Bakının ev sahibliyi etdiyi “Formula-1" Avropa Qran-prisi yarışı ”Mersedes" pilotu Niko Rosberqin qələbəsi ilə yadda qalıb. O, finişə 1 saat 32 dəqiqə 52 saniyəyə çataraq birinci olub. “Ferrari” pilotu Sebastian Fettel ikinci, “Fors İndia” pilotu Serxio Peres isə üçüncü yerləri tutublar.
Əslən alman olan Niko Rosberqin və Sebastian Fettelin bu uğurları Almaniya pilotlarının “Formula-1" yarışlarında ilk uğurları deyil. İndiyə kimi keçirilən yarışlarda bu ölkənin qazandığı yüksək nəticə bu yarışda böyük təcrübəyə və ənənələrə malik olduğunu göstərir.
Təsadüfi deyil ki, “Formula-1" yarışlarının əfsanəvi qəhrəmanlarından olan yeddiqat dünya çempionu Mixael Şumaxer də bir çox alman pilotların, eləcə də sürət yarışı həvəskarlarının favoritlərindən sayılır.
Niko Rosberq 1985-ci il iyunun 27-də Almaniyanın Visbaden bölgəsində doğulub. Onun sürət yarışlarına, bu idman növünə olan marağını təsadüfi saymaq olmaz. Görünür, 1982-ci ildə keçirilmiş “Formula-1" yarışının çempionu adını qazanmış atası Keke Rosberqin uğurları da onda bu sürət yarışına maraq oyadıb. On bir yaşından kartinqlə məşğul olan pilot sonrakı illərdə bir sıra nailiyyətlər əldə edib. 1999-cu ildə kartinq üzrə gənclər arasında keçirilmış Avropa çempionatında dördüncü yeri qazanıb. 2002-ci ildə ”Almaniya Formulası-BMV"-də titul qazanan pilot sonrakı illərdə də öz azarkeşlərini sevindirib.
London kolleclərinin birində aerodinamika kursunu bitirən Niko “Williams F1" komandası üzvü kimi ilk test yürüşlərini gerçəkləşdirərək öz potensialını nümayiş etdirib. 2005-ci ildə GP-2 seriyasında ART Grand Prix komandasına daxil olub və bu seriyanın ilk çempionu olub.
“Formula-1" yarışlarında debütünü ” Bəhreyn-2006" ilə edən pilot “Williams F1"pilotu kimi yarışlarda iştirak edib. 2008-ci ildə Avsrtraliya Qran-prisində üçüncü olan Niko Sinqapur Qran-prisində sürətinə görə ancaq Fernando Alonsodan geri qalıb.
Ən çox dil bilən pilotun uğuru
Nikonu “ən çox danışan” pilot adlandırırlar; alman, ingilis, italyan və fransız dillərini mükəmməl, fin dilini isə bir az bilir. Atası əslən fin olmasına baxmayaraq, evdə daha çox alman dili ünsiyyət dili olub, görünür ona görə də, “Formula-1" yarışlarında pilot Almaniya bayrağı ilə təmsil olunur. Ailəli olan Niko Rosberq Monako knyazlığının Monte Karlo şəhərində yaşayır. Bakı Şəhər Halqasının saytının pilotla bağlı qısa müsahibəsində maraqlı məqamlar yer alıb. Belə ki, ”Karyeranızla bağlı ən yaddaqalan anı xatırlaya bilərsinizmi?" sualına Niko belə deyib: Bir dəfə, bolidimdə kiminsə oturduğunu gördüm - ad günüm idi, dəbilqə hissəsi bağlı idi. Orda oturan şəxs Vivian idi (Niko Rosberqin həyat yoldaşı). Mənə doğum günü sürprizi etmək qərarına gəlmişdi — onun gələcəyi haqqında məlumatım yox idi. “
Qeyd edək ki, Niko Rosberq 2014-cü ildən interyer dizayner Vivian Siboldla evlidir, cütlüyün Alayya adlı qızları var.
Şumaxerin fanatı
“Formula-1" Avropa Qran-prisinin ikinci qalibi Sebastian Fettel 1987-ci ildə Almaniyanın Heppenhaym şəhərində doğulub. Uşaqlıqdan üç məşhur Maykla azarkeşlik edən Sebastian sonralar onların adlarını mediaya açıqlamışdı: Şumaxer, Cekson və Cordon. Uşaqlıqdan Maykl Ceksona fanatlıq edən gələcək pilot səsinin olmadığını anladıqda, tezliklə bu arzusundan əl çəkməli olur.
1995-ci ildən kartinqlə məşğul olan Sebastian Monakoda (2011) gənclər arasında keçirilən kartinq çempionatında titul qazanır. 2003-cü ildə bolid seriyasına keçərək “Almaniya Formulası BMV” çempionatında qalib olur. 2002-ci ildə ABŞ Qran-prisi yarışında iştirak edən gənc pilot “Formula-1" yarışında debüt edir. 2009-cu ildən ”Red Bull" komandasına daxil olan pilot Bakı yarışında “ Ferrari”ni təmsil edib. İkinciliklə kifayətlənən pilot Bakı Şəhər Halqası haqqında bunları deyib: Məncə, tras çox maraqlıdır, xüsusilə şəhərin qədim yerindən keçən hissəsi. Orada dar və mürəkkəb döngələr var, Təəssüratlarım yüksəkdir. Bu yarışa qədər Azərbaycan haqqında az məlumatım var idi, şəhər gözəldir, trass əladır, müasir arxitektura nümunələri çoxdur."
Xərçəng xəstəsi olan uşaqların himayəçisi
“Formula-1" Avropa Qran-prisinin üçüncüsü Serxio Peres 1990-cı ildə anadan olub. Meksikalı pilot ilk ”Formula-1" yarışlarına 2012-ci ildə Malayziya Qran-prisində pilot Sauberlə birgə qatılıb. 2013-cü ildə “McLaren” komandasını təmsil edən pilot daha sonra “Force İndia” ilə müqavilə bağlayıb. Qardaşı Antionio ilə birgə futbol fanatıdır. Perez qardaşları, həmçinin meksikalı futbolçu Xaver Ernandezlə dostluq edirlər. Pilot Peres “Formula-1”-in rəsmi saytına verdiyi açıqlamaların birində qeyd etmişdi ki, pilot olmasaydı, vəkil peşəsini seçərdi.
Peres idmandan əlavə, ictimai işlərlə də məşğuldur. Belə ki, 2012-ci ilin noyabrında Checo Perez Fondunu təsis edib. Fondun məqsədi kimsəsiz və eləcə də xərçənglə mübarizə aparan uşaqlara dəstək olmaqdır.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.