Dünyanın idman həvəskarlarının diqqət mərkəzində olan “Formula-1" yarışı yüksək səviyyədə başa çatdı. Digər idman növləri ilə müqayisədə bu yarışın təşkili çox çətindir. Hazırlıq işləri zamanı da bunun şahidi olduq. Bakının bu mürəkkəb tədbirə ilk dəfə ev sahibliyi etməsinə baxmayaraq, hər şey yüksək səviyyədə, gözlənildiyindən də artıq uğurla başa çatdı. Azərbaycan dünya idman tarixinə yeni bir imza atdı. Bakı Şəhər Halqasında yarışlara dünyanın ən məşhur pilotlarının —Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərlərinin qoşulmaları da bunu təsdiqlədi.
“Formula -1" Avropa Qran-prisini izləməyə gələn turistlər yarışın çox gözəl təşkil olunmasından, yerli sakinlərin qonaqpərvərliyindən, şəhərimizin gözəlliyindən, yarışların keçirildiyi yol infrastrukturunun yüksək səviyyədə qurulmasından razılıqla danışdılar. İştirakçıların təhlükəsizliyinin təmin olunması üçün görülən işlər də qonaqların ürəyincə olmuşdur. Yarışı izləməyə gələn turistlər də bizimlə görüşlərində bunu etiraf etdilər.
Nasir Səlmani (Tehran):
– Eşidəndə ki, “Formula -1" Avropa Qran-prisi Azərbaycanda keçiriləcək, çox sevindik. İlk növbədə belə bir çətin yarışın Bakıda keçirilməsinə razılıq verən Prezident İlham Əliyevə dönə-dönə, qəlbən minnətdarlığımızı bildirdik. Çünki böyük bir qrupla Azərbaycana getmək, orada bir neçə gün qalmaq üçün əlverişli şərait yaranmışdı. Biz Azərbaycanı özümüzə Vətən hesab edirik. Bu ölkənin hər bir uğuru ilə sevinir və fəxr edirik. Bir neçə ay əvvəl Azərbaycan əsgərlərinin erməni işğalçılarına necə toy tutduqları yadımızdan çıxmayıb. Bu xəbəri eşidəndə bir neçə gün bayram etdik. Deməli, düşməni yerində oturdan, onları işğal etdikləri ərazilərdən qova bilən igid qardaşlarımız var. İnanın ki, İranda yaşayan azərbaycanlıların bu xəbərdən uçmağa qanadları olmadı. Axır ki, ermənilər Azərbaycan Ordusunun gücünü gördülər. Biz isə bunu səbirsizliklə gözləyirdik.
Mən İranda “Sky Goldengate” agentliyinin rəhbəriyəm. Müxtəlif ölkələrə turist səfərlərinə qruplar təşkil edib, aparırıq. Nə gizlədim, bəzən turist səfərlərinə gedənlərin sayı çox az olur. Ancaq Azərbaycana gəlmək istəyənlər o qədər çox idi ki, hətta biz bunu qruplaşdırmaqda çətinlik çəkirdik. Hamı deyirdi ki, Vətənim Azərbaycanı, onun inkişafını, səmimi insanları öz gözlərimlə görmək istəyirəm. Budur, artıq arzularımız reallığa çevrilib. Biz Bakının küçələrində sərbəst gəzirik. Buralar çox gözəldir. Mən peşəmlə əlaqədar dünyanın əksər ölkələrində olmuşam. Ancaq Azərbaycandakı gözəlliyi, müxtəlif dizaynlı hündürmərtəbəli binaları, yaraşıqlı parkları gördükdə fikirləşirəm ki, Bakı dünyanın əksər şəhərlərindən fərqlidir: həm qədimliyi, həm də müasirliyi ilə. Yarışlara gəlincə isə, gözlədiyimizdən də maraqlı keçdi. Təşkilati işlərin yüksək səviyyədə qurulması Azərbaycanın ən məsul idman yarışlarını da yüksək səviyyədə keçirməyə qadir ölkə olmasını bir daha təsdiqlədi.
Steve Larvis (Böyük Britaniya):
— Azərbaycanda heç olmamışdıq. “Formula -1" yarışmasının Bakıda keçirildiyini eşidəndə internetə girib Azərbaycan haqqında məlumatlar topladıq. Bu ölkədə son illər baş verən hadisələrlə, qazanılan uğurlarla, Ermənistanla müharibənin yaranma səbəbləri ilə tanış olduq. Açığını deyim ki, xoşa gəlməyən məlumatlara da rast gəldik. Əvvəlcə Bakıya gəlməyə tərəddüd etdik. Sonra öyrəndik ki, son illər Bakıda bir-birinin ardınca beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib və hamısı da yüksək səviyyədə başa çatıb. Buna qədər ”Eurovision" mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının və digər tədbirlərin təhlükəsiz başa çatdığını öyrəndik. Son illər isə Bakının beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi və bu tədbirlərin təşkilatçılıq işlərinin yüksək səviyyədə qurulması bizi “Formula -1" yarışına gəlməyə ürəkləndirdi. Bakıya gələndən sonra Azərbaycan haqqında yazılan tənqidi məqalələrin qərəzli olduğunu bildik.
Söhbətə Steve Larvisin həyat yoldaşı Sal Larvis də qoşuldu:
— Bakıda gördüklərimizə heyran qalmışıq. İnsanlar o qədər mehriban və səmimidir ki, onlarla danışmaqdan doymaq olmur. Hər hansı bir yerə getmək istədikdə, qarşımıza çıxan insanlardan həmin ünvanı soruşduqda bizi ora qədər aparırlar. Bizimlə əsl dost kimi davranırlar. Şəhərdəki ab-havanı gördükcə bu vaxta qədər Azərbaycana gəlməməyimizdən peşmançılıq çəkirik. Qərara almışıq ki, hər il Azərbaycana gələk, məzuniyyətimizi burada keçirək. Yerli sakinlər deyirlər ki, Azərbaycanda elə rayonlar var ki, həmin rayonlardakı təbii müalicəvi əhəmiyyətli sular, yerdən çıxan qaynar su və isti mazutlar min bir dərdin dərmanıdır. “Formula -1" yarışmasına gəlincə isə, deyim ki, bu. çox mürəkkəb və çətin bir prosesdir. Bu yarışlara hazırlıq işləri böyük səbir və təmkin tələb edir. Mən hazırlıq işlərini görəndən sonra tam əmin oldum ki, bu gün Azərbaycan Olimpiya Oyunlarını da keçirməyə qadir ölkədir.
Johannes Dressler (Almaniya):
— Mən özüm Almaniyadanam, xanımım isə Moskvadandır. Hər ikimiz Almaniyada SAP Kompaniyasında çalışırıq. Bu bizim Azərbaycana 3-cü səfərimizdir. İki yaşlı qızımızı da gətirmişik ki, məktəbə gedəndə sinif yoldaşlarına fəxrlə desin: Mən Azərbaycanda keçirilən “Formula -1" yarışının ən kiçik tamaşaçılarından biri olmuşam. Hər dəfə Bakıya gələndə bizə elə gəlir ki, bu şəhərdə birinci dəfədir ki, oluruq. Hər gəlişimizdə yeniliklərlə qarşılaşırıq. Bu dəfə isə Bakı tamamilə tanınmaz olub. Qısa müddətdə şəhərdə elə hündürmərtəbəli binalar tikilib ki, lap xəyallarda olduğu kimi. Bu yarışlar üçün aparılan hazırlıq işlərinin az bir vaxtda belə yüksək səviyyədə başa çatdırılması adamı heyran qoyur.
Katya Dressler:
— Ümumiyyətlə, beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi hər bir ölkəyə baha başa gəlir. Bir də ki, bu səviyyəli yarışları hər ölkə keçirə bilməz. Bundan ötrü ilk növbədə yüksək iqtisadi inkişaf tələb olunur. İqtisadiyyatı zəif olan ölkələr beynəlxalq idman yarışları keçirə bilməzlər. Azərbaycanda isə belə nüfuzlu yarışlar demək olar ki, hər il keçirilir. Ötən il ilk Avropa Oyunları, bu il “Formula -1” Qran-prisi, gələn il İslam Həmrəylik Oyunları və yenə də “Formula -1” yarışması. Bütün bunlar yüz milyonlarla vəsait deməkdir. Üstəlik, bu yarışlara hazırlıq işlərini də nəzərə alsaq, çox çətindir. Ancaq Azərbaycan çətinliklərin öhdəsindən layiqincə gəlir, belə mürəkkəb yarışları yüksək səviyyədə başa çatdırır.
Nandan Gautam (Hindistan, Bangalore):
— Mənim oğlum bir neçə ildir ki, Bakıda yaşayır və burada işləyir. Həmişə mənə deyirdi ki, səni Azərbaycana aparacağam. Görəcəksən ki, dünyada necə gözəl bir ölkə, mehriban insanlar var. Doğrusu, tez-tez eşidirdim ki, Azərbaycanda müharibə gedir. Yaşım 70-i haqlayıb. Oğluma görə çox narahat idim. O isə məni inandırırdı ki, heç bir müharibə yoxdur. Qonşu ölkə olan Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini zəbt edib. Müharibəni də edən ermənilərdir. Oğlum onu da deyirdi ki, Bakıda tam sakitlik və əmin-amanlıqdır. Müxtəlif xalqların nümayəndələri küçələrdə sərbəst gəzir, hər kəs öz işi ilə məşğuldur. Azərbaycanlılar çox mehribandırlar.
Oğlum “Formula -1" yarışmasına mənim üçün də biliet aldı. İndi mən onunla birlikdə Bakının küçələrində sərbəst gəzirik. Mənim milli geyimim azərbaycanlıların çox xoşuna gəlir. Gəzdiyimiz yerdə neçə nəfər yaxınlaşıb mənimlə şəkil çəkdirməyə icazə istəyib. Böyük həvəslə onlarla şəkil çəkdirirəm. Bunlar mənə Azərbaycandan yadigardır. Mən Hindistanda hamıya Azərbaycanın necə gözəl ölkə, insanların mehriban, qonaqpərvər, səmimi olduğunu deyəcəyəm. Müharibənin isə Ermənistan tərəfindən aparıldığı barədə məlumat verəcəyəm.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
foto Rafiq Salmanovundur,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.