Ağacan ABİYEV: Azərbaycanın idman tarixini yeni uğurlarla zənginləşdirəcək daha parlaq qələbələr gözləyirik

Azərbaycanın ötən illər ərzində sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə əldə etdiyi yüksək uğurlar onu qüdrətli dövlətə çevirib. Ölkəmiz bütün mötəbər təşkilatlarda yer alır, eyni zamanda, beynəlxalq toplantılar, forumlar, idman tədbirlərinin keçirildiyi məkan kimi dünyanın diqqətini cəlb edir.

İqisadi böhranın tüğyan etdiyi belə bir dövrdə Azərbaycanın ən sürətli inkişaf templərini göstərməsi və sabitlik adası olaraq qalması onun beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır. Təbii ki, digər sahələr kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Diqqət etsək görərik ki, yalnız inkişaf etmiş dövlətlərin təmsilçiləri beynəlxalq arenalarda keçirilən mötəbər turnirlərdə böyük nailiyyətlər qazanırlar. Deməli, idmanın inkişafı, həm də ölkələrin ümumi inkişaf səviyyəsini göstərir. Eyni zamanda, belə ölkələr nüfuzlu idman tədbirləri, böyük yarışlar keçirməklə dünya dövlətlərinin nümayəndələrini bir araya toplayır, onların dostluq və qardaşlıq şəraitində mübarizə aparması üçün geniş imkanlar yaradırlar. Azərbaycanın bu sahədə də artıq beynəlxalq aləmə bir örnək olduğunu desək, yanılmarıq.

Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyevlə söhbətimizin əsas mövzusu da elə bu oldu. Ağacan Abiyev dedi: “Müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan, müasir dünyada fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquşması fonunda tarixi ənənələrini qoruyub saxlamaqla qiymətli dəyərlərin tərənnümçüsünə çevrilib.  Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçdi. Torpaqlarımız hissə-hissə işğal olunurdu. İqtisadi, siyasi böhran hökm sürürdü. Artıq vətəndaş müharibəsi ərəfəsində idik. İdman da digər sahələr kimi bərbad vəziyyətdə idi. Belə bir şəraitdə hansı nəticələrdən danışa bilərdik. Vətənin belə ağır günündə xalq ümummilli lider Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə  Azərbaycanda bütün proseslər müsbət istiqamətdə getmişdir. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilmiş, bədən tərbiyəsi və idmanın inkişafı, fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsi vacib amil kimi önə çəkilmişdir. Ümummilli lider “Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” fikirləri ilə bu sahənin inkişafına verilən önəmi xüsusilə diqqətə çatdırırdı. Cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməsi ilə isə ölkəmizdə Olimpiya Hərəkatının yeni mərhələsi başladı. Azərbaycan hazırda dünyanın ən nüfuzlu idman dövlətlərindən biri hesab edilir.

Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə kiçik bir beynəlxalq tədbirin belə gərgin və uzun sürən danışıqlar nəticəsində ölkəmizdə keçirilməsinə icazə verildiyi halda, indi dünyanın ən irimiqaslı tədbirlərini təşkil eməyi hərtərəfli inkişaf etmiş, Avropanın ən təhlükəsiz və sabit ölkələrindən sayılan Azərbaycandan dönə-dönə xahiş edirlər. Şübhəsiz, ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi belə qərarların qəbul edilməsində böyük rol oynayır. Bakıda təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev “Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir”, - deyə dünyaya bir daha sülh mesajı verdi.

BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal proseslərə fəal nüfuz edən Azərbaycan bütün sahələrə, eləcə də beynəlxalq Olimpiya və idman hərəkatının inkişafına böyük töhfələrini verməkdə davam edir. Ölkəmizdə təşkil edilən mötəbər idman tədbirləri, həm də dünya miqyasında əhəmiyyətli rola malikdir.

Belə tədbirlərin işirakçıları, eləcə də qonaqlar müxtəlif millətlərin dostluq, qardaşlıq şəraitində yaşadıqları Azərbaycanda bu birliyin, döstluğun, tolerant mühitin ölkələrində də bərqərar olmasını arzulayırlar. Qocaman qitəmizin qabaqcıl paytaxtlarından olan Bakı, adını həm də Avropa Oyunlarının vətəni kimi tarixə yazmışdır. Bir Azərbaycan vətəndaşı kimi bundan qürur duyuruq. Çünki Olimpiya oyunlarının Avropada təşəkkül tapmasına baxmayaraq qitəmizin heç vaxt öz oyunları olmamışdır. Əsrlərlə avropalıların qəlbində kök salan bu arzunu məhz Azərbaycan reallaşdıra bilmişdir. Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəyi xüsusi qeyd etmək istəyirəm. Oyunların məşəli bütün bölgələrdə, o cümlədən paytaxımızda necə izdihamla qarşılandığını yada salmaq istəyirəm. Milyonlarla insan məşəli salamlamaq üçün küçələrə, meydanlara çıxır, oyunlara öz güclü ictimai dəstəyini nümayiş etdirirdi. Xalqımız birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışladığını oyunlar zamanı bütün dünyaya bir daha nümayiş etdirdi".

Milli Olimpiya Komitəsinin baş katibi bu il Formula 1 Avropa qran-prisi və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi mötəbər tədbirlərin doğma Bakıda təşkilinin böyük əhəmiyyət daşıdığını qeyd etdi: “Bu möhtəşəm yarışlar zamanı dünya xalqlarının sayılan, seçilən nümayəndələri Azərbaycanda bir araya gələcəklər. Onlar ölkəmizlə daha yaxından tanış olmaq üçün bu imkanlardan geniş surətdə bəhrələnə biləcəklər. Ölkəmizdə sürətli inkişaf, sabitlik, tolerant mühit buraya təşrif buyuran hər bir kəsə nümunədir. Onlar ölkəmizin böyük iqtisadi və hərbi potensialı olmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həllinə sadiq qaldığının bir daha şahidi olacaqlar. Belə irimiqyaslı tədbirlərin təşkilinin Azərbaycana etibar edilməsi, bu yarışlarda bütün ölkələrin nümayəndələrinin məmnuniyyətlə iştirak etmələri, həm də işğalçı Ermənistan üçün ciddi işarədir. Dünya birliyində ölkəmizin artan nüfuzundan təlaş keçirən düşmən ölkənin artıq beynəlxalq aləmi çaşdırmaq üçün təxribatlara əl atmaqdan başqa çarəsi qalmayıb. Belə təxribatlar nəticəsində isə baş verən aprel hadisələri bu ölkənin məkirli siyasətini davam etdirməyə gücünün tükəndiyini aydın göstərdi. Aprel hadisələri müstəqillik dövründə Azərbaycanın qüdrətli bir dövlətə çevrildiyini, sağlam, vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi”.

Milli Olimpiya Komitəsinin baş katibi təşkilinə sayılı günlər qalan dünyanın ən məşhur avtomobil yarışları olan Formula 1 üzrə Avropa Qran-prisinin də ölkəmizdə yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirdi: “Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından sonra ən böyük yarış sayılan  Formula 1-in Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir və əminəm ki, bu mötəbər yarış da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə keçiriləcək. Dünyanın 200-ə yaxın ölkəsində yayımlanan Formula 1 yarışlarını 500 milyon nəfərdən çox insanın izlədiyini nəzərə alsaq, yarım milyard insanın Bakının gözəllikləri ilə tanış olmaq imkanı əldə edəcəyini demək olar. Bildiyiniz kimi, geniş auditoriyaya malik bu möhtəşəm yarış, həm də ev sahibliyi edən ölkələrə böyük gəlirlər gətirmək imkanlarına malikdir. Bu yarışlara ən tanınmış ölkələr ev sahibliyi edirlər. Yarışların keçirilməsi üçün xüsusi stadionlar - avtodromların inşa edilməməsi, Bakı mərhələsinin elə paytaxt küçələrində keçirilməsi daha az xərc müqabilində daha çox gəlir deməkdir. Yarış maşınlarının dənizkənarı bulvar boyunca hərəkət edib, paytaxt Bakının ən qədim hissəsi olan və UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr etməsi tədbiri izləyən televiziya tamaşaçıları və qonaqların şəhərimizin müasirliyi və qədim tarixi gözəlliyini birləşdirən siması ilə tanış olmaq imkanı yaradacaq. Bütün bunlar Azərbaycanın dünya miqyasında geniş təbliğatı deməkdir.

Bu il dünyanın idman ictimaiyyəti üçün növbəti sınaq illərindən biridir. Rio Olimpiadasına lisenziya uğrunda gərgin mübarizə gedir. Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və milli federasiyaların qarşısında duran əsas məsələ Rio-2016-ya komandamızın yüksək səviyyədə hazırlığını təmin etməkdir. Olimpiadadan-olimpiadaya uğurlarımızın yüksələn xətlə davam etməsi, bu mötəbər oyunlarda daha böyük qələbələrin qazanılması üçün əsas yaradır. İndiyədək qazanılan lisenziyaların sayı 57-yə çatıb. Bu, çox gözəl nəticədir. Amma lisenziya yarışları davam edir. Bu ay Bakıda boks üzrə dünya təsnifat turniri keçiriləcək. Boksla yanaşı digər növlərdə də  lisenziya artımı gözlənilir. Gənclərimizdən olimpiadadan-olimpiadaya nailiyyətlərini artıran qüdrətli Azərbaycanın idman tarixini yeni uğurlarla zənginləşdirəcək daha parlaq qələbələr gözləyirik".

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında