(Əvvəli qəzetimizin 18, 21, 24 iyul tarixli nömrələrində)
Rio Olimpiadasında medal şanslarımıza ümid işığı yandıran taekvondo üzrə dörd mümkün lisenziyanın dördündə də təmsil olunacağıq. Geridə qalan tsikldə yığmamız böyük uğurlara imza atıb - 2013-cü ildə Meksikada keçirilmiş dünya çempionatında iki bürünc, bir il sonra Bakıda Avropa çempionatında bir qızıl, dörd bürünc, “Bakı-2015”-də üç qızıl, bir gümüş, bir bürünc medal, eləcə də, Dünya kubokunu qazanıb.
Bunlardan ən möhtəşəmi Radik İsayevin 22-ci dünya çempionatında əldə etdiyi qızıl medaldır (14 il öncə Koreyada keçirilən dünya çempionatında 68 kq-da Niyammədin Paşayev qalib olub). Çəkisinin lideri hesab olunan, dünya çempionu, ilk Avropa Oyunları və qitə çempionatının qalibi Radik İsayevin (87 kq) medal şanslarına gəldikdə, onun hətta qızıl medala iddialı idmançılardan olduğunu deyə bilərik. İlk Avropa Oyunlarının qalibi Milad Beiqi Harçeqaninin (80 kq) son iki ildə iştirak etdiyi beynəlxalq yarışların nəticələri bu idmançıya da ümidləri artırır. Fəridə Əzizovaya gəldikdə isə, London Olimpiadasındakı uğursuzluğun da əvəzini çıxmalıdır. “London-2012”-dən sonra iki dəfə dünya çempionatının bürünc medalını qazanan, ilk Avropa Oyunlarının gümüş medalına sahib olan Fəridənin əldə etdiyi zəngin təcrübə medal qazanacağına böyük ümidlər verir. Patimat Abakarovanın (49 kq) isə komanda yoldaşlarına nisbətən təcrübəsi az olsa da, birinci Avropa Oyunları kimi nüfuzlu yarışda (67 kq) bürünc medal əldə etməsi və digər yarışlardakı nəticələri medal şanslarını artırır.
Olimpiadanın gimnastika xalçasında üç idmançımız medal qazanmaq üçün yüksək səviyyədə hazırlıq keçib. Rio Oyunlarına bədii gimnastika üzrə lisenziyanı Ştutqartda keçirilən dünya çempionatının çoxnövçülüyündə altıncı yeri tutmaqla Marina Durunda əldə etdi. İdman gimnastikası üzrə isə Oleq Stepko Qlazqoda ötən ilin dünya çempionatında bürünc medal qazanmaqla ilk təsnifat turnirində lisenziya qazanmışdı. Digər idman gimnastımız Petr Paxnyuk Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən test turnirində altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayaraq, Rio Oyunlarında iştirakını təmin etdi.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuxlerin Azərbaycanda gimnastikanın yüksək səviyyədə inkişafını qeyd edərək, “Azərbaycanda gimnastikanın səviyyəsi çox yüksəkdir və bu, Rio Olimpiadasında idmançılara medallar uğrunda mübarizəyə imkan verəcək. Bunun üçün onların bütün imkanları var”,- deyə gimnastlarımızın yüksək potensialını qeyd etdiyini, xüsusi olaraq, vurğulamaq istərdim. Azərbaycan gimnastika məktəbinin yetirmələrinin ötən illər ərzində mötəbər yarışlarda qazandıqları nailiyyətlər onların güclü potensialından xəbər verir. Pekin və London olimpiadalarında təcrübəli gimnastımız Aliyə Qarayeva müvafiq olaraq altıncı və dördüncü pillələrdə qərarlaşmışdı. Təmsilçilərimiz onlara bəslənilən ümidləri doğrultmaq üçün Rio Olimpiadasında imkanlarından maksimum istifadə etməlidirlər.Bədii gimnastika üzrə ölkəmizin idman şərəfini qoruyacaq Marina Durunda fiziki hazırlığının yaxşı səviyyədə olduğunu qeyd etdi, eyni zamanda Rio Olimpiadasına özünü mənəvi cəhətdən hazırlayacağını da dedi. “Bakı-2015”-də bir qızıl, iki gümüş, iki bürünc medalla parlaq qələbəyə imza atan Oleqin güclü potensialı da bu ciddi imtahandan üzüağ çıxacağına böyük ümidlər verir.
Milli Avarçəkmə Federasiyası təmsil olunduğu dörd olimpiya növünün hamısında Rio Olimpiadasına vəsiqə qazanıb. Üstəlik, lisenziyalar London Olimpiadası ilə müqayisədə, yalnız akademik avarçəkmə və kanoedə deyil, həm də kayak və kanoe-slalom növündə də əldə olunub. Akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet Fransada keçirilən dünya çempionatında iki nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında uğurla çıxış edərək, finişə 8 dəqiqə 24,260 saniyəyə çatıb. Bu nəticə ilə ilk yeddilikdə yer alan idmançılar Rio Oyunlarına vəsiqə əldə etdilər. Qeyd edək ki, cütlük London Olimpiadası ərəfəsində olimpiya təsnifat reqatasında A finalında 3-cü yeri tutaraq, lisenziyasız qalmışdı. Ötən illər ərzində həm Aleksandrov, həm də Yotov istər fərdi, istərsə də qoşa mübarizədə xeyli təcrübə toplayıblar.
Qadın qayıqçımız İnna Osipenko-Rodomska 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçimiz, “Bakı 2015” I Avropa Oyunlarının gümüş mükafatçısı, dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko isə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə vəsiqə qazandı. Bu titullu idmançıların hər biri medala iddialıdır.
Ölkə idmanı tarixində ilk dəfə kanoe-slalom növündə vəsiqəni “Rio-2016”-ya Yure Meqliç qazanıb. Rioda Fransa, Almaniya, Polşa təmsilçilərini özünə ciddi rəqib sayan idmançı olimpiadadan medalla qayıtmaq ümidindədir.
Carioca Arenasında keçiriləcək qılıncoynatma yarışlarında yeganə təmsilçimiz Praqa şəhərində keçirilən Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazanan Səbinə Mikina olacaq. Bu, Səbinənin ikinci olimpiadasıdır. London Oyunlarında Səbinə ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə görüşündə hesabda geridə olmasına baxmayaraq (0:6), yekunda qüvvəsini toplayaraq qalib gəlsə də, sonrakı mərhələdə büdrədi. Səbinənin çox güclü rəqiblə müqayisədə təcrübəsizliyi öz sözünü dedi: - Olimpiya çempionu, dördqat dünya, səkkiz dəfə Avropa çempionu Olqa Xarlanla qarşılaşmada yaxşı təsir bağışlayan təmsilçimiz sonda (15:10) rəqibinə məğlub oldu. London Olimpiadasından ötən dövr ərzində Səbinə yarış təcrübəsini xeyli zənginləşdirib ki, bu da medal şanslarını artırır.
Avqustun 12-sindən 22-nədək Joao Avelanj stadionunda baş tutacaq atletika yarışlarında iştirak edəcək idmançılarımızdan ən təcrübəlisi Avropa çempionatının bürünc, gümüş mükafatçısı, III İslam Həmrəyliyi Oyunlarının qalibi, ilk Avropa Oyunlarında üç qızıl medalın sahibi, universiadanın üçqat qalibi Hayle İbrahimovdur. Hayle “Bakı-2015”-də qızıl medalların birini olimpiadada mübarizə aparacağı 1500 metr məsafə üzrə qazanıb.
Digər perspektivli atlet kimi “Bakı-2015”-də parlaq qələbəsi ilə yadda qalan, üçtəkanla tullanma və uzunluğa tullanma yarışlarında Rio Oyunlarında mübarizə aparacaq Nazim Babayevin adını çəkə bilərik. Marafon yarışlarında çıxış edəcək Evans Kiplaqat və çəkic atma yarışlarında təmsil olunacaq Anna Skidanın da medal şansları var. Qeyd edək ki, uzunluğa tullanma və marafon yarışlarında ilk dəfə təmsil olunacağıq.
Müstəqillik tariximizdə Olimpiya Oyunlarında ilk dəfə təmsil olunacağımız triatlon üzrə yeganə lisenziyanı Beynəlxalq Triatlon İttifaqının may ayı üçün nəzərdə tutulan reytinq cədvəlində 39 idmançı sırasında yer alan Rostislav Pevtsov qazanıb. Pevtsov medal ümidlərimizi doğrultmaq üçün avqustun 18-dən 20-dək Kopakabana çimərliyində baş tutacaq yarışlarda bütün qüvvəsini sərf edəcək. İlk Avropa Oyunlarının bürünc mükafatını əldə edən, Dünya kubokunda gümüş medala sahib olan Rostislavın da medal qazanmaq şansı kifayət qədərdir.
Velosiped idmanının şosse növü üzrə ölkəmizi təmsil edəcək Maksim Averin 158, qadın velosipedçi Yelena Pavluxina isə 149 lisenziya xalı ilə olimpiadaya vəsiqəni özləri üçün təmin ediblər. Trek velosipedi üzrə lisenziyanı isə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən dünya çempionatında Olqa İsmayılova qazanıb. Rio Olimpiya velodromunda baş tutacaq yarışlarda Olqa trek velosipedinin sprint və keyrin növlərində medal qazanmaq üçün qüvvəsini səfərbər edəcək. İdmançıların hər üçü ötən illər ərzində iştirak etdikləri yarışlarda bir sıra nailiyyətlər qazanıblar. Qeyd edək ki, şosse velosipedi üzrə London Olimpiadasında çıxışımız uğurlu alınmamışdı. Trek velosipedi idmanı üzrə isə olimpiadada ilk dəfə təmsil olunacağıq.
Atıcılıq və üzgüçülük idman növlərində “wild card”-la iştirak edəcəyik. Atıcılıq Azərbaycanın müstəqillik dövründə Olimpiya Oyunlarında ən yüksək nəticələrin əldə edildiyi idman növlərindən biri olub. Atıcılıq üzrə ardıcıl iki Olimpiadada - “Sindey-2000”-də qızıl, “Afina-2004”-də iki bürünc medal qazanmışıq. Təəssüflə qeyd edək ki, “London-2012”-də ümidlərimiz doğrulmadı. Avqustun 6-dan 14-ünədək Milli Atıcılıq Mərkəzində baş tutacaq yarışlarda ölkəmizin idman şərəfini 10 metr məsafəyə hava tapançası və 25 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında Ruslan Lunev təmsil edəcək.
Olimpiya Su idmanı Stadionunda baş tutacaq üzgüçülük üzrə yarışlara isə iki idmançımız - Boris Kirilov və Fatimə Alkərimova “wild card” vasitəsilə qoşulacaqlar.
Əslində, ölkəmizi bu növ üzrə Maksim Şemberev təmsil etməli idi. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən “Swim Meeting” beynəlxalq turnirində 1500 metr məsafəyə kompleks stilində və 400 metr məsafəyə sərbəst stildə “B” kateqoriyalı Olimpiya normativini yerinə yetirən idmançı sonradan zədələndiyi üçün dünya çempionatında iştirak edə bilmədi. Qaydalara əsasən, dünya çempionatında iştirak edən üzgüçü yalnız “A” kateqoriyalı Olimpiya normativini yerinə yetirdiyi halda Olimpiya Oyunlarına lisenziya qazanır.
Son yazıda da ənənəmizi davam etdirərək Rio Olimpiadasına lisenziya qazanmış təmsilçilərimizin medal potensialından söz açdıq, şanslarını qiymətləndirməyə çalışdıq. Apardığımız təhlillərə, məşqçilər korpusunun, eləcə də ayrı-ayrılıqda mütəxəssislərimizin fikirlərinə əsaslanıb deyə bilərik ki, Rio-de-Janeyroda komandamızdan əvvəlki olimpiadalarla müqayisədə daha yüksək nəticələr gözləmək olar. Son sözü isə təmsilçilərimiz “Olimp”in zirvəsində bayrağımızı dalğalandırmaqla deyəcəklər.
Hünər meydanında Azərbaycan sizdən parlaq qələbələr gözləyir, əziz olimpiyaçılarımız!
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.