İdman

Kimi sevinir, kimi də...

 

Fransa stadionlarında futbol üzrə Avropa çempionatı getdikcə sürətini artırır. Qrup mərhələsinin start turunda oyunların bir çoxu artıq arxada qalmış və ilk liderlər məlum olmuşdur.

“A” qrupunda (Fransa—Rumıniya—2:1, Albaniya—İsveçrə—0:1) çempionat sahibləri və İsveçrə futbolçuları ikinci tura daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşırlar. Elə ilk oyunda qələbələrinin hesabını açan bu komandalar səkkizdəbir finala aparan yolda özlərinə yaxşı zəmin yaratmışlar.

Uels, Slovakiya, İngiltərə və Rusiya komandalarının daxil olduqları “B” qrupunda ilk qələbəyə uelslilər sevinmişlər. Slovakiya ilə çətin görüşdə müvəffəqiyyət (2:1) onları qrupun turnir cədvəlində lider mövqeyinə yüksəltmişdir. İngiltərənin qələbəyə çox yaxın olduğu və Rusiyanın yalnız son dəqiqədə cavab topu ilə məğlubiyyətdən xilas ola bildiyi oyunda (1:1) rəqiblər hərəyə 1 xalla kifayətlənmişlər.

“C” qrupunda hər iki görüş dünya çempionatı-2018-in seçmə yarışlarında Azərbaycan millisinin rəqibləri Almaniya və Şimali İrlandiya komandalarının iştirakı ilə keçirilmişdir. Əgər almanlar onlara layiqli müqavimət göstərən Ukrayna yığmasına 2:0 hesabı ilə qalib gəlməyi bacarmışlarsa, Şimali İrlandiya komandası Polşanın vurduğu yeganə topun əvəzini çıxa bilməyərək məğlubiyyətlə barışmalı olmuşdur (0:1). Almaniya və Polşa qrupun liderləridir.

“D” qrupunda turnir Parisin “Park de Prens” stadionunda Türkiyə—Xorvatiya görüşü ilə başlanmışdır. Təəssüf ki, matçda yeganə topu Fatih Terimin komandası yox, görüşün ən yaxşı oyunçusu hesab edilmiş xorvatiyalı Luka Modriç vurmuşdur. Onun təxminən 25 metr məsafədən gözlənilməz və dəqiq zərbəsi həlledici olmuşdur.

Ancaq Türkiyə komandasının vəziyyəti düzəltmək, “ölüm qrupu” adlandırılan qrupdan uğurlu nəticə ilə çıxıb növbəti mərhələdə yoluna davam etmək  üçün hələ imkanı olacaq. Qarşıda qardaş ölkə futbolçularını iyunun 17-də İspaniya və bundan dörd gün sonra Çexiya komandaları ilə oyunlar gözləyir. Nə qədər çətin görünsə də məqsədə çatmaq olar.

“D” qrupunda birinci turun ikinci görüşü dünən Tuluza şəhərində İspaniya və Çexiya komandaları arasında keçirilmişdir. Dünən “E” qrupu komandaları da mübarizəyə qoşulmuşlar: İrlandiya—İsveç, Belçika—İtaliya.

Çempionatın bugünkü proqramında isə “F” qrupu komandaları “səhnəyə” çıxacaqlar. Avstriya—Macarıstan, Portuqaliya–İslandiya. Bununlada bütün qruplarda birinci tura yekun vurulacaq.

 


 

Azərbaycan Avroliqanın yarımfinalında

 

Azərbaycanın qadınlardan ibarət milli komandasının voleybolçuları Avropa Liqası turnirində Çernoqoriyada başladıqları zəfər yürüşünü Fransada inamla davam etdirmişlər.

Faiq Qarayevin yetirmələri iyunun əvvələrində Çernoqoriyada birinci dövrə görüşlərində olduğu kimi Fransada yenicə başa çatan ikinci dövrə oyunlarında da hər üç rəqib üzərində layiqli qələbələr qazanmışlar. Voleybolçularımız Çernoqoriya, İspaniya və Fransa yığmalarını bu turnir çərçivəsində ikinci dəfə məğlubiyyətə uğradaraq iki dövrənin yekununda böyük üstünlüklə qrupun qalibi olmuşlar.

İndi Azərbaycan komandası Avroliqanın ən yaxşı dörd kollektivinin yarımfinal görüşlərinə hazırlaşaq. “Dördlər” turnirinin qalibi dünya “Qran-pri”sinə vəsiqə qazanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında