Avrokuboklar – sınaq və şöhrət meydanı

“Neftçi” və“Qəbələ” qələbə ilə başladılar

 

Azərbaycan  klubları da artıq  bu  meydanda özlərini  göstərməyə, öz  sözlərini deməyə  başlamışlar. İndi avrokubok  turnirlərində  heç bir  rəqib  təmsilçilərimizə  yuxarıdan aşağı baxmağa  cürət etmir.

Ağdamın “Qarabağ”  komandasının  ardıcıl iki dəfə UEFA Avropa Liqası  turnirinin  qrup  mərhələsində  oynaması  və  hətta  bir qədər  də  irəli  gedib  pley-off  görüşlərinin  lap yaxınlığında  mübarizəni  dayandırması,  Qəbələnin  eyniadlı  klubunun da  ötən  mövsümdə dörd ölkənin  komandalarını  bir-birinin  ardınca “aradan götürüb”  qrup  mərhələsinə  adlaması  və öz  tarixində ən böyük  nailiyyətini  qazanması  klub  futbolumuzun  nüfuzunu  və  azarkeşlərin  ümidini kifayət qədər  artırmışdır.

Bu  səbəbdən  də futbol  ictimaiyyətimiz  daha iddialı olmaqda, daha böyük  arzularla yaşamaqda  haqlıdır. Yenicə  başlanmış qitəmiqyaslı  növbəti  yarışlarda  Azərbaycan  komandalarının oyunlarının hesabını “Dalğa Arena”da  qolsuz heç-heçə  ilə açan  “Kəpəz”in Avroliqanın  birinci  təsnifat  mərhələsinin ilk görüşündə “Daçiya”nı Mərdəkandan Moldovaya  məğlubiyyətlə yola  sala  bilməməsi azarkeşləri çox  da  məyus etməməlidir. Əvvəla, on altı  illik fasilədən sonra yenidən  Avropa meydanına  qayıdan  Gəncə  klubu  bütün  görüş  ərzində  fəal  və  əzmkar oyunu  ilə  rəqibindən heç nədə geri  qalmadı, əksinə, onu  üstələdi,  müvəffəqiyyətə  daha yaxın oldu.  Hesabın açılmadığı  bu oyundan sonra Kişinyovda  cavab  matçında (7 iyul) Şahin  Diniyevin  komandası üçün  hər hansı  hesabla məhsuldar heç-heçə  qələbəyə  bərabər ola bilər.

Bir də ki, oyun oyuna  bənzəmir. Əgər  bir görüşdə  rəqib  qapısı  ağzında  kifayət qədər  qol  vəziyyəti  yaratmağına  baxmayaraq, imkanlardan   istifadə edə bilmirsənsə,  növbəti oyunda  snayper  keyfiyyətlərini tam  nümayiş  etdirməyi bacarırsan. Bununla  əlaqədar Gəncə  klubunun  ən fəal  pərəstişkarlarından  biri, London  Olimpiadası — 2012-nin  çempionu, Rio — 2016-da  həmin  müvəffəqiyyəti  təkrar edib ikiqat Olimpiya çempionu  adını   daşımaq  arzusu ilə  yaşayan  sərbəst  güləş ustası  Toğrul Əsgərovun “Dalğa Arena”da matçdan sonra azerisport-a  müsahibəsində  dediyi kimi,  ümid edək ki, “Kəpəz” Bakıda  vura bilmədiyi  qolları Moldovada  vuracaq.

“Kəpəz”in  bütün  azarkeşlərinin,  idman  ictimaiyyətimizin  ürəyindən  olan  sözlərdir. Onlar  da   cavab görüşündə  müvəffəqiyyətə  inanır  və  ümid edirlər.

Avroliqadakı  digər iki  təmsilçimiz “Neftçi”  və “Qəbələ” isə  birinci  təsnifat mərhələsində  ilk oyunlarını  dünən  keçirdilər. Paytaxt  futbolçuları Maltanın  Paola  şəhərinin “Hibernians” stadionunda  Bakı  vaxtı ilə  saat 20-də  başlanan görüşdə “Baltsan” klubunun  qonağı  idi, “Qəbələ” isə bundan bir saat sonra “Bakcell Arena”da  Gürcüstanın “Samtredia”  komandası ilə “münasibətləri  aydınlaşdırmağa”  başlayacaqdı.

Tezliklə Avropa Liqasında  cavab görüşləri  oynanıldıqdan  və   növbəti raundun iştirakçıları  müəyyənləşdikdən sonra  “Qarabağ”  meydana  çıxacaq.  Azərbaycanın 1 nömrəli  klubunu iyulun 12-də  və 19-da Çempionlar Liqası turnirinin ikinci  təsnifat  mərhələsi çərçivəsində  Lüksemburqun “Düdelanj”  komandası ilə iki oyun gözləyir. Artıq Avropada yaxşı  tanınan Ağdam futbolçuları qitə  klub  futbolunun ən  nüfuzlu  yarışının  qrup  mərhələsinə  aparan yolda birinci olaraq məhz bu rəqibə öz  üstünlüklərini  sübuta yetirməlidirlər. Qurban Qurbanovun əzmkar yetirmələri  indi bu  istiqamətdə son hazırlıq  görürlər.

 

*  *  *

 

“Baltsan” – “Neftçi” – 0:2, “Qəbələ” – “Samtredia – 5:1.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında