Koreya döyüş sənəti taekvondonun xarakterik xüsusiyyətləri - döyüş zamanı ayaqların əllərdən daha çox fəal olmasındadır. “Taek”-ayaq, “kvon”-yumruq, “do” isə sənət mənasını verib ayaqla əl zərbələrini məqsədəuyğun yönləndirmə deməkdir. 1953-cü ildə “Mudukvan” məktəbinin təşəbbüsü ilə yaradılan Koreya Tenqsudo İttifaqı 1989-cu ildən keçmiş sovetlər birliyində tanınıb.Dünyanın ən böyük taekvondo təşkilatları 1966-cı ildə yaradılmış Beynəlxalq Taekvondo Federasiyası (İTF) və 1973-cü ildən fəaliyyət göstərən Ümumdünya Taekvondo Federasiyalarıdır (WTF). 1988-ci il Seul və 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında nümayiş idman növü kimi təqdim olunan taekvondo, olimpiadaların rəsmi proqramına “Sidney-2000”-də daxil edilib.
Azərbaycanda Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən Azərbaycan dayanq ustaları bir çox beynəlxalq turnirlərdə iştirak ediblər. Ölkəmizdə bu döyüş növü üzrə əsas inkişaf 1999-cu ildə Azərbaycan Taekvondo Federasiyasına Kəmaləddin Heydərovun prezident seçilməsindən sonra başlayıb.
Ötən illər ərzində taekvondo üzrə bir sıra beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsi bu idman növünün respublikamızda daha da kütləviləşməsinə təkan vermişdir. 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı, 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin, 2005-ci ildə gənclər arasında, 2014-cü ildə böyüklər arasında qitə çempionatlarının, yeniyetmələr arasında dünya birinciliyinin və bir sıra beynəlxalq turnirlərin ölkəmizdə təşkilini misal göstərmək olar. Taekvondonun inkişafı üçün yalnız Bakıda deyil, regionlarda da səmərəli işlər görülür. İndi, demək olar ki, Azərbaycanın bütün bölgələrində yüksək ixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərirlər. Olimpiya idman növü olan taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hazırda bu növlə məşğul olanların sayı 2000 nəfəri ötüb ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir.
2000-ci illərdən başlayaraq taekvondo məktəbinin yetirmələri - Niyaməddin Paşayev, Elnur Amanov, Rəşad Əhmədov, Fəqan Umudov, Təvəkkül Bayramov, İlkin Şahbazov kimi dünya və qitə çempionatlarının mükafatçıları taekvondo idman növündə öz sözlərini demişlər.
Azərbaycan taekvondo yığması ilk dəfə Afina Yay Olimpiya Oyunlarında iştirak edib. Yığmamız, təəssüf ki, indiyə qədər Olimpiya medalı qazana bilməyib. Millimizin Rio de Janeyro Yay Olimpiya Oyunlarında üstünlüklərindən biri ilk dəfə bu möhtəşəm oyunlarda tam heyətlə təmsil olunmasıdır.
London Olimpiadasından ötən dörd il ərzində dayanq ustalarımız beynəlxalq arenalarda keçirilən yarışlarda öz sözlərini deməklə yanaşı, kifayət qədər təcrübələrini də artırıblar. Bu səbəbdəndir ki, ötən Olimpiya tsiklləri ilə müqayisədə, bu dəfə qazanılan uğurlar xeyli çoxdur. Ötən dördilliyin ən böyük yarışlarından olan “Bakı 2015” I Avropa Oyunlarında qazanılan 56 medaldan 5-i taekvondonun payına düşürdü. 3 qızıl, 1 gümüş və 1 bürünc medalla (millimizin aktivinə qızıl medalları Ayxan Tağızadə, Milad Beiqi Harçeqani və Radik İsayev, gümüş medalı Fəridə Əzizova, bürünc medalı isə Patimat Abakarova yazdırıb) tarixi nəticə qazanan taekvondo üzrə millimiz qeyri-rəsmi komanda hesabında birinci yeri tutdu. Yığmamız, həm də qitə çempionatı, eləcə də Qran Pri və digər seriyadan olan beynəlxalq turnirlərdə yüksək uğurlar qazanıb. 2013-cü ildə keçirilmiş dünya çempionatını 2 bürünc medalla 18-ci yerdə başa vuran millimizin qadınlardan ibarət seçmə komandasının üzvü Fəridə Əzizova (-67 kg) qadınlar arasında analoji yarışda bürünc medal qazanan ilk idmançı olaraq, adını Azərbaycan taekvondo tarixinə yazdı.
2014-cü ili də taekvondoçularımız üçün uğurlu hesab etmək olar. Avropa çempionatı, yeniyetmələr arasında dünya birinciliyi ilk dəfə Bakıda təşkil olundu. Avropa çempionatında 1 qızıl və 4 gümüş medala sevinən taekvondoçularımız komanda hesabında 5-ci oldular. Dünya birinciliyində isə dayanq ustalarımız 1 qızıl, 1 gümüş medal qazandılar. Həmin il Bakıda keçirilən Klubların Avropa çempionatında idmançılarımız 5 qızıl, 3 gümüş, 6 bürünc medal əldə etməklə daha bir uğura imza atdılar. 2015-ci il isə daha məhsuldar oldu. Qeyd etdiyimiz kimi, ilk Avropa Oyunları ilə yanaşı, dünya çempionatında da komandamız möhtəşəm nailiyyət qazandı. 87 kq-da Radik İsayev dünya çempionu adına sahib olmaqla, 14 illik qızıl həsrətinə son qoydu. Kişilərdən ibarət yığma komanda Meksikanın paytaxtı Mexikoda Dünya kubokunu qazanmaqla öz tarixində ən böyük qələbələrdən birinə nail oldu.
Uğurların davamını gətirən komandamız üçün bu ilin ötən ayı da uğurlu oldu. Avropa Olimpiya təsnifat turniri, eləcə də, Avropa çempionatı komandamızın Olimpiada ərəfəsində yüksək fiziki formada olduğunu sübut etdi. İsveçrənin Montrö şəhərində keçirilən qitə çempionatını Azərbaycan yığması bir dəst medalla başa vurdu - Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş, Payam Qubadi Uqaz (87 kq) bürünc medal qazandılar. Komanda hesabında isə yığmamız Serbiya ilə 6-cı yeri bölüşdü.
Ötən dörd il ərzində əldə edilmiş uğurlar, təbii ki, dövlət tərəfindən idmançılara göstərilən diqqət və Taekvondo Federasiyasının bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlər nəticəsində mümkün olmuşdur. Avqustun 17-dən 20-nə qədər Carioca Arenasında baş tutacaq taekvondo idman növü üzrə yarışlarda müstəqillik tarixində birinci dəfə tam heyətlə - dörd taekvondoçu ilə təmsil olunmağımız bu idman növündə inkişafın parlaq göstəricisidir. Dörd idmançının hər birinin medala iddialı olduğu barədə məşqçilər korpusunun fikirlərini və ötən dövr ərzində əldə edilmiş nailiyyətləri nəzərə alsaq, Rio Olimpiadasında taekvondo üzrə medal şanslarının böyük olduğu qənaətinə gələ bilərik. Dünya çempionu və bürünc mükafatçısı, Avropa çempionu, ilk Avropa Oyunlarının, dünya kubokunun qalibi Radik İsayevin hətta Olimpiya çempionu olmasına böyük ümidlər bəslənilir. Dünya çempionatında qızıl medal qazanmaqla komandamızın 14 illik həsrətinə son qoyan dayanq ustasından taekvondo üzrə ilk Olimpiya medalını gözləyirik. Birinci Avropa Oyunlarının gümüş, qitə çempionatının bürünc mükafatçısı dünya çempionatında bürünc medal qazanmaqla qadınlar arasında ilkə imza atan Fəridə Əzizova da taekvondo üzrə ilk olimpiya medalının sahibi ola bilər. Avropa Oyunlarının qalibi, qitə çempionatının gümüş, İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Patimat Abakarovanın, Avropa çempionatının və birinci Avropa Oyunlarının qalibi Milad Beigi Harçeqaninin son illər nüfuzlu yarışlarda öz sözlərini demələri, kifayət qədər təcrübəli idmançı kimi tanınmaları da Rio Olimpiadasında onların medal şanslarını artırır. İnanırıq ki, bu mötəbər yarışlarda tam heyətlə təmsil olunacaq komandamız Azərbaycan yığmasının aktivinə taekvondo üzrə Olimpiya medalları əlavə etməklə, həm də bu idman növünün tarixinə parlaq səhifə yazacaqlar.
Leyla QURBANOVA,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.