Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb

Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, digər rəsmilər, nümayəndə heyətinin üzvləri, o cümlədən federasiyaların rəhbərləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə Braziliyanın milli rəqslərinin ifasından sonra Olimpiya himni səsləndirilib.

Olimpiya Kəndinin meri, basketbol üzrə ikiqat Olimpiya çempionu Janet Alkeyn çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.

Həmin gün Azərbaycan ilə eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypeyinin də bayraqlarının qaldırılması mərasimi keçirilib.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbərləri idmançılarımızın qaldıqları otaqlarla tanış olublar.

Məlumat verilib ki, Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da Azərbaycanın olimpiyaçıları ilə bir binada qalırlar.

Baş nazirin birinci müavini Yaqub Eyyubov, nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzulayıblar.

XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də keçiriləcək. Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 atlet (57 lisenziya) təmsil edir. İdmançılardan 36-sı Olimpiya Oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, üç hakimlə də təmsil olunacaq.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında isə 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.

Ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda – 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında