Rio de Janeyro Yay Olimpiya Oyunları: Kimə ümid edirik?

“Qızıl” komandamız Rio rinqini fəth edə biləcəkmi?

Dünyanın ən böyük idman hadisəsi olan Rio de Janeyro Yay Olimpiya Oyunlarına cəmi 20 gün qalıb. Mundialda böyük qüvvə ilə təmsil olunmaq yüksək nəticələr uğrunda mübarizəyə imkan yaratdığına görə ölkələr daha çox lisenziya qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışıblar.

Onlardan bəziləri əldə edilmiş nəticələrdən razıdır, necə deyərlər, idman bayramına "dolu səbət"lə gedir. Şübhəsiz, dördilliyin ən böyük idman tədbirinə hazırlıq dövlətlərin bütün sahələrdə inkişafından və yaxud tənəzzülündən əhəmiyyətli dərəcədə asılı olub. Nəticə isə göz qabağındadır. Azərbaycanın "Rio-2016"-da ötən olimpiadalarla müqayisədə rekord sayda idman növü və idmançı ilə təmsil olunması faktı qürurvericidir.

10 minədək idmançının 39 yarış növü üzrə 301 dəst medal uğrunda mübarizə aparacağı budəfəki oyunlarda Azərbaycanın 55 idmançısı 57 lisenziyanı təmin edib. Onu da qeyd edək ki, Azərbaycan  Olimpiya Oyunlarında iştirakının Rio de Janeyroda 20-ci ilini qeyd edəcək. Statistikaya nəzər salsaq, respublikamızın müstəqil ölkə kimi təmsil olunduğu ilk olimpiadadan nəticələrinin yüksələn xətlə davam etdiyini görərik.  1996-cı ildə Atlanta Olimpiadasında komandamız 1 medal (gümüş), "Sidney-2000"-də 3 medal (2 qızıl, 1 bürünc), "Afina-2004"-də 5 medal ( 1 qızıl, 4 bürünc), "Pekin-2008"-də  7 medal ( 1 qızıl, 2 gümüş, 4 bürünc) qazanmışdısa, sonuncu - "London-2012"-də 10 medal ( 2 qızıl, 2 gümüş, 6 bürünc) əldə etdi. Son Olimpiya Oyunlarında ölkəmiz 30-cu yerdə qərarlaşdı. Qeyd edək ki, 2004-cü il Afina Olimpiadasında 37-45-ci, 2008-ci il Pekin Olimpiadasında 39-cu olmuşduq. Ötən dövrlə müqayisədə, növbəti olimpiadada lisenziyaçılarımızın say baxımından üstünlük təşkil etməsi və yeni idman növlərində təmsil olunmağımız yeni nailiyyətlərin əldə olunması üçün böyük şanslar yaradır.

Olimpiadaqabağı, yəni son bir ay ərzində, əsasən, medal ümidlərimizlə bağlı imkanlar götür-qoy edilir.  Ötən olimpiadalarda komandamız güləş, boks, cüdo idman növlərində daha böyük uğurlar əldə edib. Düzdür, son olimpiadada cüdo ilə bağlı ümidlərimiz doğrulmadı. Amma güləşçilərimiz  ölkəmizin idman tarixinə parlaq səhifələr yazdılar. Boksçularımız isə, ötən oyunlardakı kimi, yenə də "bürünc"lə kifayətləndilər. Amma bu, o demək deyil ki, digər növlərdən, o cümlədən ilk dəfə təmsil olunacağımız idman növlərindən uğur gözləmirik. Yeni təmsil olunacağımız növlərdə də  medal proqnozlaşdırılır.

Tam heyətlə təmsil olunacağımız idman növlərində, şübhəsiz, şanslarımız daha çoxdur.  Bunlardan biri boksdur. Onu da qeyd edək ki,  iştirak etdiyimiz olimpiadalar tarixində ilk dəfədir ki, bu növ üzrə tam heyətlə təmsil olunacağıq. Bu, Boks Federasiyasının ötən illər ərzində göstərdiyi məqsədyönlü fəaliyyət nəticəsində mümkün olmuşdur. Qeyd edək ki, bundan əvvəl ən yaxşı göstərici "Afina-2004"-də olub -  9 boksçu ölkəmizin idman şərəfini qoruyub. Rio Oyunlarına yollanacaq boksçular siyahısında Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqədir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Yana Alekseyevna (60 kq) yer alıblar.

Yarışda Kuba, Böyük Britaniya, Qazaxıstan və Özbəkistan da Azərbaycan kimi bütün çəki dərəcələrində təmsil olunacaqlar. İndiyədək  olimpiadaların hamısında boks üzrə, yalnız, bürünc medallar qazanmışıq. Görəsən Olimpiya rinqində iştirakımızın 20-ci ilində boksçularımız çempionluq sevinci yaşaya biləcəklərmi? Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse- prezidenti Ağacan Abiyev Rio rinqinin boksçularımız üçün uğurlu olacağı ilə bağlı proqnoz verdi: "Rio Olimpiadasında rinq ustalarımızın nəticələri daha yaxşı olacaq. Bu dəfə yığmamızı "qızıl" komanda adlandıra bilərəm. Boksçularımızın dünyanın ən irimiqyaslı idman yarışı olan Rio Olimpiadasında, tam heyətlə təmsil olunması çox böyük nəticədir. Millimizin tərkibində dünya, Avropa çempionları, ilk Avropa Oyunlarının qalibləri var. Onlar çox güclü döyüşçülərdir. Düşünürəm, gümüş və qızıl medallarımız da olacaq".

Yeri gəlmişkən onu da qeyd edək ki, komandamızın bayraqdarı boks yığmasının üzvü, medala iddialı, gənc dəri əlcək ustası Teymur Məmmədovdur. Dünya həvəskar boksçuları arasında yüksək nəticələri ilə fərqlənən Teymur Məmmədov 19 yaşda London Olimpiadasında mübarizə apardı, hakim ədalətsizliyi ucbatından üçüncü yerlə kifayətlənməli oldu. Yarımfinalda ondan xeyli təcrübəli olan  italiyalı Klemente Russoya qarşı mübarizəsini yəqin çoxları xatırlayır. Sonacan inamlı təsir bağışlayan, xüsusilə 3-cü raundda rəqibini çətin vəziyyətə salan Teymurun qələbə qazanacağına heç kimdə şübhə qalmadığı halda, hakim Teymurun yox, məhz Russonun əlini havaya qaldırdı. 19 yaşlı boksçu bu hadisədən 3 il sonra - ilk Avropa Oyunlarında İtaliyanın başqa bir boksçusunu 3:0 hesabı ilə məğlub edib qızıl medal qazandı. Dünya çempionatının gümüş, bürünc medalçısı 18 yaşında 18 illik fasilədən sonra Avropa çempionatının qızıl medalını ölkəmizə gətirdi. Teymurun yüksək nəticələr əldə etməsinə çox böyük ümidlər var. Üstəlik, komandamızın bayraqdarı olması onun məsuliyyətini birə-beş artırır.

Ən titullu boksçularımızdan biri kimi Məhəmmədrəsul Məcidovun ancaq qızıl medal uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar. Avropa və ikiqat dünya çempionu özü də "Rio-2016"-da məhz çempionluq uğrunda döyüşəcəyini deyir. Məşqçilər heyəti Məcidovun rəqiblərinin əvvəlkindən xeyli güclü, olmasına baxmayaraq, onun döyüş təcrübəsini, potensialını nəzərə alıb yüksək nəticələr qazanacağına ümid edirlər.

Əsas qızıl medal ümidlərimizdən biri kimi Elvin Məmişzadənin də adını çəkə bilərik. Yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev "Elvin Məmişzadə universal boksçudur, ayaqlarla çox gözəl işləyir, sürətlidir. Rəqibi görüb, qarşılayıcı zərbə ilə onu üstələyə bilir. Yəni, hiyləgər idmançıdır. Bu da boksçu üçün çox vacibdir. O, dünya çempionu adını qazanmaqla ilk ümidimiz olub", - deyə ondan da qələbə gözlədiklərini açıqlayıb. Qeyd edək ki, 25 yaşlı boksçu yeganə idmançıdır ki, Rioya son dünya çempionatında qalib olduğu çəkidə yollanacaq.

Medal ümidlərimizdən biri də 60 kq çəki dərəcəsidir. Bu çəkidə yığmamızın tərkibində inamlı çıxışları ilə yadda qalan dünya və ikiqat Avropa çempionu Albert Səlimov təcrübəli boksçu kimi tanınır. Düzdür, indiyədək olimpiadada çıxış etməyib. Belə ki, zədə səbəbindən London Olimpiadasından məhrum olub. Ümumiyyətlə, dəri əlcək ustasının karyerasında bir sıra uğursuzluqlar olub, hətta bir müddət boksdan getməyi də düşünüb. Elə son dünya çempionatında ciddi zədə ilə bağlı döyüşünü davam etdirə bilmədi. Belə demək mümkünsə, dünya çempionatının qızıl medalını kubalı Lazaro Alvaresə "bağışladı".  Düzdür, London Olimpiadasının bürünc medalçısı, üçqat dünya çempionu Alvares və digər rəqibləri də güclüdürlər və Alberti ciddi qarşılaşmalar gözləyir. Məşqçi korpusu boksçumuzun qələbəsinə inanır.

56 kq çəkidə ölkəmizi təmsil edəcək 24 yaşlı Cavid Çələbiyev kifayət qədər güclü potensiala malikdir. Boksçu Rio rinqində qızıl medalı özünə hədəf seçib. Çoxları 2013-cü il dünya çempionatında qızıl medal qazandıqdan sonra bəzi yarışlarda, eləcə də, ilk Avropa Oyunlarında iştirak etmədiyinə görə Cavid Çələbiyevin əvvəlki idman formasında olmadığını düşünürdülər. Türkiyənin Samsun şəhərində keçirilmiş Avropa təsnifat turnirində 56 kq çəki dərəcəsində qızıl medal qazanıb, olimpiadaya vəsiqə əldə etməklə güclü potensialını bir daha nümayiş etdirdi. Düzdür, o AİBA-nın Peşəkar Boks yarışından da olimpiadaya lisenziya qazana bilərdi. Həmin yarışda 5 döyüş keçirib 3-də qələbə qazanan idmançımız hakim haqsızlığına görə istəyinə çata bilməyib. Yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev "Cavid Çələbiyev də, öz növbəsində, yaxşı idmançılar sırasındadır. Rəqiblərinə qarşı sonadək yorulmadan mübarizə aparır", - deyə ona da ümid etdiyini bildirib.

 Lorentso Sotomayor da əsas medal ümidlərimizdəndir.  31 yaşlı boksçumuzun, həm də yaşına görə maksimum  qüvvəsini səfərbər edəcəyini gözləmək olar. Rəqiblərinə görə, demək olar ki, onu heç də asan mübarizə gözləmir. Son dünya və Avropa çempionu Vitali Dunaytsev, kubalı  Olimpiya və üçqat dünya mükafatçısı Yasniel Toledo və digərləri arasında gərgin mübarizə gedəcək.

İstedadlı boksçumuz Pərviz Bağırovun da Rio rinqində yüksək səviyyədə mübarizə aparacağı proqnozlaşdırılır.  Boks üzrə ilk olimpiya mükafatçımız Vüqar Ələkbərovun yetirməsi ilk Avropa Oyunlarında qələbə qazandı və bunun təsadüfi olmadığını sonrakı çıxışları ilə sübut etdi. Qətərin paytaxtı Dohada inamlı mübarizəsi (kubalı Olimpiya çempionu Roniel İqlesiasa qalib gəlməsi turnirin əsas sensasiyalarından biri idi) ona olimpiya lisenziyası əldə etməyə imkan verdi.

Millimizin digər medal şansı Əbdülqədir Abdullayev da  Pərviz Bağırov kimi ilk Avropa Oyunlarının qalibi olduqdan sonra Dohada bürünc medal qazanıb. Onun da Rio rinqində uğur qazanacağına ümidər böyükdür.

Millimizin daha bir üzvü- Nankində keçirilən gənclərin II Olimpiya Oyunlarının qalibi, 49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov da yüksək idman formasına görə "Rio-2016"-da fərqlənə bilər. Bir ildən bir qədər çoxdur ki, kişilər arasında mübarizə aparır. Avropa çempionatının bürünc medalçısıdır. Dünya çempionatında isə ən yaxşı 8 idmançı sırasında yer alıb.

 Olimpiya lisenziyasını 75 kq çəki dərəcəsində Heybulla Musalovun karyerasını bitirməsindən sonra əsas yığmada möhkəmlənən Kamran Şahsuvarlı təmin edib. Düzdür, 23 yaşlı boksçu yetərincə təcrübə qazanmayıb. Rəqibləri arasında isə titullu və təcrübəli boksçuların olması onun üçün ciddi sınaq olacaq. Amma bunu da nəzərə alaq ki, Olimpiya rinqi üçün gərgin rəqabət xarakterikdir.

Olimpiya rinqində yeganə qadın təmsilçimiz Yana Alekseyevna mübarizə aparacaq. Olimpiadalar tarixində ikinci dəfədir ki, qadın boksçumuz gücünü sınayacaq. Düzdür, ilk təmsilçimiz  Yelena Vıstropova ilə bağlı daha nikbin proqnozlar səsləndirilirdi. Onun “London-2012”-də medalın bir addımlığında dayanması da bunu sübut etdi. Amma Yananın şansları o qədər yüksək qiymətləndirilmir. Şübhəsiz, bu, son söz deyil. Son sözü isə Yana özü deməlidir.

Rinq ustalarımızın medal şansları ilə bağlı fikirləri nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, "qızıl" komandamızın üzvlərinin yüksək nəticələr qazanmaq şansı var.

(davamı var)

Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında