İslam Oyunları ilk növbədə müsəlman ölkələri arasında həmrəyliyi gücləndirəcək

Bəşəriyyət son dövrlər həssas bir mərhələyə qədəm qoyub. Sivilizasiyaların toqquşduğu, dini dözümsüzlüyün tüğyan etdiyi, irqi ayrı-seçkiliyin başağrısına çevrildiyi müasir dövr üçün xarakter olan ikili standartlar yeni dünya nizamı üçün problemlər yaratmaqdadır. "Böyük güclər"in birtərəfli siyasəti dünyanı çalxalamaqda davam edir.

Bu da sirr deyil ki, dünyada baş verən humanitar fəlakətlər, əsasən, müsəlman dünyasını sarsıtmaq, xalqları bədbəxtliyə düçar etməklə onları öz iradələrinə tabe etdirmək məqsədi daşıyır. XXI əsrin ən böyük bəlalarından olan islamofobiya meyilləri gücləndikcə bu proses daha da sürətlənir, dini dözümsüzlüyün bərqərar olduğu ölkələrin sayı çoxalır və beləliklə, müsəlman cəmiyyətləri  müxtəlif istiqamətlərdən təsir hədəfinə çevrilirlər. Məhz buna görə son dövrlər daha çox qlobal əhəmiyyətli humanitar tədbirlərin təşkilinə diqqət yetirilir, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqların keçirilməsi üçün böyük işlər görülür. Humanitar fəlakətlərin qarşısının alınmasına hesablanmış bu cür ümumdünya tədbirlərinin keçirildiyi məkan kimi Azərbaycan diqqət mərkəzindədir.

Onu da qeyd edək ki, əslində, müasir dünyanın inkişafına mane olan əngəllərin qarşısını almaq ikili standartlardan ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycanın da maraqları daxilindədir. Məhz bu ədalətsizlik ucbatından 20 faiz torpağı işğal edilən, 1 milyona qədər vətəndaşı öz ev-eşiyindən didərgin salınaraq qaçqın-köçkün vəziyyətinə düşən, soyqırımı kimi dəhşətli cinayətə məruz qalan Azərbaycanın haqq səsi hələ də eşidilmir.

Yeni dünyanın mürəkkəb nizamına baxmayaraq, müstəqillik yaşı cəmi 25 il olan, indiyə qədər müharibə vəziyyətində yaşamağa məcbur edilən ölkəmiz inkişafdan qalmamışdır. Regionun lider dövlətinə çevrilməsi dünyada onun çəkisini artırmaqla yanaşı, müsəlman dünyasında da böyük nüfuz sahibinə çevirmişdir.

Ötən illər ərzində Azərbaycanın dünyanın tərəqqisinə verdiyi zəngin töhfələrdən İslam aləmi də yetərincə bəhrələnmişdir. Gələn il ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə müsəlman aləmində növbəti böyük uğura imza atmağa hazırlaşır. Belə bir həssas dövrdə müsəlman aləminin mötəbər tədbirə toplanaraq həmrəy olması bir çox cəhətdən zəruridir. Əvvəla, müsəlman dünyası üçün vacib olan bu tədbirin müasir, inkişaf etmiş və dünyəvi bir ölkədə, Qərblə Şərqin qovuşuğunda yerləşən, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır.

Bakıda təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda IV İslam Həmrəyliyi Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir".

Ölkəmizdə keçirilən bütün qlobal əhəmiyyətli tədbirlərin təşkili zamanı dünya xalqlarının bir-birinə daha yaxın olması, onlar arasında sıx əməkdaşlığın yaranması üçün məqsədyönlü işlər görülür. Bunun təsdiqi kimi ölkəmizin ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyini nümunə göstərə bilərik. Yarışların keçirildiyi 17 gün ərzində müxtəlif dinlərin, sivilizasiyaların, millətlərin nümayəndələri Avropanın mədəni mərkəzlərindən biri olan Bakıda bir araya gəldilər. Bir qitənin insanları özlərini bir şəhərin – Bakının sakinləri kimi hiss etdilər. Məhz, Azərbaycanda Avropa Oyunlarının standartları müəyyən edildi. Bu oyunlar zamanı bütün dünyadan minlərlə insan Bakıya təşrif buyurdu.

Ötən ay isə dünyanın ən baxımlı və irimiqyaslı tədbirlərindən biri olan "Formula-1"-də yarım milyardadək insanın diqqəti tolerantlığın mərkəzlərindən biri olan Bakıya yönəldi. Müxtəlif mədəniyyətlərin, dinlərin beşiyinə çevrilmiş ölkəmizdə yarış iştirakçıları, tamaşaçı və qonaq qismində gəlmiş insanlar özlərini evlərindəki kimi hiss etdilər, çoxlu mədəni tədbirlərdə iştirak etdilər, vətənlərinə xoş təəssüratla qayıtdılar.

Son illər bir-birinin ardınca ölkəmizdə keçirilən qlobal əhəmiyyətli tədbirlər Bakını dünyanın mədəni paytaxtlarından birinə çevirməklə yanaşı, təhlükəsiz, çoxmədəniyyətli, tolerant şəhər kimi tanıdıb, dünyanın hər yerindən insanlar buraya səfər edirlər. İslam Həmrəyliyi Oyunlarının tarixinə nəzər salsaq, mundialın yolunun heç də hamar olmadığını görərik. İlk dəfə həmrəylik yarışı Səudiyyə Ərəbistanında keçirilmişdir. Yarışda 55 İslam dövlətinin nümayəndəsi 15 idman növü üzrə qüvvəsini sınayıb. 2009-cu ildə yarışın İranda keçirilməsi nəzərdə tutulsa da, fikir ayrılığı səbəbindən ləğv edilib. III oyunlar 2013-cü ildə İndoneziyada keçirilib. Bu yarışda 44 müsəlman dövlətinin nümayəndəsi, 13 idman növü üzrə qüvvəsini sınayıb. IV İslam Həmrəyliyi Oyunlarının proqramına isə rekord sayda – 20 idman növündə  beş mindən çox idmançının qüvvəsini sınayacağı nəzərdə tutulub. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir.

Bu yarışı fərqləndirən digər cəhətlərdən biri də milli zorxana oyununun proqrama salınmasıdır.  Oyunların keçiriləcəyi məkanlar da artıq müəyyən edilib. Yarışlar ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən idman obyektlərində – Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi və digər yerlərdə keçiriləcək. Artıq Oyunların İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə bilrləşdirən yeni loqosu hazırlanıb. Oyunların brendində isə  əksər müsəlman dövlətlərinə xas olan zəngin mədəni ənənənin tərkib hissəsi olaraq xalçaçılığın müasir təsviri yer alıb. Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.

Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib. Bu, İslam mədəniyyətinin və İslam Həmrəyliyi Oyunlarında keçirilən idman tədbirlərinin müasir təsviridir. Yarışın əsas şüarı isə "Həmrəylik bizim gücümüzdür" seçilib.

Oyunlarda komandamızın yüksək nailiyyətlər əldə etməsi üçün hazırlıq işləri davam etdirilir. Qeyd edək ki, I İslam Həmrəyliyi Oyunlarında  Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuşdu. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşmışdı.

İndoneziyanın Palembanq şəhərində təşkil olunan II İslamiadada isə 9 idman növü üzrə 53 idmançı ilə təmsil olunan komandamız 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutub. 

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarına bir ildən də az müddət qalır. İslam aləminin daha çox münaqişələr zonası kimi təqdim edildiyi belə çətin dövrdə bütün dünyaya xoş məramla açılan Azərbaycan bu önəmli tədbirin də ən yüksək səviyyədə təşkili üçün geniş hazırlıq işlərinə başlayıb.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir", – deyə Azərbaycanın böyük önəm daşıyan mötəbər tədbiri yüksək səviyyədə keçirəcəyinə dərin inam ifadə etmişdir.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında