“Bakı trekində bizi sürprizlər gözləyir”

Bakının ev sahibliyi etdiyi  “Formula-1” Avropa Qran-prisinə qatılan pilotlar arasında gənc simalarla yanaşı, bu sürət yarışının təcrübəli idmançıları da yer alıb. İstər sosial şəbəkələr, istərsə də media vasitəsilə öz təəssüratlarını bölüşən pilotların bu sürət yarışından gözləntiləri böyükdür. Ən azı karyeralarında qazanacaqları növbəti uğurda  Bakının da payının olmasını istəyirlər. Bəzi pilotların indiyə kimi istər qarşıdakı yarış, istərsə də yarışın keçirildiyi Bakı haqqında təəssüratlarını oxuculara təqdim edirik.

Möhtəşəm yarışın rəsmi elçisi seçilmiş Fernando Alonso, demək olar ki, yarışa hazırlıq müddətində  rəsmi saytı, eləcə də media vasitəsilə yarış fanatlarına öz təəssüratlarını mütəmadi olaraq bildirməklə yanaşı, fəallığı ilə də seçilir. Əfsanəvi pilot rəsmi tvitter hesabında yarışa hazırlıqla yanaşı, Bakının görməli yerlərində çəkdirdiyi fotolarla yerli azarkeşlərin də rəğbətini qazanıb və əcnəbi azarkeşlərin diqqətini Bakıya cəlb edə bilib. Bakıya gəldiyi andan xoş münasibətlə qarşılaşdığını deyən pilot müsahibələrindən birində təəssüratlarının yüksək olduğunu vurğulayıb: “ Bu möhtəşəm şəhəri ilk “Formula-1” pilotu olaraq ziyarət etmək mənim üçün şərəfdir. Bakıya gəldiyim andan hər kəsdən xoş münasibət gördüm. Əminliklə deyə bilərəm ki, Bakı Şəhər Halqası bu mövsüm “Formula-1” təqvimində ən yaddaqalan trek olacaq. Bu gözəl şəhər həm müasirliyi, həm də keçmişi özündə birləşdirə bilir. İçərişəhərin Qala divarlarından ötən trekdən əzəmətli Alov qüllələrinin görüntüsü buna sübutdur.

İnanıram ki, Azərbaycanda yaşayan insanlar bu yarışdan böyük zövq alacaqlar, çünki “Formula-1" dünyada ən məşhur yarışlardan biridir. Bakıda keçiriləcək yarış idman üçün çox əhəmiyyətli tədbirlərdən biri olacaq. Texniki cəhətdən, belə çətin, dar - dolanbac yollardan keçilməsi mənə xüsusi həyəcan verir. Mən yarışı səbirsizliklə  gözləyirəm. Bakıda yarış üçün müvafiq şərait yaradılıb. Yolla bərabər gözəl infrastruktur və otellər var. Hesab edirəm ki, əsrarəngiz yarışmanın şahidi olacaqsınız.

Bakı Şəhər Halqası çox unikaldır. Gördüyüm treklərlə müqayisə olunmayacaq qədər unikaldır. Çox sürətlidir və məncə, dünyada ən sürətli trek olacaq.

“Red Bull” komandasının təmsilçisi  Daniel Rikkardo tvitter hesabında Bakıda olmaqdan həyəcan duyduğunu yazaraq, hava limanında həmkarları ilə təyyarə önündə çəkdirdiyi şəklini paylaşıb. 1989-cu ildə Avstraliyada anadan olmuş gənc pilot doqquz yaşından bu idman növünə maraq göstərir və məşğul olur. 2009-cu il Britaniya “Formula-1” çempionatının qalibi olub.  Pilotun tvitter hesabında   yayımlanan videoda o,  həmçinin iştirak etdiyi sonuncu yarışla bağlı fikirləri ilə yanaşı, Bakıda keçiriləcək Qran-pri yarışmasına  da toxunub: “Yaxşı xəbər odur ki, bu həftə  yuxarı rəfləri daha çox kubokla, mükafatla doldurmaq ümidi ilə Bakıdayıq. Odur ki, barmaqlar qələbə işarəsini göstərir, Bakı  Şəhər Halqasını səbirsizliklə gözləyirik".

“The Sunday Morning herald” qəzetinin yazdığına görə, “Red Bull”un digər üzvü Maks Verstappen komandanın imkanlarını bəyəndiyini bildirib: “Bakı Şəhər Halqası hər kəs üçün yenidir, odur ki, bu, bizim üçün, həqiqətən, pozitiv olacaq. Trekdə çox yüksək sürətə imkan verməyən döngələr var, bizim  yarış maşınımız buna görə kifayət qədər yaxşıdır.” “Nl.motorsport.com” saytının “Verstappen Bakıda biz bir neçə sürpriz görəcəyik” başlıqlı yazıda pilotun fikirləri yer alıb: “ Düşünürəm ki, bizi sürprizlər gözləyir, çünki bu, yeni halqadır, hər kəs yüksək nəticə əldə edəcəyini səbirsizliklə gözləyir. Ancaq mən optimistəm.  Biz yeni ölkəyə gedirik, baxaq görək, yarış bizə nə bəxş edir”.

1994-cü il təvəllüdlü ispan pilot Karlos Sainz Jr. tvitterdə Bakı Şəhər Halqasından şəkilləri paylaşaraq, yazıb: “Bu gün trek gəzintisinə çıxdım. Trek gözəl görünür.”

Karlos “grandprixtimes.com” saytına verdiyi açıqlamada yarışı səbirsizliklə gözlədiyini qeyd edir: “Həqiqətən, yarışı səbirsizliklə gözləyirəm, açığını desəm, bilmirəm yarışdan nə gözləyim. Bu treki bir neçə dəfə  izləmişəm. Ancaq ilk dəfə olaraq yeni halqanı təcrübədən keçirmək hər zaman həyəcanverici imkanlar açır.”

İlk 4 mərhələ 90 dərəcə bucaq altındadır. Trek mənə Makau halqasını xatırladır. Bakıda əsas sürət  mövsümün ən yüksək sürətlərindən biri olacaq. Burada əvvəl olmadığımdan çox şey deyə bilmərəm. Ümid edirəm ki, şəhər halqası Makaudakı kimi gözəldir, “Formula-1”in Makaudakı kimi halqaya malik olması gözəl olardı.”

Qeyd edək ki, ispan pilot tanınmış idmançı, ralli üzrə ikiqat dünya çempionu K. Sainzin oğludur.

Britaniyalı pilot Jenson Button foxsportasia saytına verdiyi açıqlamada “Formula-1 Qran-pri yarışı barədə fikirlərini bölüşüb: “Bakı Şəhər Halqası çox gözəl və mükəmməl görünür, xüsusilə də şəhər mərkəzi daha çox tarixi yerlə əhatə olunub. Biz şəhər divarlarının ortasında saatda 300 kilometr sürətlə şütüyəcəyik. Tezliklə yarışın keçiriləcəyi məkanın necə uyğunlaşdırıldığını görmək istərdim”. 

Pilotlar “Formula-1” Qran-pri yarışını həyəcanla gözlədikləri kimi, azarkeşlər də üçgünlük sürət yarışından  parlaq qələbə və maraqlı anlar gözləyirlər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında