“Formula-1” Avropa Qran-prisinin birinci günü maraqlı məqamlarla yadda qalıb

İyunun 17-də “Formula-1” Avropa Qran-prisinə start verilib.

İlk yarış günündə əvvəlcə hər biri iki pilotdan ibarət 11 komanda birinci test yürüşünə qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyublar.

Pilotlar öz bolidləri ilə 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Yürüş zamanı “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb. Trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. O, dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib. “Red Bull Racing”in pilotu Daniil Kvayt da eyni aqibətlə üzləşib.

Trekin 15-ci döngəsində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyərək qəza törədib. Nəticədə onun bolidi yararsız hala düşüb. Lakin D.Rikkardo heç bir xəsarət almayıb.

İlk test yürüşündə “Mercedes”in sürücüsü Luis Hamilton birinci olub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 46 saniyə təşkil edib. Onun komanda yoldaşı Niko Rosberq isə qalibdən 0,377 saniyə geri qalaraq ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Valtteri Bottas (Williams) tamamlayıb (1 dəqiqə 47,096 saniyə). Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso isə yürüşü dördüncü pillədə başa vurub.

Saat 17:00-da “Formula-1” Avropa Qran-prisinin ikinci test yürüşünə start verilib. “Mercedes”in pilotu Luis Hamilton birinci test yarışında olduğu kimi, bu dəfə də bütün rəqiblərini geridə qoyub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,233 saniyə olub. İkinci yeri isə L.Hamiltonun komanda yoldaşı Niko Rosberq tutub. O, Hamiltondan 0,69 saniyə geri qalıb. Üçüncü yerin sahibi isə “Force İndia” komandasının pilotu Serxio Peres olub.

İyunun 18-də saat 14:00-da “Formula-1” üzrə üçüncü test yürüşü, saat 17:00-da isə növbəti gün üçün pilotların düzülüşünü müəyyən edəcək yarış start götürəcək. İyunun 19-da isə “Formula-1” azarkeşləri Avropa Qran-prisində qalib adı uğrunda gərgin və həyəcan dolu mübarizənin şahidi

olacaqlar.

Qeyd edək ki, Avropa Qran-prisinin ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb. “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub. “Formula-1” Avropa Qran-pri yarışlarında maksimim sürət saatda 340 kilometr nəzərdə tutulur.

Yarışın ilk günündə, həmçinin Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyası üzrə 12-ci mövsümün növbəti mərhələsi də başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülər üçün “Formula-1”-də debüt baxımından son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.

Yarışın nəticələrinə əsasən, “Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.

Daha sonra GP2 seriyası üzrə sıralama yürüşü keçirilib. Yürüşün nəticələrinə əsasən, bu seriya üzrə iyunun 18-də keçiriləcək birinci yarışın start xəttində pilotların düzülüşü müəyyənləşib. Sabahkı yürüşdə pilotlar öz bolidləri ilə aşağıdakı qaydada düzüləcəklər: Antonio Covinatsi (Prema Racing), Nobuxara Matsişuta (ART Grand Prix), Sergey Sirotkin (ART Grand Prix), Rafael Marçello (Russian Time), Luka Qyotto (Trident), Olivyer Roulend (MP Motorsport), Marvin Kirkqover (Karlin), Pyer Qasli (Prema Racing), Norman Nato (Racing Engineering), Serxio Kanamasas (Karlin), Cordan Kinq (Racing Engineering), Artyom Markelov (Russian Time), Aleks Linn (DAMS), Nikolya Latifi (DAMS), Mitç Evans (Pertamina Campos Racing), Artur Pik (Rapax), Daniel de Yonq (MP Motorsport), Cimmi Eriksson (Arden International), Qustav Malya (Rapax), Şon Gelael (Pertamina Campos Racing), Nabil Jefri (Arden International) və Filo Pas Armand (“Trident”).

GP2 seriyası üzrə birinci yarış iyunun 18-də saat 12:00-da, ikinci yarış isə ertəsi gün saat 14:00-da başlayacaq.

“Formula-1” Avropa Qran-prisinin birinci gününə maraqlı əyləncə proqramı ilə yekun vurulub. Axşam saatlarında məşhur amerikalı müğənni Kris Braun “Formula-1” Şəhərciyi”ndə möhtəşəm konsert proqramı ilə azarkeşlərini sevindirib. Amerikalı müğənni, bəstəkar və rəqqas minlərlə “Formula-1” azarkeşinin qarşısında özünün “Yeah 3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında