Şəmkirdə qızıl finiş

Unudulmaz qrossmeyster Vüqar Həşimovun xatirəsinə  həsr edilən üçüncü beynəlxalq turnir Azərbaycan şahmat məktəbinin digər məşhur yetirməsi Şəhriyar Məmmədyarovun əsl idman qəhrəmanlığı ilə yadda qalacaq.

Əgər kimsə on gün ərzində bütün  şahmat aləmində böyük  maraqla izlənilən ənənəvi və çox mötəbər  yarışın finişinə üç tur qalmış Şəmkirdəki Heydər Əliyev Mərkəzində turnirin bağlanış mərasimində baş mükafatın  məhz  Məmmədyarova təqdim olunacağını  desəydi, heç də hamı bu cəsarətli fikrin müəllifi ilə  razılaşmazdı. Belə ki,  Şəhriyar altı turdan sonra liderlər Fabiano Karuanadan (ABŞ) 2, Aniş Giridən (Hollandiya) isə 1,5  xal geri qalırdı.

Belə bir  vəziyyətdə bu qədər fərqi aradan  qaldırmaq hər qrossmeysterin işi deyil. Lakin  şahmatımızın 1 nömrəsi  bunu  bacardı və bir daha bütün idman  dünyasına sübut etdi ki, hər  hansı bir işdə möhkəm iradə, böyük  əzmkarlıq heç vaxt mükafatsız qalmır. Turnir  məsafəsinin  son  metrlərində dostu Eltac Səfərli, sonra da yarışın ən yüksək reytinqli  iştirakçıları Karuana və Giri üzərində qələbələr  Məmmədyarovun  nəyə  qadir olduğunu tam  təsdiq etdi.  Həlledici anlarda ABŞ  təmsilçisi ilə görüşdə  qrossmeysterimizin  qara  fiqurlarla qalib  gəlməsini də xüsusi qeyd  etmək olar.

Nəticədə Məmmədyarovla Karuana finişə eyni  nəticə —  hərəyə 6 xalla çatdılar. İndi yarışın  şərtlərinə  əsasən  qalibi “əlavə vaxtda”  tay-breklər müəyyənləşdirməli idi. Rapiddə  rəqiblər bir-birinin  müqavimətini  qıra bilmədilər — 1:1. Blitsdə  isə iki oyundan birində  azərbaycanlı  qrossmeysterin  qələbəsi,  digərində  heç-heçə  qeydə alındı. Beləliklə, “qısa” görüşlər 2,5:1:5  hesabı  ilə  Şəhriyarın xeyrinə  başa  çatdı.

Bununla da  Vüqar  Həşimovun  xatirəsinə  həsr edilən üçüncü beynəlxalq  turnirin  qalibi adını  Şəhriyar  Məmmədyarov  qazandı.  Əvvəlki iki turnirdə isə baş  mükafat  norveçli  dünya  çempionu  Maqnus Karlsenə  təqdim olunmuşdu.

Budəfəki  turnirdə  digər  təmsilçilərimizin də  nəticələri  pis  olmadı. Rauf  Məmmədov 4,5  xalla on  iştirakçı  arasında beşinci yeri  tutdu, Eltac Səfərli  və  Teymur Rəcəbov  isə ondan yarım xal geri  qalıb finişə yeddi-səkkizinci  pillələrdə çatdılar.

Xatirə  turnirinin  qonaqlarından hollandiyalı  Aniş Girinin (5,5 xal) üçüncü, rusiyalı  Sergey Karyakinin (5) dördüncü, hindistanlı qrosmeyster Pentala Harikrişnanın (4) altıncı, ukraynalı Pavel Elyanovun (3,5) doqquzuncu, qadınlar  arasında dünya  çempionu çinli Hou İfanın (2,5) onuncu olduqlarını da  xatırladaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında