Xəzərin mirvarisi Bakı “Formula-1” üzrə Avropa Qran-prisinin uğurlu təşkili ilə daha bir şərəfli missiyanı yerinə yetirdi. Dünya idmansevərlərinə, xüsusilə də sürət həvəskarlarına bu möhtəşəm yarış unudulmaz anlar bəxş etdi. “Formula-1”-in çoxmilyonlu azarkeşləri məşhur pilotların Bakının analoqu olmayan trekində sürət mübarizəsinin şahidi olmaqdan xüsusi zövq aldılar.
Yarışın əsas tamaşaçılarından olan Bakı sakinlərinin “Formula-1" kimi mötəbər yarışın doğma şəhər trekində keçirilməsindən böyük qürur duyduqlarını da vurğulamaq istəyirik. Əslində, bu idman növünə ölkəmizdə olan böyük maraqdan qaynaqlanır. Kimsə sual edə bilər ki, əgər belə bir maraq varsa, niyə avtomobil idman növləri ölkəmizdə yetərincə inkişaf etməyib? Nəzərə alsaq ki, idman sahəsində böyük nailiyyətləri müstəqilliyimizi əldə etdiyimiz qısa bir dövrdə qazanmışıq, onda sualımıza elə bununla da cavab alarıq.
Bəli, elə idman növləri var ki, onlar yenicə inkişaf etməyə başlayır və gələcəkdə güləş, boks, gimnastika, cüdo və digər idman növlərində olduğu kimi, möhtəşəm qələbələr əldə edə bilərik. Bunun üçün mükəmməl baza yaradılıb və güclü potensiala malik idmançıların yetişməsi üçün də hər cür şəraitimiz var. Sevindirici hal kimi, azərbaycanlı pilot “Formula-1” Avropa Qran-prisinin rəsmi elçisi Gülhüseyn Abdullayevin Bakı Şəhər Halqasında sınaq yürüşünə çıxan ilk pilot olduğunu qeyd edə bilərik. GP3 seriyasına aid yarış avtomobilində sınaq yürüşü zamanı dörd dövrə vuran 19 yaşlı istedadlı ”Formula-3" pilotu G.Abdullayev Bakı trasının digərlərindən nəinki geri qalmadığını, hətta onlardan daha da üstün olduğunu bildirib.
Uzunluğuna görə dünyada ikinci olan Bakı Şəhər Halqası 3 yarış günü ərzində unikal xüsusiyyətləri ilə tamaşaçıları da heyran qoydu. Yarış zamanı “Formula-1" avtomobilləri və çoxmilyonlu azarkeş kütləsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarixi Memarlıq Qoruğunu, şəhərə müasirlik verən möhtəşəm göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının təkrarolunmaz və gözəl simasını gördülər. Trasın enişli-yoxuşlu olması sürücülər və azarkeşlərdə xüsusi coşqu yaratdı. Doğma trekimizin üstünlüyündən söz düşmüşkən, dünyanın ən məşhur pilotlarının Bakı trası ilə bağlı fikirlərini vurğulamaq lap yerinə düşür.
“Haas F-1"-in rəhbəri Günter Ştayner Bakıda başqa trasların müəyyən hissələrini xatırladan döngələr olduğunu, lakin hər hansı başqa avtodromda olan hissələrlə tam eyni sayıla bilən bir hissə görmək mümkün olmadığını bildirərək, burada hamının ilk təcrübə topladığını dilə gətirib.
“McLaren” komandasının pilotu, Avropa Qran-prisinin rəsmi elsçisi Fernando Alonso sərt döngəli Bakı trekinin unikallığını qeyd edərək onu yürüş üçün əsl meydan adlandırıb.
Fransalı pilot Roman Qrojan isə “Bakı trekində çox uzun düz yollar və çoxlu 90 dərəcəli asta döngələr var. Qala tərəfdə çox ciddi yoxuş, sonra sonuncu döngəyə doğru eniş var. Bu da çox maraqlıdır”, — deyə bildirib.
“Formula-1” yarışının qalibi olan “Mercedes"in pilotu Niko Rosberq trekimizi ən yaxşılardan biri, Bakı Qran-prisini isə mövsümün ən maraqlı yarışı adlandırıb.
İlk yarış günündə rekord göstəriciyə imza atan “Toro Rosso”nun pilotu Karlos Sayns isə “Bakı trası mənə xoş hisslər bağışladı, məni yaxşı mənada təəccübləndirdi”,- deyib.
“Mercedes”in sürücüsü, Luis Hamiltonun fikirləri isə daha maraqlıdır. Üçqat dünya çempionu deyib;
“ Bakı treki əsl yürüş üçündür. Tras kifayət qədər mürəkkəb və maraqlıdır. Belə traslar üçün hamar və mürəkkəb olmayan döngələr xarakterik deyil. Bakı trasının əlverişli olmadığını deyənlər səhv edirlər. Burada əsas odur ki, mürəkkəb vəziyyətdən bacarıqla çıxasan. Belə yarış məkanları əsl məharət tələb edir. Biz bu cür asan olmayan yürüşləri sevirik və çətinlikləri dəf etməkdən zövq alırıq”.
“Red Bull Racing” komandasının təmsilçisi Daniil Kvayt “Bir qədər Sinqapur trasına oxşasa da, sürətliliyinə və digər xüsusiyyətlərinə görə tamam fərqli məkandır. Ən razı qaldığım isə trasın sürətli olmasıdır”, - deyə məmnunluğunu ifadə edib.
Layihənin müəllifi bütün müasir “Formula-1" treklərinin memarı olan Herman Tilke da Bakı treki ilə bağlı maraqlı fikirlər söyləyib. O, “Bakı Şəhər Halqasına bənzər ikinci trek yoxdur. Lakin əminliklə deyə bilərəm ki, Bakı Şəhər Halqası ən həyəcanverici treklərdən biri olur", — deyə şəhər trasımızın unikallığını xüsusi qeyd edib. Bu siyahını bir qədər də artırmaq olar. Nəinki yarış iştirakçıları, eləcə də azarkeşlər geniş imkanlara malik olan Bakı trasının özəlliyini qeyd edib, burada maraqlı mübarizənin şahidi olduqlarını dönə-dönə dilə gətirdilər. Ümumiyyətlə, Azərbaycanın təşkilatçılığı ilə baş tutan bütün nüfuzlu tədbirlərə, eləcə də həyata keçirilən dünya əhəmiyyətli layihələrə beynəlxalq aləmdə verilən ən yüksək qiymət günümüzün reallığıdır.
Hazırda dünyada çoxlu anlaşılmazlıqların olduğu, münaqişə ocaqlarının yarandığı böhran şəraitində getdikcə inkişaf edən Azərbaycan nümunəsi daha aydın şəkildə özünü göstərir. Bu cür nüfuzlu tədbirlərin iştirakçıları, onları izləməyə gələn qonaqlar müxtəlif din və konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadıqları Bakıdan xoş təəssüratla ayrılırlar.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında “Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var”, — deyə təcrübəmizin öyrənildiyini, bizi istəyən, dəstəkləyən ölkələrin, qüvvələrin sevindiklərini, bizi istəməyənlərin daha da məyus olduqlarını vurğulamışdır. Bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməmişlər. Şübhəsiz, nüfuzlu idman tədbirlərinin ökəmizdə keçirilməməsi üçün qara qüvvələr — özlərini insan hüquqlarının müdafiəçisi kimi göstərən üzdəniraq təşkilatlar əllərindən gələni etməyə çalışsalar da heç nəyə nail ola bilmirlər. Onlar bu cür tədbirlərin təşkilinin Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini bildikləri üçün bunun qarşısını bütün vasitələrlə almaq istəyirlər. Nə yaxşı ki, səyləri əksər hallarda hədər gedir.
Əslində, dünyanın idman mərkəzlərindən birinə çevrilmiş Bakıya “Formula-1" üzrə Avropa Qran-prisinə ev sahibliyinin etibar olunması bir sıra amillərlə şərtlənmişdir. Bunlardan ən başlıcası, dünya mətbuatında da qeyd olunduğu kimi, ölkəmizin yaxşı infrastruktura malik olmasıdır. Müstəqilliyin ilk illərində hətta ən kiçik beynəlxalq tədbiri keçirmək üçün həm infrastruktur, həm təşkilatçılıq cəhətdən böyük çətinliklərlə üzləşən ölkəmizdən indi digər ölkələr təşkilatçılığı öyrənir, bu cür infrastruktura sahib olmaq üçün böyük işlər görürlər. Üstəlik, gündən-günə artan nüfuzu ölkəmizi dünyanın, eləcə də Avropanın mədəni və idman mərkəzlərindən birinə çevirmişdir. Belə yarışlara ev sahibliyinin digər faydası irimiqyaslı tədbirlərə hazırlıq çərçivəsində görülən işlər nəticəsində çoxtəyinatlı infrastrukturun formalaşdırılmasıdır. Ötən illər ərzində yaradılan müasir infrastruktur — yüksək standartlı otellər, istirahət və əyləncə mərkəzləri, restoran, kafe və digər iaşə, xidmət obyektləri, eyni vaxtda minlərlə turistə xidmət etmək imkanındadır. Bir-birindən gözəl park, xiyabanlar, Dənizkənarı bulvar zonası, şəhərin gözoxşayan müasir infrastrukturu turizm potensialının artırılması üçün gözəl imkanlar açmışdır.
“Formula-1" yarışları zamanı paytaxta yaxın ərazilərdə olan qoruqlara, abidələrə turların təşkili, mədəniyyət müəssisələri tərəfindən mədəniyyət proqramlarının hazırlanması turizm imkanlarının genişləndirilməsi məqsədi daşıyırdı. Yarışlar zamanı Bakıya axın edən turistlərin, həm də regionlarımıza səfər etmək arzusu bizi daha yaxından tanımaq üçün gözəl fürsət idi. Artıq həm paytaxt Bakı, həm də bölgələr üzrə turizm sektoru mövsümə başlayıb. Şimal istiqamətində “Şahdağ” Turizm Mərkəzinin yay turizm imkanlarından da turistlər istifadə edirlər. Bütün bunlar isə ölkəmizə gələn turistlərin sayının getdikcə artacağını deməyə əsas verir.
“Formula-1”in yerli insan resurslarına verdiyi əsas töhfələrdən birini, marşallıq fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır. Bu cür yarışların marşallarsız keçirilməsi mümkün deyil. Marşalların rolu çox önəmlidir. Onlar, məsələn, tras boyu dayanıb bayraqlar vasitəsilə işarə edirlər, qəzalar zamanı kömək göstərirlər. Bakıda keçirilən ”Formula-1" yarışlarında 1200-dən çox marşal xidmət edirdi. Bu fəaliyyət sadəcə “Formula-1" yarışlarına məxsusdur və onlara yarışın rəsmiləri də deyilir. Avropa Qran-prisində iştirak edən bütün marşallara FİA-nın marşallıq lisenziyası veriləcək ki, bu lisenziya vasitəsilə istənilən ”Formula-1" yarışında, Azərbaycanda və ya yarışın keçirildiyi başqa ölkədə, marşal kimi fəaliyyət göstərmək mümkün olacaq. “Bakı-2015" Avropa Oyunları ilə Azərbaycanda ənənəsi qoyulan könüllülük prinsipi ”Formula-1" yarışlarında da özünü göstərdi. Bu ənənənin ən yüksək səviyyədə davam etdirilməsini görmək çox xoş idi. Könüllülük fəaliyyəti zamanı gənclərimizin yüksək potensialı və bacarığı üzə çıxdı.
Təsadüfi deyil ki, dünya mətbuatında yarışların mükəmməl təşkili ilə yanaşı, ölkəmizin bütün sahələrdə inkişafı ilə bağlı da çoxlu yazılar da dərc olundu və bu davam edir. Dünya mətbuatının gündəmini zəbt edən Avropa Qran-prisi mövsümün ən maraqlı yarışlarından biri kimi xarakterizə edildi. Ümumilikdə, 30 minə yaxın tamaşaçı, eyni vaxtda, yarışı tribunalardan canlı izlədi. Yarışın 190-a yaxın ölkədən 500 milyondan artıq azarkeş tərəfindən izlənildiyini nəzərə alsaq, Azərbaycan, o cümlədən paytaxt Bakı ilə milyonlarla insanın tanış olduğunu, ölkəmiz barədə məlumat əldə etdiyini söyləmək olar. Məşhur avtomobil yarışlarının dünyanın bütün nöqtələrində canlı yayımlanması Azərbaycanın, paytaxt Bakının bütün dünyada geniş təbliğ olunması demək idi.
Məlumat üçün bildirək ki, Bakıda “Formula-1" yarışları ilə yanaşı, boks üzrə Rio Olimpiadasına lisenziya xarakterli dünya Olimpiya təsnifat turniri də start götürüb, hazırda davam edir. Rioya 39 lisenziya verəcək yarışa 105 ölkədən 469 dəri əlcək ustası qatılıb. Dünyanın 1 nömrəli idman yarışına az müddət qaldığına görə lisenziya uğrunda gərgin mübarizə gedir, 105 ölkənin mətbuat orqanları lisenziya ümidi ilə Bakıdan hər an xoş xəbər gözləyirlər. Şübhəsiz, bu cür nüfuzlu tədbirlərə bir şəhərin eyni vaxtda, həm də yüksək səviyyədə ev sahibliyi etməsi o qədər də asan deyil. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dünyanın ən uğurla inkişaf edən ölkələrindən biridir. “Formula-1" üzrə Avropa Qran-prisi isə idman tariximizin daha bir möhtəşəm səhifəsi kimi yadda qaldı.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.