Sevinək, bir-birimizi təbrik etməyə tələsək, Braziliyada XXXI Yay Olimpiya Oyunları başlanır. Təxminən yarım əsr əvvəl əfsanəvi Azərbaycan futbolçusu Anatoli Banişevskinin SSRİ yığma komandası heyətində braziliyalı top sehrbazlarının qapısına vurduğu qola şahidlik etmiş Rio-de-Janeyronun nəhəng "Marakana" stadionunda bu gün Olimpiadanın açılış mərasimi olacaq.
Səbirsizliklə gözlənilən bu mərasim planetin hər yerində hətta ən mühüm siyasi və iqtisadi məsələləri də sıxışdıraraq günün ən əlamətdar hadisəsi kimi sıravi işçlilərdən tutmuş yüksək vəzifəli məmurlara, hətta prezidentlərə, baş nazirlərə, spikerlərə, generallara, sərkərdələrə kimi hamının diqqət mərkəzində olacaq. Ən ali idman bayramının açılış mərasimində Azərbaycan nümayəndə heyəti üzvlərini görəcəyimiz anları həyəcanla gözləyirik.
Ölkəmizdə dövlət səviyyəsində idmana, Olimpiya hərəkatına həmişə xüsusi qayğı ilə yanaşılır, onun əhəmiyyəti yüksək qiymətləndirilir. Dövlətin daimi qayğısı və hərtərəfli köməyi sayəsində Azərbaycan idmanı sürətlə inkişaf etmiş, dünyada ön mövqelərə çıxmışdır. Gündən-günə baş verən xoş dəyişikliklər, qazanılan qələbə və medallar Azərbaycanın beynəlxalq nüfuzunu durmadan artırır.
Bununla əlaqədar ümummilli lider Heydər Əliyev hələ 2002-ci ilin noyabr ayında Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində söylədiyi nitqdə demişdi: "İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir".
Rio sahillərində Olimpiada Azərbaycan idmanı nümayəndələrinin gündən-günə çiçəklənən və möhkəmlənən müstəqil dövlətimizin müstəqil komandası şəklində, öz milli bayrağımızın və dövlət himnimizin müşayiəti ilə iştirak etdiyi altıncı Yay Olimpiya Oyunlarıdır. Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008 və London-2012 bizim üçün çox şərəfli bir tarixə çevrilmişdir. İndi isə Rio-de-Janeyro Olimpiadasında starta çıxırıq. İyirmi il əvvəl okeanın o tayında başlanmış yol Braziliyaya gəlib çatmışdır. Dahi Pelenin vətəninin Cənubi Amerikada Olimpiya Oyunlarının iştirakçılarını qəbul edən ilk ölkə olması isə qarşıdakı ümumdünya idman bayramına xüsusi rəng qatacaq.
Atlantanın idman meydanlarında ilk müstəqil startlarında 1 gümüş medal qazanmaqla komanda hesabında 197 ölkə arasında bizim üçün çox yüksək 61-ci yeri tutan Azərbaycan olimpiyaçıları sonrakı olimpiadalarda daha böyük hünər göstərmişlər. Təmsilçilərimiz Sidneydə 2 qızıl, 1 bürünc, Yunanıstan paytaxtında 1 qızıl, 4 bürünc, Çin Xalq Respublikasında 1 qızıl, 2 gümüş, 4 bürünc, Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olmuşlar. İngiltərə paytaxtında komandamızın tutduğu 30-cu yer böyük nailiyyət idi. Yüz yetmiş dörd ölkə yekun cədvəlində millimizdən geri qalmışdı.
İyirmi ildə beş Olimpiya Oyunlarında həmvətənlərimizə təqdim olunan 26 medal, xüsusən də müstəqil Azərbaycan dövlətinin ilk Olimpiya çempionları Namiq Abdullayev (sərbəst güləş), Zemfira Meftahətdinova (stend atıcılığı), Fərid Mansurov (yunan-Roma güləşi), Elnur Məmmədli (cüdo), Toğrul Əsgərov və Şərif Şərifovun (hər ikisi sərbəst güləş) qızıl mükafatları tayı-bərabəri olmayan qənimətlərdir və bu böyük sərvətin sahibləri kimi biz də həmişə onlarla haqlı olaraq qürur duyuruq.
Maraqlıdır ki, Azərbaycanın iştirakçısı olduğu olimpiadalarda keçdiyi zəfər yolu Atlantada sərbəst güləşdə gümüş medalla başlanmış, bu yolda hələlik sonuncu mükafatlarmız olan iki qızıl medal da Londonda məhz həmin növdə qazanılmışdır. Yadınızdadırsa, İngiltərə torpağında ölkəmizə sonuncu iki medalın sevincini Oyunların finişində "sərbəstlər" Toğrul Əsgərov və Şərif Şərifov yaşatmışlar. Onu da xatırlatmaq maraqlı olar ki, Toğrulla Şərifin qızıl və Xetaq Qazyumovun bürünc medalları Londonda Azərbaycanı güləşin bu növündə onunla eyni nəticə göstərmiş ABŞ yığması ilə birlikdə komanda hesabında zirvəyə yüksəltmişdi. Bunun necə böyük, tarixi nailiyyət olduğunu yəqin ki, heç kimə izah etməyə ehtiyac yoxdur.
Elə indi də sərbəst güləş ustalarımız Azərbaycan nümayəndə heyətinin əsas zərbə qüvvələrindən biridir. Bu komanda Rioya altı güləşçi ilə və ya tam heyətlə getmişdir. Onların hər biri Olimpiadada ümidi doğrultmaq arzusu ilə yaşayır. Hamı yaxşı bilir ki, Olimpiya oyunlarında sərbəst üsulla güləşənlərimizin yaratdıqları xoş ənənəni davam etdirmək lazımdır. Bunun üçünsə avqustun 14-dən 21-dək keçiriləcək turnirdə yüksək hazırlıq səviyyəsi ilə yanaşı möhkəm iradə, yenilməz qələbə əzmi nümayiş etdirmək tələb olunur. Azərbaycanın idman ictimaiyyəti məhz belə olacağına inanır.
Altı sərbəst güləşçi Rio-2016-da Azərbaycanın 56 nəfərdən ibarət yığma komandasının yalnız bir qrupudur. Olimpiadaya tam heyətlə getmək hüququ qazanan təkcə "sərbəstlərin" komandası deyil. Kişilərdən ibarət boks yığmamız, taekvondoçular da mümkün lisenziyaların hamısına sahib olmuşlar. Onlar, eləcə də cüdoçular, yunan--Roma üsulu ilə güləşənlər, qadın güləşçilər, avarçəkənlər, gimnastlar Oyunların medalları uğrunda ən güclü rəqiblərlə bərabər səviyyədə mübarizə aparmağa hazırdırlar.
Belə qənaətə gəlməyimiz üçün ciddi əsas var. Rioda Azərbaycanı təmsil edəcək idmançılardan Olimpiya Oyunlarının çempionları, dünya və Avropa birinciliklərinin qalib və mükafatçıları sərbəst üsulla güləşənlər Toğrul Əsgərov (65 kq), Hacı Əliyev (57 kq), Xetaq Qazyumov (97 kq), "klassiklər" Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), qadın güləşçilər Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (58 kq), rinq ustaları, Rioda Azərbaycan nümayəndə heyətinin bayraqdarı Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), qadın boksçu Yana Alekseyevna (60 kq), taekvondoçular Radik İsayev (80 kq-dan yuxarı), Milad Beiqi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq), Patimat Abakarova (49 kq), cüdoçular Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), avarçəkənlər Valentin Demyanenko, İnna Osipenko-Radomskaya, bədii gimnastikamızın lideri Marina Durunda, idman gimnastı Oleq Stepko kimi Olimpiya medallarına layiqli iddiaçılar vardır.
Valideynləri, dostları, yaxınları, məşqçilər, mütəxəssislər, idman ictimaiyyətimiz Azərbaycan olimpiyaçılarını Rioya böyük ümidlərlə yola salmış və onlara inanır, uğurlar arzulayırlar. Hamı ümid edir ki, Azərbaycan komandası tarixində ən çox-10 medal (2+2+6) qazandığı London Olimpiya Oyunlarında əldə etdiyi hələlik rekord nəticəni Rioda bir qədər də yaxşılaşdıracaq, həmvətənlərimiz Braziliyadan Azərbaycana 10-dan çox medalla qayıdacaqlar. Ölkə idman ictimaiyyətində bu inamı olimpiadalarda ildən-ilə artan uğurlarımız yaratmışdır.
Bu gün Rio-de-Janeyro Olimpiadası haqqında danışıb qələmə aldığımız sətirlərlə təmsilçilərimizə bir növ xeyir-dua verərkən Azərbaycan idmanının dünya şöhrətli bir yetirməsini heç cür xatırlamamaq olmur. Düzdür, güllə atıcısı İradə Aşumova bu dəfə olimpiyaçılar komandamızda yoxdur. Əvəzində o, yarışların şahı sayılan Olimpiya Oyunlarında çox şərəfli bir yol keçmişdir. Bu yol Atlantada başlanmış, sonra Sidney və Afinada davam etdirilmiş və Londonda başa çatmışdır. Rekordçu olimpiyaçımızın keçdiyi yola dünyanın bir çox ölkəsində on minlərlə idmançı həsəd apara bilər. Üstəlik də, İradə xanım Yunanıstan paytaxtında XXVIII Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuşdur.
İndi isə dörd Olimpiadanın iştirakçısı İ.Aşumova Rio startlarında oğlu Ruslan Lunyovun ən fəal azarkeşi olacaq. Ruslan da anası kimi idmanın güllə atıcılığı növünü seçmiş və olimpiyaçı olmaq hüququ qazanmışdır. Ou da qeyd edək ki, ana və oğulun Olimpiya Oyunlarının iştirakçıları olması Azərbaycan idmanında nadir haldır.
Beləliklə, dünya XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsindədir. Biz təmsilçilərimizdən birinci olaraq Rioya cüdoçuların getdiyi barədə xəbər vermişik. Xatırladaq ki, tatami ustalarının görüşlərinə avqustun 6-da start veriləcək və bu növ üzrə Olimpiadanın bütün qalib və mükafatçıları avqustun 12-də məlum olacaq.
Cüdoçular kimi, boksçular da mübarizəyə avqustun 6-da başlayacaqlar. Lakin onların döyüşləri daha çox davam edib Olimpiadanın bağlanış günü, avqustun 21-də finişə çatacaq. Avqustun 14-dək ilkin döyüşlər keçiriləcək, növbəti həftədə isə tədricən medalların sahibləri müəyyənləşəcək.
Avarçəkənlərin də ilk startları avqustun 6-na təyin olunmuşdur. Onların yarışları bir həftə davam edəcək. Sonra isə digər idmançılarımız mübarizəyə qoşulacaqlar.
İndi bütün Azərbaycan nəzərlərini Braziliyaya yönəldir. Dünyanın 205 ölkəsinin ən yaxşı idmançılarını Olimpiya medalları uğrunda kəskin rəqabət gözləyir. Ölkəmiz öz sevimli idmançılarını var qüvvə ilə dəstəkləməyə hazırdır. Hamı da hər hansı bir olimpiyaçımızın medalına öz qələbəsi kimi sevinəcək.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev çıxışlarından birində demişdir: "Azərbaycan dövlətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar".
Vətən Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları olmuş, beynəlxalq aləmdə ona böyük şöhrət qazandırmış öz çempionlarının fədakarlığını və qələbələrini həmişə yüksək qiymətləndirmişdir. Təkcə onu demək kifayətdir ki, Olimpiada-2016-da start ərəfəsində olan idmançılarımızın bir çoxu bu gün sinəsində "Şöhrət" ordeni, "Tərəqqi" medalı gəzdirir, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülmüşdür.
İki gün əvvəl uzaq Braziliyada, Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilmişdir. Azərbaycan idmançıları bayrağımızın şərəfini həmişəki kimi layiqincə qorumaq və altıncı müstəqil Olimpiadamızda daha yüksək nailiyyətlər qazanmaq əzmindədirlər.
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.