Bu artıq xoş bir ənənə halını almışdır ki, müstəqil Azərbaycan Respublikasının ən yaxşı idmançıları vahid komanda şəklində hər dəfə Olimpiya Oyunlarına yola düşərkən ölkə başçısı onlarla görüşür, nümayəndə heyətimizin üzvlərinə xeyir-dua verir. Artıq iyirmi illik tarixi olan bu ənənə öz başlanğıcını 1996-cı ildən götürür.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində ölkədə idmanının inkişafına böyük qayğı göstərmiş Prezident Heydər Əliyev həmin il Zuqulbadakı “Gənclik” mərkəzində ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün okeanın o tayına səfərə hazırlaşan idmançılarımızla görüşüb onlara yaxşı yol və uğurlar arzuladı. Nümayəndə heyətimiz Olimpiadadan qayıtdıqdan sonra isə dövlət başçısı olimpiyaçıları Prezident Sarayında qəbul edib, onların Olimpiya Oyunlarında iştirakını, xüsusən də sərbəst güləş ustası Namiq Abdullayevin gümüş medalını yüksək qiymətləndirdi və müstəqil Azərbaycanın bu ilk Olimpiya mükafatı münasibətilə bütün xalqımızı səmim-qəlbdən təbrik etdi.
Sonralar, Sidney-2000, Afina-2004, Pekin-2008 və London-2012-də də belə olmuşdur. Komandaya Avstraliyaya səfər ərəfəsində yenə ulu öndər Heydər Əliyev uğurlar arzulamış, olimpiyaçılarımızı Yunanıstan, Çin Xalq Respublikası və İngiltərəyə isə ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev yola salmışdır.
Budur, dünya daha bir Olimpiya Oyunlarının həyəcanı ilə yaşayır. Uzaq Braziliyanın Rio-de-Janeyro şəhərinin nəhəng “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə cəmi 16 gün qalır. Artıq bütün yollar Olimpiadanın iştirakçılarını, iki yüzdən çox ölkənin təmsilçilərini Rio sahillərinə aparır.
Azərbaycan idmançıları da səfərə son hazırlıq görürlər. Braziliya səması altında XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi olmuş və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev mərasimdə geniş nitq söyləmişdir.
Cənab Prezident demişdir: Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə-56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə-10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər...
Olimpiadadan Olimpiadaya daha böyük nümayəndə heyəti ilə təmsil olunan və daha çox medal qazanan Azərbaycan idmançılarının bu dəfə də Vətənin etimadını şərəflə doğruldacaqlarına inam böyükdür. Xalqımızda bu inamı çempionlar özləri yaratmışlar. Dövlətin, şəxsən Prezident İlham Əliyevin gündəlik qayğı və diqqəti ilə əhatə olunmuş Azərbaycan idmançıları indi istənilən yarışda bir-birindən layiqli qələbələr qazanmağı bacarırlar. Nəhəng idman saraylarında ölkənin şərəfini layiqincə qorumaq arzusu ilə yaşayan və bu yolda əsl fədakarlıq, yüksək ustalıq nümunəsi göstərən idmançılarımızın məhz möhtəşəm qələbələri sayəsində Azərbaycan bütün dünyada yekdilliklə idman ölkəsi kimi tanınır və getdikcə böyük idman dövlətləri sırasında onun mövqeləri daha da möhkəmlənir.
Azərbaycan idmançıları Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bir sıra növlərdə yüksək zirvələr fəth etmək, böyük qələbələri şərəfinə dövlət himnimizi səsləndirmək, milli bayrağımızı yüksəklərə ucaltmaq əzmindədirlər. Düşünmək olar ki, onların buna gücü və ustalığı çatacaq. Bu barədə danışarkən ilk növbədə güləş, boks, cüdo, taekvondo ustalarını, avarçəkənləri və bəzi başqa idman növləri nümayəndələrini qeyd etmək olar. Onların sırasında qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan məşhur çempionlar, müxtəlif illərdə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının, “Qran-pri”, “Böyük dəbilqə” turnirlərinin və bir çox digər mötəbər yarışların qalib və mükafatçıları çoxdur.
Sərbəst üsulla güləşən, London Olimpiadası -2012-nin çempionu Toğrul Əsgərov, yunan-Roma güləşində həmin Oyunların gümüş mükafatçısı Rövşən Bayramov, qadın güləşində Pekin-2008-in bürünc, London-2012-nin gümüş mükafatçısı Mariya Stadnik, boksçular, dörd il əvvəl İngiltərə paytaxtından Azərbaycana bürünc medallarla qayıtmış Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, habelə taekvondoçular Radik İsayev, Milad Beiqi Harçeqani, cüdoçular Rüstəm Orucov, Elmar Qasımov və onların komanda yoldaşları çətin sınaqları tam hazırlıqla qarşılamaq üçün gərgin məşqlərdə qüvvə və bacarıqlarını əsirgəməmişlər.
Yeri gəlmişkən, Azərbaycan olimpiyaçılarından birinci olaraq Olimpiada-2016-da çıxışlarına cüdoçular və boksçular başlayacaqlar. Onların yarışlarına Oyunların açılış mərasiminin ertəsi günü, avqustun 6-da start veriləcək. Lakin rinq ustalarının turnirində medalların sahibləri bir qədər gec (14-21 avqustda) müəyyənləşəcəksə, cüdoçuların mübarizəsində artıq yarışın birinci günü 60 kq çəki dərəcəsində qalib və mükafatçılar məlum olacaq. Bu çəkidə Azərbaycanı Orxan Səfərov təmsil edəcək. Növbəti günlərdə isə Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) tatami üzərinə dəvət olunacaqlar.
Bir-birindən əzəmətli idman kompleksləri, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm yarışları ən yüksək səviyyədə təşkil etmək bacarığı ilə, ildən-ilə beynəlxalq meydanda qazandığı bir-birindən böyük nailiyyətlərlə dünyanı valeh edən Azərbaycan planetin ən qüdrətli idman ölkələri sırasında inamla addımlayır. Onun nümayəndələri 2016-cı ilin avqust ayında Rio-de-Janeyroda ölkə idmanı tarixinə yeni parlaq səhifə yazmağa çalışacaqlar.
Çətin sınaqlarda olimpiyaçı olmaq hüququ qazanmış ən yaxşı idmançılar ölkəmizin əsl sərvətidir. Biz isə öz növbəmizdə onları, eləcə də XXXI Yay Olimpiya Oyunları finişə çatdıqdan sonra elə həmin Rio-de-Janeyroda starta çıxacaq XV Paralimpiya Oyunlarında mübarizəyə qoşulacaq bu yarışların ikiqat çempionu cüdoçu İlham Zəkiyevi və onun paralimpiyaçılar komandasından olan dostlarını dəstəkləməyə hazırlaşaq.
Qeydlərimizi də elə İ.Zəkiyevin yuxarıda xatırlatdığımız mərasimdə Prezident İlham Əliyevə müraciətlə dediyi sözlərlə yekunlaşdıraq: Biz idmançılar sizin xeyir-duanızla dörd ilin yekunu olan Paralimpiya Oyunlarına yola düşəcəyik. Sizə söz veririk, İnşallah, biz paralimpiyaçılar ənənəmizə sadiq qalaraq, var qüvvəmizlə çalışacağıq ki, orada himnimizi səsləndirək, bayrağımızı zirvələrə qaldıraq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.