1997-ci il iyulun 31-də Azərbaycanda Olimpiya hərəkatının, bütövlükdə idmanın gələcək inkişafına güclü təkan verən mühüm hadisə baş verdi. Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev yekdilliklə MOK-a prezident seçildi. Bu gün, 2016-cı ilin bu bazar günü isə ölkəmizin idman ictimaiyyəti Azərbaycanın güclü idman dövlətinə çevrilməsində həlledici rol oynamış həmin hadisənin 19-cu ildönümünü qeyd edir.
Parlaq zəfərlər və medallarla zəngin olan on doqquz il. Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi elə ilk günlərdən respublikada bədən tərbiyəsi və idmanın inkişafına böyük diqqət yetirən cənab İlham Əliyevin rəhbərliyi ilə sağlamlıq və gümrahlıq məşğələlərinə cəlb olunanların sıraları genişlənməyə, idmanın maddi-texniki bazası möhkəmlənməyə başladı və həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində nəticələr durmadan artdı. Ümumdünya olimpiyaçılar ailəsində özünə layiqli yer edən Azərbaycan beynəlxalq Olimpiya hərəkatında aparıcı ölkələr sırasına daxil oldu və hətta başqalarına nümunə göstərildi.
Bu, təsadüfi deyildi, ölkədə idman məşğələləri üçün şəraitin gündən-günə yaxşılaşdırılması, paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonlarımızda da istifadəyə verilən yaraşıqlı Olimpiya idman kompleksləri təkcə yüksək nailiyyətlər axtarışında olan məşhur idmançıları yox, həm də həvəskarları-sağlamlıq və gümrahlığını artırmaq, fiziki hazırlığını möhkəmləndirmək istəyən gəncləri özünə daha çox cəlb edirdi. Çünki daim Vətən sevgisi ilə yaşayan, Vətənə məhəbbət ruhunda tərbiyə alan gənclərimiz möhkəm fiziki hazırlığın, insanlara nəcib keyfiyyətlər bəxş edən idman məşğələlərinin həyatda son dərəcə mühüm əhəmiyyətini yaxşı bilirlər.
Bu əlamətdar gündə xüsusi vurğulaya bilərik ki, Azərbaycanın idman ictimaiyyətinin bəxti gətirmişdir. Respublikamızda insan həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idmanın inkişafı hələ ötən əsrin yetmişinci illərindən ən vacib məsələlərdən biri hesab edilmişdir. Bu inkişafda təkanverici qüvvə isə 1974-cü ilin iyun ayında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və bütünlüklə idmana həsr edilmiş respublika partiya fəalları yığıncağı olmuşdur. İndi həmin tədbir Azərbaycan tarixində belə bir məsələnin müzakirə edildiyi ilk yığıncaq kimi yaşayır. Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onu daha da yaxşılaşdırmaq yolları haqqında açıq və prinsipial söhbətin getdiyi məhz həmin fəallar yığıncağından sonra işdə böyük dönüş yarandı və uğurları çox gözləmək lazım gəlmədi.
Sonralar, ötən əsrin doxsanıncı illərinin ortalarında isə ümummilli lider Heydər Əliyev ölkə idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə qətiyyətlə demişdi:
"Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz".
Bu gün isə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev həyatın digər sahələrində olduğu kimi, idmanda da ulu öndərin bütün təşəbbüslərini layiqincə davam etdirir.
Milli Olimpiya Komitəsi prezidentinin idmana böyük məhəbbət və qayğısının, onun inkişafına hərtərəfli köməyinin nəticəsidir ki, bu gün 205 ölkəni özündə birləşdirən Beynəlxalq Olimpiya Komitəsinin ən hörmətli üzvlərindən biri Azərbaycan Milli Olimpiya Komitəsidir. Son on doqquz ildə MOK-un keçdiyi yol çətin sınaqlardan qələbə və medallara, böyük şöhrətə aparan gözəl bir dövrdür. Bu dövr ərzində 41 Olimpiya İdman Kompleksi, Milli Gimnastika Arenası, Olimpiya Stadionu, Atıcılıq İdmanı Mərkəzi, Su İdmanı Sarayı kimi müasir idman bazaları inşa olunmuş, beynəlxalq meydanda təmsilçilərimizin qələbələri şərəfinə dəfələrlə dövlət himnimiz səsləndirilmiş, milli bayrağımız yüksəklərə ucaldılmış, ayrı-ayrı beynəlxalq idman federasiyaları böyük məmnuniyyətlə öz yarışlarının--dünya və Avropa çempionatları, Olimpiya təsnifat turnirləri, müxtəlif növlər üzrə "Qran-pri" turnirlərinin təşkilini Azərbaycanın idman təşkilatlarına etibar etmişlər. Bizə belə yüksək etimad göstərilməsi isə təsadüfi deyil. Ölkəmizin istisnasız olaraq bütün idman təşkilatları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vahid komanda şəklində, böyük məsuliyyət hissi ilə fəaliyyət göstərir və onlara tapşırılan iş üçün etimadı şərəflə doğruldurlar. Bu gün Azərbaycanın bütün dünyada zəngin ənənələri və böyük prespektivləri olan güclü bir idman dövləti kimi tanınması hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi oyadır, ölkəmizdə adları dünya reytinq cədvəllərinin liderləri sırasında çəkilən, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında xalqımıza sevgilərini fəxri kürsüdən bildirən mahir güləş, cüdo, boks, taekvondo, karate, bədii gimnastika, idman gimnastikası, sambo ustaları vardır və belələrinin sayı ildən-ilə artır.
Cənab İlham Əliyevin ölkə Olimpiya hərəkatna rəhbərliyi və nümunəvi fəaliyyətinə görə Beynəlxalq Olimpiya Komitəsi, ayrı-ayrı federasiyalar tərəfindən müxtəlif mükafatlara, o cümlədən BOK-un ali mükafatı olan Olimpiya Ordeninə layiq görüldüyü dövr ərzində onun möhkəm iradəli və əzmkar idmançılardan ibarət səmimi komandasının üzvləri öz liderlərinin qayğı və diqqətinə layiqli qələbələrlə cavab vermişlər. 1997-ci ildən bəri idmanımızın ən yaxşı nümayəndələri dörd Yay Olimpiya Oyunlarında iştirak etmişlər, hazırda isə bütün ölkə onların beşinci Olimpiada startlarını böyük həyəcanla gözləyir.
Təmsilçilərimiz Sidney, Afina, Pekin və London Yay Olimpiya Oyunlarında 6-sı sərbəst güləş ustası Namiq Abdullayev və stend atıcısı Zenfira Meftahətdinovanın, yunan-Roma güləşçisi Fərid Mansurov və cüdoçu Elnur Məmmədlinin, yenə "sərbəstlər" Toğrul Əsgərovla Şərif Şərifovun qazandıqları qızıl medallar olmaqla Azərbaycanı üst-üstə 25 mükafatla sevindirmiş, iyirmi beş dəfə Olimpiya fəxri kürsüsündə milli bayrağımızı yüksəklərə ucaltmışlar.
Bu da maraqlı məqamdır ki, biz bu 25 medal haqqında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü ərəfəsində danışırıq. Xalqımızın qarşıdakı oktyabrda yubiley bayramını təntənə ilə qeyd edəcəyi günlərdə isə, əlbəttə, həmin 25 rəqəmi xeyli artmış olacaq, Rio deJaneyroda XXXI Olimpiada qüdrətli Azərbaycan dövlətinin, onun yüksək sürətlə inkişaf edən idmanının növbəti təntənəsinə çevriləcək.
Həmçinin xatırlatmaq yerinə düşər ki, Rio-de-Janeyro (portuqal dilindən tərcüməsi "Yanvar çayı" deməkdir) ötən ildən Bakı ilə qardaşlaşmış şəhərdir. Bunun özünü də çətin sınaqlarda uğura aparan yolda əlavə dəstək hesab etmək olar.
Bayaq müstəqil Azərbaycanın Olimpiya çempionları sırasında xatırladığımız Toğrul Əsgərov, Şərif Şərifov, habelə sərbəst güləş komandamızın daha bir medal ümidi Xetaq Qazyumov və Rio-2016-da çıxış etmək hüququ qazanmış digər məşhur atlerlər, yunan-Roma güləşçiləri Rövşən Bayramov, Rəsul Çunayev, qadın güləşçilər Mariya Stadnik, Yuliya Ratkeviç, rinq ustaları Elvin Məmişzadə, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov, Orxan Səfərov, taekvondoçular Radik İsayev, Fəridə Əzizova, Milad Beiqi Hərçəqani, bədii gimnast Marina Durunda, avarçəkənlər və digər təmsilçilərimiz Braziliyada yüksək nəticələr qazanmağa qadirdirlər.
Bir il əvvəl ilk Avropa Oyunlarının vətəni kimi qitəmizin idman hətəkatı tarixində xüsusi yer qazanmış, lap bu yaxınlarda, iyun ayında "Formula-1" üzrə Avropa Qran-prisini də böyük müvəffəqiyyətlə təşkil etmiş, sentyabrda isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarını qəbul edərək düz iki həftə ərzində dünya şahmatının mərkəzinə çevriləcək Azərbaycanda Olimpiya hərəkatının, idmanın sürətli inkişafı dünyanın gözü qarşısında baş verir.
Gələn ilin may ayında keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hələ kifayət qədər vaxt qalsa da, Azərbaycanın idman həyatında, ölkəmizin tarixində növbəti əlamətdar hadisəyə çevriləcək bu yarışlara hazırlıq da daim diqqətdədir. Payızın birinci ayının birinci yarısında Bakıda Ümumdünya Şahmat Olimpiadası başa çatdıqdan sonra islam ölkələri idmançılarına əsl dostluq və qardaşlıq bayramı vəd edən Həmrəylik Oyunları ön plana çıxacaq. Bu çox mötəbər yarış iştirakçı ölkələrin sayına görə hətta Avropa Oyunlarını da üstələyəcək (ötən il starta 50 ölkə nümayəndələri çıxmışdılar, gələn il isə paytaxtımızda 57 dövlətin idmançıları görüşəcəklər). Azərbaycanda IV İslam Həmrəylik Oyunları dövlətimizin qüdrətini, xalqımızın birliyini bir daha bütün dünyaya bəyan edəcək və hamı yenidən əmin olacaq ki, müstəqil Azərbaycan Respublikası nəinki Avropa Oyunlarını, "Formula-1" yürüşünü, hətta yarışların şahı sayılan Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə təşkil edə bilər.
Dörd ildən sonra keçiriləcək milli komandalar arasında futbol üzrə Avropa çempionatının dörd oyununun təşkili hüququnun Azərbaycana verilməsi də ölkəmizin və onun idman təşkilatlarının imkanlarının yüksək qiymətləndirilməsinin təsdiqidir. Futboldan söz düşmüşkən, bu günlər ölkə çempionumuz Ağdamın "Qarabağ" komandası UEFA Çempionlar Liqası turnirində, Qəbələnin eyniadlı klubu Avroliqada üçüncü mərhələ sınaqlarından çıxırlar. Hər iki kollektivimiz bir il əvvəl Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmışdı və indi həmin müvəffəqiyyəti ən azı təkrar etməyə çalışır.
İdmanın bir sıra digər növləri--bədii gimnastika, idman gimnastikası, triatlon, velosiped idmanı, atletika, avarçəkmə də respublikamızda getdikcə inkişaf sürətini artırır. Güləşçilər, boksçular, cüdo və taekvondo ustaları kimi bu növlərin də nümayəndələri indi yüksək məqsədlər uğrunda mübarizə aparmağı və istəklərinə çatmağı bacarırlar. Beynəlxalq meydanda qazanılan hər bir qələbə, hər bir medal isə Azərbaycan dövlətinin, Milli Olimpiya Komitəsinin, şəxsən cənab İlham Əliyevin ölkədə Olimpiya hərəkatının, idmanın inkişafına göstərdiyi böyük qayğının bəhrəsidir.
Beş gündən sonra Rio de Janeyroda açılış mərasimi olacaq XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilirik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir...
Oqtay BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.