Formula-1 Avropa “Qran-Pri” yarışlarına hazırlıq dünya mətbuatında

Bakıda  keçiriləcək möhtəşəm  Formula -1 yarışlarına hazırlıq  prosesi  dünya mətbuatının  və jurnalistlərin  müzakirə mövzusuna çevrilmişdir.  Məlumat üçün bildirək ki,  bu yarışları işıqlandırmaq üçün   400-ə yaxın xarici  jurnalist akkreditasiya olunmuşdur.

İlkin olaraq  qeyd edək ki, Türkiyə mətbuatında  bu yarışlar  barədə  yazılar  geniş yer almaqdadır.  Türkiyənin  “Milliyyət” qəzetində  Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinqdən sitatlar gətirilən məqalədə bildirilib ki, lazım olan bütün işlər görülüb. Qeyd edilib ki, Formula-1 tarixində ilk dəfə təqvimdə yer alan Azərbaycan “Qran Pri”sinin keçirilməsi üçün Bakı küçələri hazır vəziyyətə gətirilib. Küçələrdə bir tərəfdən baryerlər quraşdırılır, digər tərəfdən də insanların rahat gediş-gəlişini təmin etmək üçün ətraf ərazilərdə hərəkətin nizamlanması işləri aparılır.Yarışın start götürəcəyi “Azadlıq” meydanında da son tamamlama işləri aparılır və trekin kənarlarına tribunalar yerləşdirilir.

Məqalədə qeyd edilib ki, “Azadlıq” meydanı, Azneft meydanı, tarixi Qız Qalası və İçərişəhərdə qurulan tribunalardakı yarışı izləyəcək tamaşaçılar Bakının tarixi və mədəniyyət abidələrini də yaxından seyr etmək imkanı əldə edəcəklər.

Çarli Vaytinq Bakıda keçirilən mətbuat konfransında bildirib ki, aparılan hazırlıq işləri ilə tanış olub və razı qalıb: “İşlərin plana uyğun şəkildə davam etdirilməsindən məmnun qaldım”.

Məqalədə  deyilir ki, 20 müxtəlif çətinlikli döngəsi və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 kilometr/saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari Formula-1  təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Fransanın  http:actu-moteurs.com  saytında yerləşdirilmiş yazının müəllifi  Uilyam Alveres Formula-1 yarışına Azərbaycanın ev sahibliyi etməsinin heç də təsadüfi olmadığını bildirib. Onun fikrincə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkili və müvəffəqiyyətlə reallaşması sahəsində əldə etdiyi təcrübə bu nüfuzlu idman yarışının Bakıda keçirilməsinə imkan verir.  Məqalədə Formula-1 yarışının keçiriləcəyi məkanın əsas hissəsini dəniz sahili boyu keçən yol təşkil edəcəyi və bu istiqamətdə hazırlıq işlərinin aparıldığı diqqətə çatdırılıb. Bu yazıda Formula-1 üzrə Avropa “Qran-pri” yarışlarına hazırlığın vəziyyəti ilə tanış olmaq və müəyyən təşkilatı məsələləri müzakirə etmək məqsədilə ölkəmizdə səfərdə olan baş icraçı direktor Berni Ekklestounun görülən işləri yüksək qiymətləndirməsi xüsusi vurğulanıb.  Formula-1 yarışlarının rəsmi mühəndisi German Tilkenin yarışlara hazırlığın yüksək səviyyədə aparılmasının onda böyük təəssürat yaratması, seçilən marşrutun böyük sürət nümayiş etdirməyə imkan verəcəyinə əminliyi barədə söylədiyi fikirlər məqalədə yer alıb.

İtaliyanın aparıcı idman kanalları, informasiya portalları Bakıda keçiriləcək Formula-1 “Qran-pri” yarışları haqqında növbəti məqalələr yaymaqdadırlar. Yazılarda əsasən yarışların 2016-cı il mövsümünün təqvimindən bəhs olunur, Azərbaycanda Formula-1 yarışlarına  hazırlıqla bağlı məqamlara toxunulur.   Formula-1 idman növü üzrə ixtisaslaşmış “Formula passion” portalı ölkəmizdə keçiriləcək yarışlar haqqında geniş məlumat verərək, təşkilatçı “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimovun fikirlərinə də yer ayırıb. O, Bakı Formula-1 trasının bu mövsümdə ən sürətli şəhər trası olacağını, paytaxtımızın qədim və müasir küçələrindən keçəcəyini, şəhərin ən gözəl məkanlarını nümayiş etdirəcəyini bildirib. O, deyib: “Bu cür yarışlar vasitəsilə biz cazibədar turizm məkanlarından olan Bakının gözəlliklərini göstərməyə çalışırıq. Çoxlu sayda izləyicisi olan Formula-1 bu məqsədə çatmaq üçün möhtəşəm platformadır”.  A.Rəhimov, eyni zamanda, müxtəlif ölkələrdə keçirdikləri görüşlər, təcrübə mübadiləsi, yarışın uğurlu təşkili üçün lazımi tədbirlərlə bağlı məlumat verib.

 Rusiyanın Mədəniyyət kanalının şərhçisi, jurnalist Vladislas Flyarkovski  deyib ki, Bakı gündən-günə gözəlləşir, inanılmaz böyük tədbirlərə ev sahibliyi edir. Konfranslar, festivallar, beynəlxalq simpoziumlar, müsabiqələr, “Eurovision” müsiqi yarışması və ən nəhayət möhtəşəm Birinci Avropa Oyunları. Mən Avropa oyunlarının canlı şahidi oldum. İnanılmaz hisslər yaşadım. Gənclik illərimin şəhəri bütün dünyaya öz gözəlliyi ilə işıq saçdı. Bir sözlə, çox qürurlu idim ki, uşaqlıq xəyallarım gerçəkləşdi və mən bunu öz gözlərimlə gördüm. Bakıda yaşamasam da, Azərbaycanın hər bir uğuru mənim üçün çox qiymətlidir. Çünki özümü Azərbaycanın bir hissəsi bilirəm.  Formula-1 “Qran Pri” yarışlarının növbəti mərhələsinin Bakıda keçirilməsini də Azərbaycanın növbəti uğuru kimi dəyərləndirirəm.

Dünya mətbuatında  davamlı olaraq nəşr olunan yazılar, müxtəlif ölkələrdən olan jurnalistlərin   bu  oyunlara  göstərdikləri maraq  Azərbaycanın artan beynəlxalq  nüfuzuna əsl nümunədir.

Hazırladı:  M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında