Gimnastlarımız Olimpiya Oyunlarına qələbə əzmi ilə yola düşüblər

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının  ilk günündə boks, cüdo, oxatma, qılıncoynatma, velosiped və digər yarışlarla yanaşı, idman gimnastlarının mübarizəsinə də start veriləcək.

Avqustun 6-dan 16-na qədər  Rionun HSBC arenasında baş tutacaq gimnastika yarışlarında Azərbaycanı iki gimnast - 2015-ci ilin noyabr ayında Şotlandiyanın paytaxtı Qlazqo şəhərində dünya çempionatında bürünc medal qazanmaqla vəsiqə əldə edən istedadlı gimnastımız Oleq Stepko və 2016-cı ilin aprel ayında Braziliyanın Rio-de -Janeyro şəhərində keçirilən Olimpiya Test turnirində lisenziya qazanan Petro Paxnyuk təmsil edəcəklər. Bədii gimnastika üzrə isə yeganə lisenziyanı 2015-ci ilin sentyabr ayında Almaniyanın Ştutqart şəhərində dünya çempionatında 6-cı yeri tutan Marina Durunda qazanıb. Marinanın mübarizəsi avqustun 19-da başlayacaq.

Qeyd edək ki, gimnastika Azərbaycanda müstəqillik dövründə ən populyar idman növlərindən birinə çevrilib. Müstəqilliyimizin ilk illərində MDB yığmasının tərkibində mübarizə aparan komandamızın üzvü Valeri Belenkinin - "Barselona-1992"-də qazandığı qızıl medalı gimnastika tarixində böyük uğur olsa da, bu uğurun davamını gətirmək çox çətin idi. Daha doğrusu, sovet məktəbinin tərkib hissəsi kimi SSRİ komandasında mübarizə aparmaq üçün idmançıların yetişdirilməsi əsas məqsəd kimi qarşıya qoyulduğu üçün respublikamızda bu sahənin inkişafı üçün şərait yaradılmamışdı.

Yalnız müstəqillik dövründə gimnastikanın inkişaf etdirilməsi üçün mükəmməl baza quruldu. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində gimnastika özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Ölkəmizdə bu sahənin inkişaf etməsi üçün qurulan müasir bazaların, Bakıda, eləcə də bölgələrdə bölmələrin öz fəaliyyətlərini getdikcə genişləndirməsi bu sahəyə istedadlı uşaqların axınını daha da gücləndirdi, kütləviliyi təmin etdi.  Bu sahədə ən böyük uğurlardan biri, doğma divarlar arasında mötəbər yarışların təşkilidir. 2003-cü ildən başlayaraq, Bakıda gimnastika üzrə dünya Kuboku, dünya, qitə çempionatları və digər beynəlxalq turnirlər yüksək səviyyədə təşkil edilir. Dinara Gimatova, Aliyə Qarayeva, Anna Qurbanova, Şakir Şəxəliyev və digər gimnastlar uğurları ilə bu idman növünün inkişafına töhfələr veriblər. 

Yerli bədii gimnastika məktəbinin formalaşması müstəqillik dövründə əsas uğurlarımızdan biridir. İstedadlı qızlarımız hazırda yığma komandamızın baş məşqçisi, bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi altında bu növün incəliklərini öyrənirlər. Ötən 4-5 ildə yeniyetmə gimnastlarımız Avropa və dünyamiqyaslı yarışlarda mükafatçılar sırasında qərarlaşıblar.

Ötən ilin nailiyyətlərinə nəzər salsaq, bu sahədə böyük uğurların əldə edildiyini görərik. Vətənə daha çox medalı bədii gimnastika nümayəndələri gətiriblər - 81 medal. Kişi idman gimnastları 32,  akrobatlar 15, qadın idman gimnastları 11 medal qazanıblar. Batut və aerobika gimnastikasının hər biri üzrə 9 medal əldə edilib. Bu nailiyyətlər arasında iki gündən sonra möhtəşəm Olimpiya Oyunlarında mübarizəsini izləyəcəyimiz Oleq Stepkonun uğurlarını xüsusi qeyd etməliyik.

Sözsüz ki, idmançımız üçün ən mühüm yarışlardan biri ilk Avropa Oyunları olub. Oleq Stepko biri qızıl (paralel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısıdır. Məlumat üçün qeyd edək ki, "Bakı-2015"-də idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən təxminən 180 gimnast iştirak edirdi. Milli Gimnastika Arenasında bir həftə ərzində keçirilən yarışlar zamanı 14 dəst (8-i kişi, 6-sı qadın) medal uğrunda maraqlı mübarizənin şahidi olduq. Oleq Petro Paxnyuk və Eldar Səfərovdan ibarət komandanın tərkibində Avropa Oyunlarının bürünc medalını qazandıqdan sonra, yeni, daha parlaq qələbəyə imza atdı - paralel qollarda hərəkət üzrə ən yüksək nəticə göstərib, (15,733) qızıl medala layiq görüldü. Dayaqla tullanma yarışında isə idmançımız üçüncü nəticə (14,966) göstərərək, ikinci bürünc medalı aldı.   Gümüş medalları gimnastika atı və çoxnövçülük yarışlarında qazandı. Avropa çempionu Stepkonun ötən il daha bir mühüm qələbəsi - müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq paralel qollarda dünya çempionatının bürünc medalını qazanması güclü potensialından xəbər verir. Təbii ki, Oleqin medal qazanacağına böyük ümidlər var.

Ötən ili Oleq kimi Marina da uğurla başa vurub. İlk Avropa Oyunlarında gümüş, qitə çempionatında bürünc medal qazanan gimnastımız Rio Oyunlarında yüksək nəticələr qazanmaq əzmi ilə məşqlərini davam etdirir. Durundanın bu yaxınlarda Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda daha bir qələbəsi - lentlə yarışlarda bürünc medal qazanması idmançının yaxşı formada olmasının sübutudur. Bu yarış Rioda keçiriləcək Olimpiya Oyunlarından əvvəl son sınaq olduğu üçün daha böyük əhəmiyyət kəsb edirdi. Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva dünya kubokunda Marinanın çıxışını bəyəndiyini qeyd etdi. Məşqçi bununla yanaşı, gimnastın bəzi səhvlərə yol verdiyini də vurğuladı və həmin səhvləri Olimpiya Oyunlarında etməkdənsə, burada etməyin daha yaxşı olduğunu bildirdi. Şübhəsiz, növbəti yarışlarda belə səhvlərə yol verməmək üçün bunların üzərində məşqçi və gimnastlar işləyirlər.

Ümid edirik ki, hər üç gimnastımız - avqustun 6-da mübarizəyə başlayacaq idman gimnastlarımız Oleq Stepko və Petro Paxnyuk, avqustun 19-da xalça üzərinə çıxacaq bədii gimnastımız Marina Durunda Olimpiya yığmamızın aktivinə medal qazandırmaq üçün öz imkanlarından maksimum istifadə edəcəklər.

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında