Rioda Azərbaycana ilk medalı cüdoçular qazandıra bilərlər

Azərbaycan cüdoçularının milli komandası artıq bir neçə gündür ki, Almaniyada təlim-məşq toplanışını başa vurub, Braziliyaya gəlmişdir. İndi ən yaxşı tatami ustalarımız XXXI Yay Olimpiya Oyunlarının paytaxtı Rio-de-Janeyroda dördilliyin ən məsul yarışına son hazırlıq görürlər.

Elə digər ölkələrin də idmançıları Rioya gəlməyə başlamışlar. Avqustun 5-də nəhəng "Marakana" stadionunda Oyunların açılış mərasiminə isə cəmi yeddi gün qalır.

Olimpiada-2016-da Azərbaycan nümayəndə heyətinə ilk medalı cüdoçular qazandıra bilərlər. Onların turnirinə avqustun 6-da start veriləcək. Medallar uğrunda kəskin mübarizədə təmsilçilərimizin əsas rəqibləri yarış sahibləri braziliyalılar, Rusiya, ABŞ, Kuba, Fransa, Yunanıstan, Gürcüstan, Cənubi Koreya və bəzi başqa ölkələrin cüdoçuları olacaqlar.

Oyunların saytından əldə etdiyimiz məlumata görə tatami ustalarının bir həftə davam edəcək yarışı avqustun 12-də finişə çatacaq. Rio-de-Janeyronun idman sarayında əvvəlki Olimpiya Oyunları ilə müqayisədə rekord sayda -136 ölkədən 389 cüdoçu yarışacaq.

Olimpiadanın cüdo turnirinin çempion və mükafatçıları yeddi çəki dərəcəsində müəyyənləşəcək. Azərbaycan komandasının üzvləri Braziliyaya altı vəsiqə qazanmışlar və yalnız bir çəkidə (81 kq) çıxış etməyəcəklər. Qalan altı çəki dərəcəsində isə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) yüksək yerlər uğrunda mübarizə apara bilərlər.

Tatami ustalarının turnirində ilk medallar 60 kq çəki dərəcəsində ən güclülərə təqdim olunacaq. Təmsilçimiz Səfərov da 6 avqust axşamında yarışın yekununda fəxri kürsüyə yüksəlib Azərbaycana medal qazandırmaq əzmindədir. Düşünmək olar ki, Olimpiadaya hazırlıq prosesində iştirak etdiyi bir çox mötəbər yarışda mükafatçılar sırasına çıxmağı  bacarmış Orxan Olimpiya Oyunlarında da öz kəsərli sözünü deməyi bacaracaq.

Ertəsi gün, avqustun 7-də Şıxəlizadə yarış meydanına dəvət olunacaq, avqustun 8-də isə ondan estafeti Orucov qəbul edəcək.

Olimpiadanın növbəti günü, avqustun 9-da 81 kq çəki dərəcəsində ən güclülər məlum olacaq. Yığmamız, yuxarıda qeyd etdiyimiz kimi, bu çəkidə təmsil olunmayacaq. Avqustun 10-12-də isə müvafiq surətdə Mehdiyev, Qasımov və Kokauri mübarizəyə qoşulacaqlar.

Azərbaycan komandasının heyətindən də göründüyü kimi, cüdoçularımız dəfələrlə çətin sınaqlardan şərəflə çıxmış mahir ustalardır. Onlar Rio-de-Janeyroda yüksək hazırlıq səviyyələrini sübuta yetirmək, etimadı doğrultmaq və ölkəmizə medal gətirmək üçün aylarla davam edən gərgin məşqlərdə qüvvə və bacarıqlarını əsirgəməmişlər. İndi isə zəhmətin bəhrəsini görmək vaxtıdır.

Oqtay BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında