda Olimpiya rinqini fəth edib, adını ən güclülər siyahısına yazacaq yığmaların siyahısında komandamızın adı da yer alacaq.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında