Rio de Janeyro Yay Olimpiya Oyunları: kimə ümid edirik?

Müstəqil dövlət kimi ilk Olimpiya medalının güləş üzrə əldə edilməsi, bütün olimpiadalarda pəhləvanlarımızın parlaq qələbələri, son olimpiadanın iki qızıl medalının məhz bu növün təmsilçilərinin payına düşməsi Azərbaycanda güləşin nə qədər populyar olduğunu göstərir. İdman aləminin ən möhtəşəm oyunları - Rio Olimpiadasında  onlara böyük ümidlər bəsləməyimiz əsassız deyil. London Olimpiadasından sonra ötən dörd il ərzində bu sahədə böyük uğurlar əldə edilib. Təsadüfi deyil ki, ABŞ-ın Las Veqas şəhərində keçirilən və Rio Olimpiadasına lisenziya verən dünya çempionatında  Azərbaycan yığma komandası 18 mümkün lisenziyadan 11-ni əldə edib (qeyd edək ki, yığmamız, ümumilikdə, 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq parlaq nəticəyə imza atıb). Sərbəst güləşçilərimiz sonrakı üç lisenziya turnirində daha 2 vəsiqə əldə edərək, Rioya tam heyətlə yollanmaq şansı qazanıblar. "Klassiklərimiz" iki mümkün lisenziyadan birinə sahib olublar. Qadın güləşçilərimiz isə üç təsnifat yarışının heç birindən yararlana bilməyiblər. 

Əslində, "sərbəst"lər kimi yunan-Roma güləşçilərimizin də olimpiadada tam heyətlə iştirak etməsi üçün böyük imkanları var idi. London Oyunlarından ötən dörd il ərzində İran millisinin baş məşqçi köməkçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında ötən illər yığmanın əldə etdiyi uğurlar - o cümlədən bu il Dünya kuboku yarışlarının qalibi adını qazanması bunu deməyə əsas verir. Amma beş çəki dərəcəsində təmsilçiliyimiz də  pis nəticə deyil, üstəlik, vəsiqə sahibləri Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) kimi təcrübəli pəhləvanlardır.

Yığmanın Rio xalçasında medal şansları onların hazırkı fiziki formasından çox asılıdır. Şübhəsiz, yarışlarda əldə edilmiş təcrübə, eləcə də, rəqib amili də öz sözünü deyəcək. Elə götürək, komandanın ən titullu güləşçisi - Pekin və London olimpiadalarının gümüş medalçısı, dünya və ikiqat Avropa çempionu Rövşən Bayramovu. Karyerasında artıq üçüncü dəfə Olimpiya Oyunlarında mübarizə aparacağını, bu olimpiadanın onun üçün son şanslardan biri olacağını nəzərə alsaq, o zaman güləşçinin öz imkanlarından maksimum istifadə edəcəyini demək olar. Üç illik fasilədən sonra 28 yaşlı pəhləvanımızın dünya çempionatında lisenziya əldə etməsi də kifayət etdiyi halda, yarımfinalı uğurla adlayıb, həm də mundialın gümüş medalını qazanması yaxşı idman formasında olduğunu göstərdi. Üstəlik, London Olimpiadasının finalında və 2006-cı il dünya çempionatında məğlub olduğu, eyni zamanda, Rioda ona rəqib ola biləcək iranlı Olimpiya çempionu Həmid Sorianla 1/4 final mübarizəsindən qalib ayrılması idmançıya olan inamı daha da artırdı. Düzdür, çəki dəyişikliyi (55 və 60 kq çəkilər 59 kq-da birləşdirilib) bir qədər çətinlik yaradır. Rövşənin çəki dərəcəsində 55 və 60 kq çəkilərin ən iddialıları qüvvələrini sınayırlar. Digər tərəfdən 60 kq-dan gələnlərin normal çəkiləri artıq olur. Bütün bunlara rəğmən Rövşənin bu dəfə qızıl medal qazanacağına əminik.

Rioda 66 kq-da xalça üzərinə çıxacaq Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Rəsul Çunayev Las Veqas dünya çempionatının qalibi olsa da, qeyri-olimpiya çəki dərəcəsində mübarizə apardığı üçün lisenziyasız qaldı və arzusunu Türkiyədə keçirilən təsnifat turnirində reallaşdırdı. Serbiya, Almaniya, Cənubi Koreya, İran, Rusiya və dəfələrlə məğlub olduğu Macarıstan təmsilçiləri 25 yaşlı pəhləvan üçün ciddi rəqib hesab olunsalar da Rəsul qızıl medalı özünə hədəf seçib.

Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriətinin (130 kq) də Rio xalçasında mükafatçılar sırasında olacaqlarına ümid var.  Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev Rioda ona rəqib ola biləcək rusiyalı Roman Vlasov, danimarkalı Mark Madsen, qazaxıstanlı Doşan Kartikov kimi ad çıxarmış pəhləvanlarla mübarizədən qalib ayrıla bilər.

Xatırladaq ki, London Olimpiadasında yunan-Roma güləşçilərimiz medalların sayına görə (bir gümüş, bir bürünc medalla) 5-ci pillədə qərarlaşmışdılar. Ümid edirik ki, Rio Oyunlarında nəticələrini bir az da yaxşılaşdırıb nailiyyətləri ilə bizi sevindirəcəklər.

London Oyunlarında medalların sayına görə lider komandalardan hesab olunan "sərbəst" yığmamızın çiyinlərində birinciliyin məsuliyyət yükü də var. Onların qarşısında qazandıqları nailiyyətləri qoruyub saxlamaq, üstəlik, bir az da irəli getmək kimi vəzifə durur - yəni medalların sayını və keyfiyyətini daha da yaxşılaşdırmaq. Ötən yarışlarda başgicəlləndirici qələbənin güləşçilərimizdə arxayınçılıq yarada biləcəyi narahatlıq doğursa da, olimpiadaya bütün çəkilər üzrə vəsiqələrin əldə edilməsi və ötən dörd il ərzində qazanılan uğurlar bu narahatçılığın əbəs olduğunu göstərdi.

Rio xalçasına tam heyətlə çıxacaq "sərbəst"lərimizin bu olimpiadada da liderliklərini qorumaq şansları böyükdür. Olimpiya çempionu Toğrul Əsgərov Rio Olimpiadasının favoritlərindən biri hesab olunur. 19 yaşlı Azərbaycan pəhləvanının London Olimpiadasının finalında dördqat dünya çempionu rusiyalı Besik Kuduxov kimi güləşçiyə heç bir şans vermədən onu böyük hesabla (6-0) məğlub etməsi soydaşımızı güləş aləmində ciddi rəqib kimi səciyyələndirdi. Olimpiadadan sonra bir müddət yarışlara ara versə də, ilk Avropa Oyunlarının qalibi adını qazanması onun yaxşı idman formasında olduğunu göstərdi. Las Veqasda isə Toğrulun finala gedən yolunu, demək olar ki, hakim ədalətsizliyi bağladı. 1/4 final görüşündə Avropa Oyunlarının finalında məğlub etdiyi İtaliya təmsilçisi Çamizonun kürəyini yerə vursa da, bu, qeydə alınmadı. Toğrul Rioda ikiqat olimpiya çempionu olmağı qarşıya məqsəd qoyub.

Yığma komandanın ən yüngül çəkidə (57 kq) lisenziya sahibi Mircəlal Həsənzadədir. Monqolustanın Ulan-Bator şəhərində keçirilən ilk dünya təsnifat turnirində ikinci yeri tutmaqla, həm də lisenziya əldə edib. Qeyd edək ki, bu çəkidə London Olimpiadasında təmsil olunmamışdıq. Mircəlalla yanaşı, ikiqat dünya çempionu Hacı Əliyev də olimpiadada bu çəkidə təmsil olunmağa namizəddir. Yekun qərarı məşqçilər korpusu verəcək. Qeyri-olimpiya çəki dərəcəsi üzrə - 61 kq-da mübarizə aparan Hacı Əliyevin Las Veqasdakı çıxışına gəldikdə, yalnız yüksək fikirlər söyləmək olar. Bütün qarşılaşmalar zamanı yüksək hazırlıq göstərən pəhləvan sərbəst güləş tariximizdə ilk dəfə ikiqat dünya çempionu adını qazandı!

Dünya güləş aləmində diqqət çəkən pəhləvanlardan biri,  dünya çempionatının bürünc mükafatçısı, ikiqat Avropa çempionu və gümüş mükafatçı Cəbrayıl Həsənovdur. Londonda son saniyələrdə əldən verdiyi "bürünc"ü nəinki qaytarmaq, daha da yaxşılaşdırmaq potensialına malikdir. Düzdür, idmançı "London-2012"-dən sonra ötən dörd il ərzində dünya və Avropa mundiallarında çempionluğu bayram edə bilməyib, üstəlik, Las Veqasda DÇ-nın ilk mərhələsində əzəli rəqibi olan Rusiya təmsilçisi Anuar Geduyevə uduzmaqla medal və lisenziyadan məhrum oldu. Amma bundan sonra keçirilən lisenziya xarakterli Avropa təsnifat turnirinin bütün qarşılaşmalarında yüksək əzmkarlıq nümayiş etdirərək, turnirin finalına yüksəldi, Rio Olimpiadasında mübarizəyə iddialı olduğunu sübut etdi.

Yığma üzvlərindən daha biri - 86 kq-da lisenziya sahibi Məhəmmədhacı Xatiyevin Rioda iştirakı barədə məşqçi korpusu yekun qərar verəcək. Qeyd edək ki, Las Veqasda lisenziya xarakterli dünya çempionatında uğurlu startı ilə yadda qalan güləşçi lisenziya əldə etsə də, sonradan zədələnib, turniri medalsız başa vurub.  Bu çəkidə Rio Oyunlarında Şərif Şərifovun mübarizəsinə də böyük ümidlər bəslənilir. Olimpiya çempionu yüksək idman formasına malikdir.

Son iki olimpiadanın bürünc mükafatçısı Xetaq Qazyumovun (97 kq) ən böyük arzusu Olimpiya çempionu olmaqdır. Dünya və üçqat Avropa çempionunun karyerasının son olimpiada şansından yetərincə yararlanmağa çalışacağı təbiidir. Təcrübəsinin Oimpiya çempionluğu üçün kifayət qədər zəngin olan Qazyumovun ilk Avropa Oyunarında qızıl, Las Veqasda DÇ-da bürünc əldə etməsi, həm də yaxşı idman formasında olmasını göstərdi.

125 kq çəkinin liderlərindən hesab olunan Cəmaləddin Məhəmmədov dünya çempionatının finalına çıxıb, lisenziya qazanıb. 26 yaşlı güləşçimiz ötən olimpiadada iştirak etsə də, püşkdə bəxti gətirməmişdi, üçqat dünya çempionu Bilal Maxova elə təsnifat mərhələsində məğlub olmuşdu.  Türkiyəli Taha Akgül və Maxov, eləcə də  Las Veqasda məğlub etdiyi Gürcüstanlı Geno Petriaşvili Rioda ona rəqib ola biləcəklər.

Altı lisenziyaçıdan beşinin ikinci dəfə olimpiadada iştirak etdiyini, onlardan ikisinin  Olimpiya çempionu, birinin bürünc mükafatçı olduğunu nəzərə alsaq, Azərbaycan "sərbəst" yığmasını Rioda tayı-bərabəri olmayan komandalardan biri kimi səciyyələndirə bilərik. Yığmamızdan, əsaslı olaraq yüksək nəticə gözləyirik!

Qadın güləşçilərimiz Rioda üç çəkidə təmsil olacaqlar. Olimpiya xalçasında qızıl medala iddialılardan  Mariya Stadnikin adını xüsusi qeyd etməliyik. İki olimpiadada dalbadal bürünc və gümüş medallar qazanan Mariya bu dəfə düşünürük ki, Olimpiya çempionu olacaq! Elə özü də qızıl medalı hədəf seçib.  Yüksək güləş texnikası, taktiki və fiziki hazırlığı ilə fərqlənən Stadnik 2013-cü ili analıq məzuniyyəti səbəbindən buraxsa da, son üç əsas qitə yarışının qalibi, üç mundialdan ikisinin mükafatçısı olması hazırlığının  yüksək olmasından xəbər verir. Rioda, yalnız son üç DÇ-nin qalibi Eri Tosaka ona rəqib ola bilər.

53 kq-da Anjela Doroqanın Rioda mübarizəsi planlaşdırılır. Düşünürük ki, ona bəslənilən etimadı doğrulda bilər. 2015-ci ildə böyük nailiyyətlər əldə etməsi - ilk Avropa Oyunlarının və qitə çempionatının qalibi  olması həmyerlimizin yüksək potensialından xəbər verir. Amma onu da qeyd edək ki, Olimpiya xalçasında onu ciddi rəqiblər gözləyir. Ümid edək ki, idmançımız potensialından maksimum yararlana  bilər.

58 kq-da lisenziyanı Yuliya Ratkeviç qazanıb. Düzdür, bu çəkidə daha bir iddialı idmançımız var - son qitə çempionatının qızıl medalını qazanan Nataliya Sınışin. Lakin  son dörd il ərzində iştirakçısı olduğu iki DÇ-də medal qazanması Ratkeviçin yaxşı formada olduğunu göstərir. "London-2012"-də bürünc medal qazanan Yuliyanın çəkisində Rioda medal uğrunda mübarizə aparacağı güclü rəqiblər yer alıb. Ratkeviçin medal şansları da yüksək dəyərləndirilir.

Rio de Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək güləşçilərimizin imkanlarının təhlili onlardan yüksək uğurlar gözləməyə əsas verir. Rio xalçasında pəhləvanlarımızın mübarizəsini səbirsizliklə gözləyirik!

(ardı var)

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında