Rio de Janeyro Yay Olimpiya Oyunlarında komandamızın medal şanslarından bəhs edərkən cüdonu xüsusi qeyd etməliyik. Azərbaycanın müstəqillik tarixində əldə edilmiş cüdo üzrə ilk Olimpiya “qızılı” idman tariximizdə əlamətdar hadisə olmaqla yanaşı, həm də ölkəmizdə bu idman növünün ənənələrinin olduğunu sübut etdi. Cüdo əfsanəsi Nazim Hüseynovdan 16 il sonra – artıq həm də müstəqil ölkə kimi təmsil olunduğumuz Pekin Olimpiadasında Elnur Məmmədli qızıl medal qazanıb, yeni tarix yazdı. İstedadlı tatami ustası Mövlud Mirəliyev isə olimpiadanın bürünc medalına layiq görüldü. Təəssüflər olsun ki, son - “London-2012”-də bu idman növündə medalımız olmadı.
Baxmayaraq ki, olimpiadalar tarixində ilk dəfə bu yarışlarda rekord sayda – səkkiz cüdoçu ilə təmsil olunmuşduq (Atlanta Olimpiadasında iki, Sidney Oyunlarında dörd, Afina Olimpiadasında üç, Pekin Olimpiadasında altı). Ötən olimpiada ilə müqayisədə qadınlarımızın vəsiqə əldə edə bilməməsi də təəssüf doğurur. Şübhəsiz, qızlarımızın döyüş növlərinə o qədər də həvəs göstərməməsində mentalitetimizin də təsiri var. London Oyunlarında ölkəmizi 57 kq-da Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova, 63 kq-da dünya üçüncüsü Ramilə Yusubova təmsil etmişdi.
Rio tatamisində altı idmançı – Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (-100 kq) və Uşangi Kokouri (+100 kq) – ilə təmsil olmağımız, əslində, qənaətbəxş nəticədir. Məşqçilər korpusunun da nikbin proqnozlarını nəzərə alsaq, cüdoçuların medal imkanlarını təhlil etdikdə, yarışlardan yaxşı nəticə əldə olunacağı qənaətinə gələ bilərik.
Ən yüngül çəkidə - 60 kq-da təmsilçimiz Orxan Səfərov ötən dördillikdə dünya və Avropa çempionatlarında nəticələri ilə diqqət çəkir. Bu çəkidə daha bir titullu idmançımız var – London Olimpiadasının iştirakçısı İlqar Müşkiyev. Lakin Orxan aşkar üstünlüyü ilə fərqlənib, Rioya lisenziya yolunu açdı. Dördillikdə ən böyük uğuruna 2013-cü ildə Rioda keçirilmiş dünya çempionatında bürünc qazanmaqla imza atdı. DÇ-dan sonra ilk Avropa Oyunlarının finalında qızıl medal şansını əldən verdi - dünya çempionatında məğlub etdiyi Beslan Mudranova məğlub oldu. Həmin il Səfərov qitə çempionatında da gümüş medal qazandı. “Böyük dəbilqə” turnirinin ikiqat qızıl, Qran –pri turnirlərinin qızıl, gümüş və bürünc mükafatçısıdır. Olimpiada ərəfəsində son lisenziya xalları verən “World Masters” turnirində türkiyəli Bəkir Özlü, Fransa cüdoçusu Valid Hyarı və bu ölkənin digər idmançısı, Avropa çempionatında məğlub olduğu Vinsent Limarı məğlub etdi ki, bu da ona olan ümidləri daha da artırdı.
“World Masters” turnirində digər olimpiyaçımız, Nicat Şıxəlizadə zədə səbəbindən Monqolustan təmsilçisi Tumurxuleq Davadorjla dueldən məğlub ayrılsa da, yaponiyalı Tomofumu Takayoya və bürünc medal uğrunda qarşılaşmada portuqaliyalı Sergiu Oleynikə şans vermədi. Ümumiyyətlə, ötən dörd ilin yekununda nəticələri qənaətbəxş olub. Tatami ustası reytinq xalına görə bir rəqibini də arxada qoyaraq, səkkizinci yerə qalxıb. Ümumilikdə, Nicat Şıxəlizadə haqqında onu demək olar ki, təcrübəsi Olimpiya Oyunlarında medal qazanmaq üçün kifayət etməlidir. Əslində, idmançımız karyerasının başlanğıcında bəxtsizlik amili ilə üzləşməsəydi, bəlkə də Pekin Olimpiadasında iştirak edib, medal da qazana bilərdi. 2005-ci ildə dünya çempionatında parlaq qələbə əldə edən (bürünc medal) Nicatı uğursuzluq da təqib edib. Bir il sonra dopinqə görə adı “qara” siyahıya düşən, yarışlardan bir il kənarlaşdırılan idmançımız 2007-ci ildə Dünya kubokunun ikincisi oldu. Həmin il təkrar dopinqə düşdüyü üçün dördillik müddətə diskvalifikasiya olundu. Beləliklə, nəinki lisenziya əldə etdiyi Pekin Olimpiadasında, eyni zamanda, növbəti tsikldə yarışlardan kənarda qaldığı üçün London Oyunlarında da iştirak edə bilmədi. Dəmir iradəsi onu sevdiyi cüdodan ayrılmamağa kömək etdi. Yarışlarda iştirak etməməsinə baxmayaraq, illərlə yığma komandadan ayrılmadı. Məşqlərinə davam etdi. Nicatın yaşının az olmamasını və bu olimpiadanın son şanslardan biri olduğunu nəzərə alsaq, o zaman tatami ustasının potensialından tam istifadə edəcəyini demək olar. Bu çəki dərəcəsində rəqabətin gərginliyini nəzərə alsaq, Nicatın medal şanslarının zəiflədiyini düşünmək olar. Amma ümid edək ki, iştirak edə bilmədiyi olimpiadaların əvəzini də burada çıxacaq.
Rioya gedəcək idmançıların siyahısında yer alan Rüstəm Orucov olimpiada ərəfəsində qitə çempionatının baş mükafatına layiq görüldü. Cüdo yığmamızın 5 illik qızıl həsrətinə son qoyan tatami ustası bu nəticə ilə həm də, yaxşı idman formasında olduğunu göstərdi. Qeyd edək ki, ilk Avropa çempionumuz Nazim Hüseynov 1992-ci və 1993-cü illərdə bu uğura imza atıb. Qitə çempionatının növbəti qızıl medalını 7 ildən sonra qazanmışıq (2000-ci il, Elçin İsmayılov (60 kq).
2005-ci ildə isə Elçin üçqat Avropa çempionu olan ilk cüdoçumuz kimi tarixə düşüb.
Üçüncü Avropa çempionumuz Elnur Məmmədlinin də hesabında qitə çempionatının iki qızılı var. Rüstəm isə qitə çempionluğunu qazanan dördüncü təmsilçimizdir.
Orucovun Avropa çempionatında əvvəllər iki dəfə uduzduğu rusiyalı Denis Yartsev üzərində inamlı qələbəsi, eləcə də, gərgin keçən final görüşündə Olimpiya çempionu gürcü Laşa Şavdatuaşvilini məğlub etməsi Rio tatamisində uğurla mübarizə aparacağına inam yaradır. Orxan Səfərov millimizin liderlərindən biri hesab olunur.
90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək Məmmədəli Mehdiyev Kazan universiadasının bürünc mükafatçısıdır. Düzdür, medalı 81 kq-da qazanıb. Amma 2014-cü ilin sonlarından 90 kq-da qüvvəsini sınamağa başlayıb. Qeyd edək ki, bu çəkidə Şahin Qəhrəmanov, Ramin Qurbanov, Tural Safquliyev kimi adı cüdo ictimaiyyətinə tanış olan tatami ustalarının ötən illər ərzindəki nəticələri reytinq geriləmələri ilə müşahidə olunub. 2014-cü ilin sonlarından bu çəkiyə keçən
23 yaşlı Mehdiyev builki yarışlarda nəticələrini xeyli yaxşılaşdırıb. Rio Olimpiadasına lisenziya xalı verən Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri yarışında finala gedən yolda gürcüstanlı Uşanqi Marqiani, hindistanlı Avtar Sinq və polşalı Patrik Çexomskini məğlub edib. Yarımfinalda Braziliya təmsilçisinə qalib gəlib finala adlasa da, həlledici görüşdə Rusiya cüdoçusu Husen Halmurzayevə uduzub, gümüş medalla kifayətləndi. Bu ilin may ayında (90 kq) Almatı Qran-prisini bürünc medalla başa vurdu. Məmmədəlinin təcrübəsinin az olduğunu və lisenziya xallarını güclü yarışlarda qazanmadığını nəzərə alsaq, onu Olimpiya Oyunlarında çətin döyüşlərin gözlədiyini deyə bilərik. Amma idmanın da öz qanunauyğunluqları var. Mütləq kimin qalib olduğu mübarizəsiz aşkarlansaydı, bu qədər yarışların keçirilməsinə ehtiyac olmazdı. Son söz Məmmədəlinin olacaq. Ondan da medal gözləyirik.
Elmar Qasımova gəldikdə, 100 kq-da ən yaxşı göstərici onun aktivindədir. Çəkisində liderliyini qoruyub saxlayan idmançıya yüksək əyarlı medal qazanmaq üçün böyük ümidlər var. Bu çəkidə daha bir istedadlı tatami ustamız Elxan Məmmədov Rio Oyunlarında qüvvəsini sınamağa iddialı idi. Elmarın ötən il qazandığı uğurlar isə Rioda iştirak üçün tam əsas verdi. Ötən il Qran-pri turnirinin ikiqat qızıl, 2014-cü ildə Avropa çempionatının gümüş mükafatçısıdır. May ayında Meksikanın Qvadalaxara şəhərində keçirilən tsiklin son "World Masters" turnirində böyük uğura imza atıb. Mübarizəyə braziliyalı rəqibi üzərində qələbə ilə başlayan Elmar Əlcəzair idmançısını məğlub edib, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə İsveç cüdoçusuna qalib gələn Elmar finalda Fransa təmsilçisini (Sirill Mare “Böyük dəbilqə” turnirinin qalibi) də udaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Şübhəsiz, bu cür inamlı çıxış onun medal şanslarını daha da artırır.
Nəhayət, növbə ən ağır çəkiyə gəlib çatdı. +100 kq-da ölkəmizin idman şərəfini yeganə milliləşdirilmiş legioner Uşanqi Kokauri qoruyacaq. Onu da bildirək ki, indiyə qədər cüdo yığmamızda həmişə yerli idmançılar mübarizə aparıblar. Amma nəzərə almalıyıq ki, ümumiyyətlə, döyüş növlərində ən ağır çəkilərdə idmançı çatışmazlığı problem olaraq qalmaqdadır. Hazırda gənclər və yeniyetmələrdən ibarət yığmalarımızda güclü idmançılar var və bu problem yəqin ki həllini tapacaq. Kokauri Uşanqi builki yarışlarda fərqlənib, Rioya lisenziya xalları yığıb. Çexiyanın paytaxtı Praqa şəhərində Avropa kubokunda idmançımız Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə qazansa da, 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzdu. Təsəlliverici görüşlərdə fransalı Həmzə Ouçani və Ukrayna cüdoçusu Andri Kolesnikə qalib gəlib, bürünc medal qazandı. Almatı Qran-prisini isə gümüş medalla başa vurdu. Bu çəkidə Rioda gərgin rəqabətin gedəcəyi gözlənilir.
Cüdo Federasiyasının baş katibi Elmar Babanlı da Rioya vəsiqə əldə edən milli komandamızın üzvlərinin hər birinin dördilliyin zirvə yarışında medal şansları olduğunu bildirdi: “Son 9 ay ərzində, əsas yığma üzvləri, demək olar ki, bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə aparıblar. Avropa çempionatı, "Böyük dəbilqə" və "Qran-pri" turnirlərindən vətənə medallarla qayıdıblar. Onlar uğurlu çıxışlarını Rio tatamisində də davam etdirmək əzmindədirlər. Hazırda millimizin üzvləri Almaniyada təlim-məşq toplanışındadırlar, oradan birbaşa Rioya yola düşəcəklər. Onu da əlavə edim ki, indiyədək federasiya tərəfindən cüdoçuların hərtərəfli hazırlıq keçmələri üçün yüksək səviyyədə şərait yaradılmışdı. Tatami ustalarımızın hər birinin potensialı var. Güclərindən maksium istifadə etsələr, medal qazana bilərlər”.
Müstəqillik tariximizdə möhtəşəm Olimpiya Oyunlarında komandamızın aktivinə iki qızıl medal qazandıran cüdoçularımız növbəti uğura imza atmağa hazırlaşırlar. Rio tatamisində cüdoçularımızın 8 illik medal həsrətinə son qoyacaqlarına inanırıq.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.