FİDE rəsmiləri razıdırlar

Bakı Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə hazırlaşır

İki il əvvəl, 2014-cü ildə dünya çempionu Maqnus Karlsenin Vətəni Norveçin Tromsö şəhərində keçirilmiş 41-ci Ümumdünya Şahmat Olimpiadası öz bayrağı ətrafına 176 kişi və 136 qadın komandası toplamışdı. Planetin bir çox güşəsində qədim və müdrik oyun  ustaları və pərəstişkarlarının böyük hörmətlə Şah kimi çağırdıqları Şəhriyar Məmmədyarovun Vətənində isə 42-ci Olimpiada, ola bilsin, iştirakçı ölkələrin sayına görə hətta bu rəqəmləri də üstələsin.

Sentyabrın 1-də Bakıda, Milli Gimnastika Arenasında açılış mərasimi keçiriləcək Ümumdünya Şahmat Olimpiadası həm də yüksək səviyyədə təşkilinə görə bu yarışların tarixinə ən yaddaqalan Olimpiada kimi daxil olacaq. Təsadüfi deyil ki, son vaxtlar paytaxtımızın dünya şahmat elitasının görüşünə hazırlığı ilə bağlı tez-tez Azərbaycanın qonağı olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndələri Bakıya hər gəlişlərində gördüklərindən məmnun qaldıqlarını bildirirlər. Bu yaxınlarda matçların keçiriləcəyi Kristal Zalda olmuş FİDE-nin vitse-prezidenti İzrail Gelfer və bu təşkilatın prezidentinin köməkçisi Berik Balqabayev Təşkilat Komitəsinin üzvləri ilə görüşüb işlərin gedişini müzakirə edərkən Azərbaycanın Olimpiadaya və  Bakıda keçiriləcək FİDE-nin 87-ci konqresinə hazırlığını yüksək qiymətləndirmişlər.

Elə Azərbaycan şahmatçılarının da Olimpiadaya hazırlığı yüksək səviyyədə təşkil olunub. Artıq  xəbər verildiyi kimi, həmvətənlərimiz Olimpiadanın sahibləri kimi həm kişilərin, həm də qadınların yarışında üç komanda ilə təmsil olunacaqlar. Təbbii ki, medallar uğrunda mübarizədə əsas ümidimiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət birinci heyətdir. Bu komanda hazırda Qəbələdə təlim-məşq toplanışı keçir. Oradan alınan məlumata görə, komanda fransalı qrossmeyster Etyen Bakronun rəhbərliyi ilə qarşıdakı çətin mübarizəyə yüksək əhval-ruhiyyə ilə hazırlaşır. R.Məmmədov bu barədə Olimpiadanın mətbuat xidmətinə müsahibəsində bildirmişdir ki, ölkəmizdə şahmatı çox sevirlər. Ona görə də inanırıq ki, yarış güınlərində dəstəksiz qalmayacağıq. Ümid edirik ki, nəhayət, biz Olimpiadada medal qazanacağıq.

Əlbəttə ki, komandaya inanan və onun uğuruna böyük ümidlər bəsləyən idman ictimaiyyətimiz, ilk növbədə, isə şahmat pərəstişkarlarımız öz sevimlilərinin çıxışlarını diqqətlə izləyəcəklər. Birinci komandamıza dəfələrlə müxtəlif turnirlərdə yüksək nəticələrə nail olmuş mahir qrossmeysterlər daxildir. Onların evdə Olimpiada medallarına necə can atacaqlarını, 11 turdan ibarət mürəkkəb yarış məsafəsində kiminlə qarşılaşacaqlarından asılı olmayaraq çətin sınaqlara çox ciddi hazırlaşdıqlarını təsəvvür etmək çətin deyil.

May ayında Məmmədyarovun Şəmkirdə unudulmaz qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən üçüncü beynəlxalq turnirdə inamla oynayaraq Sergey Karyakin (Rusiya), Fabiano Karuana (ABŞ),  Aniş Giri (Hollandiya) kimi super qrossmeysterləri qabaqlayıb yarışın baş mükafatını qazanaması, şübhəsiz, Şəhriyarı və onun milli komandamızdakı dostlarını Olimpiadada yüksək məqsədlər uğrunda mübarizədə daha da ruhlandıracaq.

Yığmamızın daha bir üzvü A.Naydiç isə bu yaxınlarda İsraildə keçirilmiş beynəlxalq turnirdə yüksək nəticəsi ilə diqqəti cəlb etmişdir. Əlli rəqibin iştirak etdiyi yarışda təmsilçimiz altı qələbə və bir heç-heçə sayəsində 7 mümkün xaldan 6,5 xal toplayaraq birinci yerin sevincini yaşamışdır. Azərbaycan şahmatçısının necə böyük fərqlə qalib gəldiyini diqqətə çatdırmaq üçün qeyd edək ki, ikinci-üçüncü yerləri bölüşdürmüş rusiyalı Daniil Yuffa və İsrail nümayəndəsi Tamir Nabati qalibdən 1,5 xal geri qalmışlar.

Olimpiada günlərində Nabati də Bakının qonağı olacaq. Azərbaycan paytaxtında İsrailin kişilərdən ibarət komandasını onunla yanaşı, Maksim Rodşteyn, Yevgeni Postnı, Maykl Rouz və Tal Baron təmsil edəcəklər.

 Ümumdünya Şahmat Olimpiadasında Bakının ən hörmətli qonaqlarından biri dünya çempionu Maqnus Karlsen olacaq. Olimpiada sınaqlarında Norveç komandasına məhz Karlsen başçılıq edəcək. Lakin qarşıdakı səfər dünya çempionunun ölkəmizə heç də ilk səfəri olmayacaq. Əvvələr Maqnus Bakıda FİDE-nin  Qran-pri turnirində oynamış, habelə Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən ilk iki turnirdə iştirak etmiş və hər iki halda Norveçə qələbə ilə qayıtmışdır.

Olimpiadanın medalları uğrunda mübarizədə baş rollardan birini oynamağa namizəd olan ABŞ-ın kişi şahmatçıları Azərbaycan paytaxtına dünya şöhrətli qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, habelə Rey Robson və Semuel Şenklenddən ibarət heyətlə gələcəklər. Qadınların yarışında isə bu ölkəni İrina Kruş, Anna Zatonskix, Katerina Nemtsova, Nazi Paykidze və Sabina Foysor təmsil edəcəklər.

Keçmiş dünya çempionu X.R.Kapablankanın həmvətənləri Kuba şahmatçılarını da unutmaq olmaz. Onlar Olimpiadada Lazaro Bruzon, Yuneska Kesado, İsan Ortis və Yuri Qonsalesdən ibarət heyətlə yarışacaqlar.

İlin ən mühüm idman hadisələrindən biri Bakıda Ümumdünya Şahmat Olimpiadasına getdikcə daha az vaxt qalır. İndi idman aləmini dünya şahmat bayramından cəmi ay yarımlıq məsafə ayırır. Sentyabrın bütün birinci yarısı ərzində bizi Olimpiada medalları uğrunda maraqlı və gərgin mübarizə vəd edən bir-birindən mühüm matçlar gözləyir. Hələlik isə hamı qələbə və medalların yollarını axtarır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında