İdman xəbərləri. İlk liderlər - "Araz" və "Montesilvano"

Naxçıvanın "Araz" futzal komandası Rusiyanın Yekaterinburq şəhərinin eyniadlı idman sarayında keçirilən UEFA kuboku yarışlarının elit mərhələsinə əzmkar qələbə ilə başlamışdır. Azərbaycan çempionu turnirin startında Kiprin "AQBU-Ararat" komandası ilə görüşün gedişində hesabda geri qalmasına baxmayaraq, oyunda dönüş yaratmaq üçün özündə qüvvə tapmağı bacarmış və qapısından buraxdığı bir topa iki qolla cavab verərək meydanı 3 xalla tərk etmişdir - 2:1.
Təmsilçimizin çıxış etdiyi "B" qrupunda digər oyunda da 2:1 hesabı qeydə alınmışdır. Turnir sahibi Rusiyanın "VİZ-Sinara" klubunun İtaliyanın "Montesilvano" komandası ilə görüşdə məğlubiyyəti bir qədər gözlənilməz olmuşdur.
Nəticədə, Azərbaycan və İtaliya klubları birinci turdan sonra eyni göstəricilərlə turnir cədvəlinin ilk iki pilləsində qərar tutmuşlar. Dünən axşam keçirilən ikinci turda liderlər qarşılaşmışlar. Bu oyunun qalibi sonuncu, üçüncü tur qarşısında vahid lider olub "Dördlər finalı"nda oynamaq hüququ verən yeganə vəsiqənin sevincini yaşamaq üçün yaxşı imkan qazanacaqdı.

{nl}

Fransaya, beynəlxalq turnirə...
Azərbaycanın sərbəst güləş üzrə yığma komandası üzvlərinin bir qrupu Fransaya səfər ərəfəsindədir. Xalça ustalarımız bu ölkədə 2010-cu ilin son mötəbər yarışlarından biri olan beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.
Finişə yaxınlaşmaqda olan ildə "sərbəstlərin" qüvvəsinə növbəti baxışa çevriləcək qarşıdakı turnir barədə məlumat verən azerisport-un yaydığı xəbərdə həmçinin bildirilir ki, Fransada ölkəmizi altı güləşçi təmsil edəcəkdir. Bunlar Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Zəlimxan Hüseynov (66 kq), Cəbrayıl Həsənov (74 kq), Çamsulvara Çamsulvarayev (84 kq) və Toxtar Temrezovdur (120 kq).
Üç gün davam edəcək yarışa noyabrın 26-da start veriləcəkdir. Turnirin bütün qalib və mükafatçıları isə noyabrın 28-də məlum olacaq.

{nl}

Superliqada kim irəlidədir?
Türkiyə milli futbol çempionatında birinci dövrənin finişinə dörd tur qalmış turnir cədvəlinə 30 xala malik "Trabzonspor" başçılıq edir. Superliqanın lideri 13-cü turda tərkibində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi "Əskişəhərspor"u qəbul etmişdir. Həmyerlimizin oynamadığı bu görüşdə rəqiblər bir-birinin qapısına yol tapa bilməyərək meydandan qolsuz heç-heçə ilə ayrılmışlar.
Cədvəldə trabzonluların ən yaxşı izləyiciləri Türkiyənin sonuncu çempionu "Bursaspor" və "Kayserispor" hərəyə 28 xal toplamışlar. "Əskişəhərspor" isə 12 xalla 14-cü mövqedədir. Noyabrın 26-29-na təyin edilmiş növbəti turda Sadıqovun komandası 12-ci pillədə irəliləyən "Manisaspor"u (15 xal) qəbul edəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında