Avropa çempionatı həyəcanları başlayır

Fransada futbol üzrə növbəti Avropa çempionatının startına saatlar qalır. Artıq bu axşam çempionat sahibləri macarıstanlı hakim Viktor Koşşoinin idarə edəcəyi açılış matçında Rumıniya komandasını sınağa çəkəcəklər. Ümumiyyətlə isə, düz bir ay davam edib iyulun 10-da final görüşü ilə başa  çatacaq  qitə birinciliyinin  medalları uğrunda 24 komanda mübarizə aparacaq. Rəqiblər 10 stadionda üst-üstə 51 oyun keçirəcəklər.

Azərbaycan millisini qitənin ən ali futbol bayramının iştirakçıları sırasında görmək arzumuz hələlik yalnız arzu olaraq qalsa da, ölkəmizin futbol iştimaiyyəti həmişəki kimi, yenə də əvvəldən axıradək gərgin mübarizənin gedişini maraqla izləyəcək.

Əlbəttə, bu zaman biz ilk növbədə Türkiyə komandasını diqqət mərkəzində saxlayacaq və ona uğurlar arzulayacağıq. Qardaş ölkə futbolçuları ilkin mərhələdə İspaniya, Xorvatiya və Çexiya yığmaları ilə birlikdə “D”qrupunda mübarizə aparacaqlar. Çox güclü qrupdur və hər bir oyun buradakı bütün rəqiblər üçün çətin sınağa çevriləcək. Türkiyə çempionata iyunun 12-də Xorvatiyaya qarşı görüşlə başlayacaq. Növbəti iki oyunda isə iyunun 17-də və 21-də müvafiq surətdə ispanlar və çexlər ilə görüşəcək.

Azərbaycanlı futbol pərəstişkarları Albaniyanın da çıxışlarına biganə qalmayacaqlar. Bu komandanın müdafiəçilərindən biri Ansi Aqolli son illərdə Topaz Premyer Liqasının ən yaxşı klubu “Qarabağ”ın şərəfini müvəffəqiyyətlə qoruyur və ona göstərilən etimadı tam doğrultmaqla azarkeşlərin rəğbətini qazanmışdır.

Ansi və həmvətənləri Avropa çempionatında Fransa, Rumıniya və İsveçrə komandaları ilə birlikdə “A” qrupunda oynayacaqlar. Albaniya görüşləri bu ardıcıllıqla keçirəcəkdir: 11 iyun – İsveçrə, 15 iyun-Fransa, 19 iyun-Rumıniya.

Digər dörd qrupun da tərkibini xatırladaq:

“B” qrupu. İngiltərə, Rusiya, Slovakiya, Uels.

“C” qrupu. Almaniya, Polşa, Şimali İrlandiya, Ukrayna.

“E” qrupu. Belçika, İrlandiya, İtaliya, İsveç.

“F” qrupu. Avstriya, Macarıstan, İslandiya, Portuqaliya.

Hər qrupdan iki qalib komanda, habelə üçüncü yerləri tutan kollektivlər arasında daha yaxşı nəticə göstərən dörd komanda səkkizdəbir finala çıxıb pley-off görüşlərində mübarizəni davam etdirəcək.

Sentyabrda başlanacaq dünya çempionatı-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri olacaq Almaniya, Çexiya və Şimali İrlandiya komandalarının Fransada necə oyun göstərəcəkləri də bizim azarkeşlər üçün az əhəmiyyət kəsb etmir. Şübhəsiz, yığmamızın baş məşqçisi Robert Prosineçki və onun yetirmələri bu komandaların oyunlarını xüsusi diqqətlə izləyəcəklər.

Beləliklə, top meydanın mərkəzindədir. Qitəmizdə ən böyük futbol bayramı Avropa çempionatı həyəcanları başlayır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında