Mükəmməl və möhtəşəm!

Bakıda “Formula – 1” Azərbaycan dövlətinin qüdrətinin növbəti təntənəsinə çevrildi

Tezliklə dövlət  müstəqilliyinin  bərpasının 25-ci ildönümünü böyük  sevinclə, təntənəli  şəkildə bayram  edəcəyimiz qüdrətli Azərbaycanımız 2016-cı ilin 19 iyun axşamında öz şanlı tarixinə daha bir parlaq, üstəlik də, qeyri-adi  səhifə  yazdı. Gözəlliyi əfsanəyə çevrilməkdə olan Bakıda “Formula – 1" Avropa Qran-pri yarışı böyük  müvəffəqiyyətlə  başa çatdı. Mükəmməl  hazırlıq  sayəsində  möhtəşəm  bayrama çevrilən ”Kralların  yürüşü" əlamətdar  ildönümünə  layiqli töhfədir. Paytaxtımızın “Formula – 1” yarışları  tarixinə  bu  yürüşləri yüksək  səviyyədə  təşkil edən şəhərlərdən biri kimi  daxil olması  qəlblərimizdə  həmişə xoş duyğular, fəxarət  hissi  oyadacaq.

Dünya Azərbaycan  paytaxtının  daha  bir  çətin  sınaqdan  şərəflə  çıxdığının  şahidi oldu, 187 ölkədə 500  milyondan çox  insan  gərgin  mübarizədən böyük  zövq aldı. Bir-birindən  mərd sürət  ustalarının  həyəcan  dolu  yarışını  ilk  dəfə kimin “Kralların  yürüşü” adlandırdığını  deyə bilmərəm. Amma  həmin  fikrin  müəllifi,  həqiqətən,  nə  dediyini  yaxşı  bilirmiş. Çətin  məsafədə,  sərt döngələrdə  yüksək  sürət, böyük  diqqət, fədakarlıq, ali peşəkarlıq  tələb edən,  sükan  arxasında  əyləşənlərdən çox  azarkeşləri  gərgin vəziyyətdə saxlayan  bir yarışda  qalib gəlmək qalsın  bir yana, lap sonda  da olsa,  finişə çatmağın özü  də  qəhrəmanlıqdır. Qəhrəmanlar isə kral adlandırılmağa  layiqdirlər.

Bakı bu qəhrəmanlara  dərin  hörmət və ehtiramını onların  ən yüksək  səviyyədə  qəbulu ilə  bildirdi. Paytaxtımız çox  mürəkkəb və  məsuliyyətli bir işin təşkilatçılığını öz  üzərinə götürmüşdü və   bu  işin öhdəsindən şərəflə gəldi.

Dünya  şöhrətli  pilotların milyonların sevimli  yarışında  çıxışlarını  istər  birbaşa  hadisə  yerində,  istərsə də  Avstraliyadan  tutmuş ABŞ-a,  Braziliyaya, Çin Xalq  Respublikasına qədər  hər yerdə teleekran qarşısında  izləyənlər Bakı ilə  tanış olmaq imkanı  qazandılar və adam heç ağlına  belə  gətirmək istəmir ki, kimsə  bu  elit  yarışın  təşkilatçısı  ilə  tanışlığa  ürəkdən  sevinməsin.

Bu günlər  başı futbol  üzrə  Avropa  çempionatının  gərgin oyunlarına  qarışmış  Fransada da “Formula —  1"in Bakı startlarına böyük  diqqət  göstərilmiş, bu ölkənin  vətəndaşları üçün üç  gün  ərzində  futbol Bakıda  sürət  ustalarının  yarışı ilə yanaşı  addımlamışdır. Bu  barədə  Fransadan  alınan məlumatları  təkcə yürüş  iştirakçılarına  yox,  həm  də Bakıya,  Azərbaycana olan marağın təzahürü  kimi  izah  etmək olar. İnsanlar ölkəmizi  görür, gündən-günə  çiçəklənən və  möhkəmlənən  qüdrətli  Azərbaycan dövlətinin  istər siyasi-iqtisadi, istərsə də  mədəniyyət,  idman  və digər  sahələrdə  əldə  etdiyi uğurlar  haqqında  geniş  təsəvvür  əldə  edirlər.

Azərbaycan  paytaxtı hər  hansı bir yarışı  ən  yüksək  səviyyədə  təşkil  etmək  bacarığını  artıq  dəfələrlə  sübuta  yetirmişdir. Beynəlxalq  Həvəskar  Boks  Assosiasiyasının (AİBA) prezidenti  Çinq Kuo Vu  bu günlər “Sərhədçi”  İdman-Olimpiya  Mərkəzində  keçirilən Rio-de-Janeyro Olimpiadasına  lisenziya  xarakterli  dünya  təsnifat turniri  ərəfəsində  belə bir fikir söyləmişdi ki,  Bakı 2011-ci ildə dünya  çempionatını  əla  təşkil etmişdir. Bu  bir daha göstərir ki, bu şəhər daha  bir  mötəbər  boks  yarışının  keçirilməsi üçün gözəl yerdir.

Yeri gəlmişkən,  hazırda  paytaxtımızda davam edən  lisenziya yarışı  iştirakçılarının  bəxti  gətirmişdir. Nə  az,  nə də çox — 105 ölkənin 469  nəfər  rinq  ustası,  eləcə  də  onların  məşqçiləri,  komandaların  nümayəndə heyətlərinin  rəhbərləri  Bakının “Formula — 1"  məkanına  çevrildiyini,  Azərbaycanda  ilk dəfə  keçirilən  bu yarışın  necə  böyük  bir  bayram təsiri bağışladığının şahidi  oldular.

Yürüş  iştirakçılarının  çıxışları,  onların yüksək  ustalıq  səviyyəsi, avtomobil  idmanı  dərslərində  qazandıqları  təcrübə  və sınaqlardan layiqincə  çıxmaları da  bu  mükəmməlliyə,  möhtəşəmliyə  uyğun oldu. “Formula — 1"in  Bakı  mərhələsi tarixə  bir də  onunla  daxil olmuşdur ki,  bu yarış  artıq  qəzetimizin ötən sayında  qeyd  etdiyimiz  kimi, postsovet  məkanında  Rusiyadan  sonra  ikinci  olaraq  Azərbaycanda  təşkil edilmişdir. İştirakçıların da  bildirdikləri  kimi, indiyə  qədər Sinqapur, Monako  və digər  yerlərdə  keçirilmiş  yürüşlərdən  geri  qalmayan  Bakı startları əsl  sınaq  mərhələsi idi.

Bununla əlaqədar “Maklaren Honda”  komandasının üzvü,  Bakıda  Avropa Qran-prisinin  səfiri Fernando  Alonso  demişdir ki,  trek  çox sürətlidir. Kifayət  qədər  mürəkkəb döngələri  də  var.  Ümumiyyətlə, bu yol bizim gözlədiyimiz  yola  uyğundur.

2016-cı  il  mövsümündə  “Formula — 1"  növündə  avtomobil  yürüşləri  üzrə  dünya çempionatının səkkizinci  mərhələsi olan  Bakı startları finişə  çatdı. ”Mercedes", “Ferrari”, “Uilyams”, “Force İndia”, “Red Bull”, “Toro Pocco”, “Maklaren”, “Manor”  və  digər maşınlar  yarış  məsafəsində  ildırım  sürəti ilə  şütüyüb  keçdilər,  Azərbaycan  vətəndaşları Niko Rosberq, Serxio Peres, Daniil Rikkardo, Daniel Kvayt, Luis Hemilton, Fernando Alonso  kimi  məşhurların  rəqabətini  izləmək imkanı  qazandılar və bundan  çox  razı  qaldılar. Bakı bu  bahalı yarışın  tarixinə  cəsarətlə  daxil olub “Formula – 1” ailəsinin  ən  gənc üzvü  oldu.

Azərbaycanı,   bütün  xalqımızı  bir daha  təbrik  etmək olar. İyun — 2015-də  dünyanı birinci  Avropa Oyunlarının  əla  təşkili  ilə  heyran qoyan ölkəmiz  bu tarixi  hadisədən bir il sonra idman  pərəstişkarlarının,   ilk  növbədə isə,  təbii ki,  avtomobil  idmanı  həvəskarlarının  ürəyindən olan “Formula — 1" Avropa  Qran-prisinin  Bakı  mərhələsinə də ad-sanına  layiq,  özünə xas  olan  qonaqpərvərliklə,  yüksək məsuliyyət  hissi ilə  ev  sahibliyi etdi.

Böyük  zəhmətlə  hazırlanıb,  ən  yüksək  səviyyədə  həyata keçirilən ümumdünya  əhəmiyyətli  tədbirin  qazandığı  müvəffəqiyyət  Azərbaycan  dövlətinin, şəxsən  Prezident  İlham Əliyevin  idmanın  inkişafına  göstərdiyi  daimi  qayğı  və diqqətin  təzahürü, ölkəmizin gündən-günə  artan  qüdrətinin  növbəti təntənəsidir.

Qarşıdakı  illərdə bizi  paytaxtımızda  sürət  ustalarının yeni-yeni görüşləri gözləyir.  İndiki  yarışın  təşkili  sahəsində  qazanılan  təcrübə,  şübhəsiz,  gələcəkdə “Formula — 1"in Bakı  mərhələsinə  daha  böyük şan-şöhrət qazandıracaq və paytaxtımız  bu yürüşlərin  təşkilatçısı rolunda  çıxış etmək  şərəfinə  nail olmuş  şəhərlər sırasında öz yerini daha da möhkəmləndirəcək.

Azərbaycanda  böyük müvəffəqiyyətlə həyata keçirilən bir-birindən mötəbər tədbirlər hər yerdə geniş əks-səda doğurur. Dünyanın ölkəmizə hörmət  və  ehtiramı ikiqat artır.  Üç  gün  ərzində  bütün  planeti özündə  birləşdirən  və ümumdünya  rəğbəti  qazanan  müstəqil Azərbaycan Respublikası  ən  məşhur yarışlardan  birini  cəsarətlə, yüksək  mütəşəkkilliklə öz  tarixinə yazması ilə qürur duya bilər.

Yarışın  qalibi, “Mercedes”  komandasının  üzvü Niko Rosberqin paytaxtımızda  böyük  qələbədən  dərhal sonra söylədiyi  bir  fikir  necə də  yerinə  düşür: — Bu  çox gözəl  istirahət günləri idi.  Belə  qonaqpərvərliyə görə Bakıda  hamıya  minnətdaram. Burada gözəl trek  var.  Mənim  üçün  hər şey  nəzərdə tutduğum  kimi getdi  və bu  çox  yaxşıdır. Mən  qələbəmdən  böyük  zövq  alıram. Bakıya onun  arxasınca gəlmişəm.

Oqtay BAYRAMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında