Teymur MƏMMƏDOV: Şöhrətli Azərbaycan komandasının bayraqdarı olmaq böyük şərəfdir!

Startına sayılı günlər qalmış Rio de Janeyro Yay Olimpiya Oyunlarında olimpiya şöhrətli idmançımız Teymur Məmmədov komandamızın bayraqdarı kimi də diqqət mərkəzində olacaq.

"London-2012"-də hakim ədalətsizliyi  ucbatından finaldan məhrum olan Teymur budəfəki oyunlarda sonacan mübarizə aparmağı və Olimpin zirvəsinə qalxmağı qarşısına məqsəd qoyub. Karyerasının ikinci olimpiadasında, üstəlik, həm də bayraqdar olmaq kimi şərəfli bir vəzifə ona həvalə edildi.

Onun uğurlar əldə edəcəyinə əmin olmaq üçün isə karyerası ərzində uğurlarla zəngin idman həyatına nəzər salmaq kifayətdir. İlk nailiyyətini 2008-ci ildə – 15 yaşda Bolqarıstanda keçirilən yeniyetmələr arasındakı Avropa çempionatında qızıl medal qazanmaqla nail oldu. 2011-ci ildə kişilər arasında keçirilən Avropa çempionatında qazandığı qızıl medal boks komandamızın 18 illik çempionluq həsrətinə son qoydu.  Həmin il Bakıda boks üzrə dünya çempionatında gümüş medala  layiq görüldü, eyni zamanda, London Olimpiadasına lisenziya qazandı. Dördilliyin zirvə yarışında, London rinqində bir-birindən dəqiq zərbələri onu güclü potensiala malik boksçu kimi səciyyələndirdi. Yarımfinal yarışlarında özündən xeyli təcrübəli italiyalı Klemento Russoya qarşı döyüşdə açıq-aşkar üstünlüyünə baxmayaraq, qələbə rəqibə verildi. Teymur bu məğlubiyyəti təmkinlə qarşıladı, hakimin qərarına hörmətlə yanaşdığını nümayiş etdirdi. Dəmir iradə, bir qədər də soyuqqanlılıq gənc boksçunu  "uduzduğu" zaman ruhdan düşməyə qoymadı. Məğlubiyyəti qəbul etsə də, "yumruğunu düyünləməyi" də unutmadı. London Olimpiadasında italyan boksçuya qarşı döyüşdə haqsızlıqla üzləşən Teymur (London Olimpiadasının baş hakimi italiyalı idi) ilk Avropa Oyunlarında İtaliyanın başqa bir boksçusunu finalda məğlub etdi, ilk Avropa Oyunlarının qalibi adına layiq görüldü. Azərbaycan Prezidenti İlham Əliyev gənc boksçunun uğurunu yüksək qiymətləndirərək onu "Şöhrət" ordeni ilə təltif etdi.

"Bakı-2015"-dən iki il əvvəl  Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanmışdı.

Budur, artıq möhtəşəm Olimpiya Oyunlarının startı ərəfəsindəyik. Olimpiya, dünya, Avropa çempionları və digər mötəbər yarışların qalib və mükafatçılarından ibarət komandamızın bayraqdarı missiyasını yerinə yetirəcək Teymur Məmmədov isə artıq yüksək mübarizə əzminə köklənib. Bayraqdar olmaq kimi şərəfli bir vəzifəni yerinə yetirməkdən qürur duyan idmançı bu dəfə Rio rinqini fəth etmək arzusunda olduğunu dedi: "Şöhrətli Azərbaycan komandasının bayraqdarı olmaq böyük şərəfdir! Bu missiyanı yerinə yetirdiyim üçün qürur duyuram. Rio rinqində yalnız qələbə uğrunda mübarizə aparacağam".

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında