Bu günlərdə qədim və gözəl Bakı “Formula – 1" yarışlarının fantastik, inanılmaz həyəcanını yaşayır. Şəhərimizin sakinləri, çoxsaylı fanatlar, qonaqlar yarışı böyük maraqla izləyir, öz sevimli komandalarının, məşhur pilotların uğurlarına sevinirlər.
Dünən əməkdaşımız “Formula — 1"-in bir neçə fanatı ilə görüşərək onlardan yarış barədə təəssüratlarını bölüşmələrini xahiş etmişdir. Həmin rəy və təklifləri diqqətinizə çatdırırıq.
Murzinlər ailəsi (Rusiya):
– Mən Bakıya məxsusi “Formula-1" yarışlarını izləməyə gəlmişəm. Necə deyərlər, bu nüfuzlu yarışın ən sadiq azarkeşlərindən biriyəm. Həyat yoldaşım Natalya Mixaylovna da fanatdır. Bu yarışlar hər ikimizə böyük zövq, həyat eşqi verir. Nə gizlədim, bu yarışlar üçün səciyyəvi olan sürət və həyəcan adamı hər an ovsunlayır. Biz özümüz də hər dəfə sanki cavanlaşırıq (gülümsəyir). Mən özüm də gəncliyimdə avtomobil idman növü ilə məşğul olmuşam. Düz 20 ildir ki, “Formula -1”-in bir yarışını belə ötürməmişəm. Bakıya, yarışları canlı olaraq izləməyə gəlməyimə çox şadam. İlk dəfədir ki, bu gözəl şəhərin müsafiriyəm. Hələlik hər şey ürəyimcədir.
Bakı yarışında 11 komanda təmsil olunur. Mən neçə illərdir ki, “Ferrari”nin uğurları ilə nəfəs alıram. Amma ayrı-ayrı pilotlara qalanda İtaliyanın “Torro Rosso” komandasında təmsil olunan rusiyalı pilot, həmyerlim Danil Kvyaka da azarkeşlik edirəm.
Yarışların təşkilindən bütövlükdə razıyam. Amma bir təklifim də var. O da budur ki, yarış iştirakçıları barədə tamaşaçılara daha geniş məlumat verilsəydi, fikrimcə, daha yaxşı olardı. İnanırım ki, növbəti dəfə bunu nəzərə alacaqlar.
Con Viylams, (Avstraliya):
— “Formula — 1" yarışı adi yarış deyil, bu, çox maraqlı, mən deyərdim ki, fantastik təsir bağışlayan yarışdır. Fikir verin, Xəzərin sahilində yarış maşınları necə sürətlə şütüyürlər. Bəlkə də bu əsrarəngiz dəniz belə inanılmaz sürətin heç vaxt şahidi olmayıb.
Yarış başlanan andan çox gözəl təəssüratlarım yaranıb. Bir neçə ildir ki, Bakıda yaşayıram. “bp” şirkətində çalışıram. Belə bir gözəl yarışın tamaşaçısı olmaq şansını əldən verə bilməzdim. Həyat yoldaşım Mətanət xanım və oğlum Ceb də böyük həvəslə mənimlə birlikdə bu yarışı izləməyə gəliblər. Onlar da bu maraqlı yarışdan böyük zövq alırlar.
Azərbaycan paytaxtı hazırda qitənin idman paytaxtına çevrilir. Ötən il Bakıda birinci Avropa Oyunları yüksək səviyyədə keçirildi. Həmin yarışı da böyük maraqla izləmişəm. İnanıram ki, “Formula—1" kimi çox nüfuzlu yarışın iştirakçıları və fanatlar Bakıdan çox razı qayıdacaqlar.
Kenni Kountro, (ABŞ):
Mən Birləşmiş Ştatların Luiziana ştatındanam. 10 ilə yaxındır ki, Bakıda “Saudia Aramco” şirkətində layihə meneceri vəzifəsində çalışıram. “Formula -1" yarışlarına canlı olaraq, ilk dəfədir ki, tamaşa edirəm.
Bu gün yarışın ilk günüdür. Hər şey inanılmaz dərəcədə maraqlı və qeyri-adidir. Bəli, yarışlar çox xoşuma gəlir. Mənə elə gəlir ki, “Formula -1" yarışı çağdaş zamanəmizin rəmzi hesab oluna bilər. Axı, XXI əsr sürət əsridir. İnsanlar tarix boyu daha böyük sürətə nail olmağa can atıblar. Axı, sürət tərəqqi və intibah deməkdir. Hesab edirəm ki, “Formula -1” yarışları insanların daim təkmilləşməyə nail olmaq arzusunu təcəssüm edir.
Bu yarışlara qızım Lusini də gətirmişəm. O, Luizianada kollecdə təhsil alır. 16 yaşı var. Hüquqşünas olmaq arzusundadır. Bakıya gəlişindən çox razıdır. Azərbaycan paytaxtı qızımın xoşuna gəlib. Hiss edir ki, burada Şərq və Qərb həyat və mədəniyyət tərzləri bir-birinə qovuşub. Buradakı tolerantlıq mühiti də hamı kimi, məni də çox razı salır.
Levan Mininoşvili, (Gürcüstan):
— Mən Bakıya “Formula -1" yarışlarına canlı olaraq tamaşa etmək üçün gəlmişəm. Həqiqətən, bu yarışın doğurduğu sonsuz həyəcanı və sevinci idmanın heç bir başqa növü ilə müqayisə etmək mümkün deyil. Nə yaxşı ki, bu günlərdə buradayam. Sonsuz dərəcədə sevinirəm.
Bakıda özümü indi göyün yeddinci qatında hiss edirəm. Nahaq yerə, “Formula -1" yarışının iştirakçılarını pilotlar adlandırmırlar. Onlar sanki havaya pərvazlanmağa hazırlaşan şahinlərə bənzəyirlər.
Mən dostum ilə yarışları “Qız qalası”nın qarşısındakı tribunalardan izləyirəm. Bura çox ecazkar bir yerdir. Bir tərəfdən səma rəngli möhtəşəm Xəzər dənizi, o biri tərəfdən əsrlərin yaddaşı İçərişəhər, əsrarəngiz Qız qalası! Trekdə isə sürətlə şütüyən maşınlar. Bu, gözəl səhnəni, yəqin ki, ömrüm boyu unutmayacağam.
Bir məqamı da qeyd etmək istərdim. Bakının son illər sürətlə böyüdüyü və gözəlləşdiyi bərədə çox eşitmişdim. Amma Azərbaycan paytaxtının bu qədər gözəlləşdiyini, sadəcə təsəvvür edə bilməzdim. Bakı, onun qonaqpərvər insanları məni sadəcə heyran etdi.
Kiril Dudakov, (Rusiya):
– Mən də, həyat yoldaşım Olqa da “Formula -1" yarışlarının fanatlarıyıq. Hər ikimiz ixtisasca iqtisadçıyıq. Məzuniyyət götürüb yarışları izləməyə Bakıya gəlmişik. İlk andan böyük bir həyəcan içindəyik. Trekdə maşınlar şütüyəndə adam özünü bir anlığa az qala unudur. Bir qədər də qorxu hissi yaranır. Axı, bu təhlükəli yarışdır. İstər-istəməz, pilotların taleyi üçün narahat olursan. Ümid edirəm ki, hər şey yaxşı qurtaracaq.
Mən də, həyat yoldaşım da məşhur pilot, ispan Fernando Alonsoya azarkeşlik edirik. Amma başqa idmançıların da uğurlarına sevinəcəyik. İdman ədalətli oyundur. Kim daha güclü və bacarıqlıdırsa, o, da qələbə qazanacaq.
Bakıda yarışlar yüksək səviyyədə təşkil olunub. Biz özümüzü çox səmimi bir mühitdə hiss edirik. Bakıda insanlar rus dilində səlis və sərbəst danışırlar. Onlar həm də çox qonaqpərvərdirlər. Ümid edirəm ki, bu gözəl və mehriban şəhərə bir daha gəlmək imkanım olacaq.
Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.