İDMAN

“Qran-pri”də bir dəst medal

 

Azərbaycanın üç cüdoçusu ötən bazar günü Almatıda (Qazaxıstan) finişə çatmış “Qran-pri” turnirində çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Komandamızda ən böyük müvəffəqiyyətə bütün rəqiblərindən üstün hazırlıq nümayiş etdirən Elxan Məmmədov (100 kq-dək) nail olmuşdur.

Tatami ustamız Qazaxıstan, Özbəkistan idmançılarını, yarımfınalda Macarıstan təmsilçisini məğlubiyyətə uğratmış, finalda isə Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb idman ictimaiyyətimizi qızıl medalla sevindirmişdir.

E.Məmmədovun komanda yoldaşları Uşanqi Kokauri (100 kq-dan yuxarı) və Məmmədəli Mehdiyev (90 kq-dək) müvafiq surətdə gümüş və bürünc mükafatlara sahib olmuşlar. Kokauri dörd qələbədən sonra yalnız finalda gürcüstanlı Adam Okruaşviliyə uduzmuş, Mehdiyev isə üçüncü yer uğrunda görüşdə Əlcəzair idmançısı Əbdürrəhman Banamediyə qalib gəlmişdir.

Azərbaycan cüdoçularının gündən-günə yaxınlaşmaqda olan XXXI Yay Olimpiya Oyunları qarşısında son mötəbər beynəlxalq yarışlardan biri hesab edilən Almatı turnirində qazandıqları bir dəsıt medal onlara öz reytinq xallarını müəyyən dərəcədə artırmaq imkanı vermişdir.

 

Amil Qasımov Sarkisyana qalib gəlib Avropa çempionu oldu

 

Rusiyanın Kazan şəhərində keçirilmiş sambo üzrə Avropa çempionatı Azərbaycan üçün, ilk növbədə, Amil Qasımovun qızıl medalı ilə əlamətdar olmuşdur.

Xüsusi qeyd etmək olar ki, idmançımız 74 kq çəki dərəcəsində fəxri kürsünün zirvəsinə aparan yolda həlledici final görüşündə erməni əsilli Ukrayna təmsilçisi Artur Sarkisyanı məğlubiyyətlə barışmağa məcbur etmişdir. Ötən illərdə də bir dəfə qitə birinciliyinin qızıl medalını qazanmış A.Qasımov məhz bu rəqiblə görüşdən sonra ikiqat Avropa çempionu adını daşımağa başlamışdır.

Həmvətənlərimiz Kazanda yalnız bir qızıl medalla kifayətlənməmişlər. Çempionatın birinci günü ölkəmizə ilk müvəffəqiyyəti Emil Həsənov (68 kq) qazandırmışdır. O, bürünc mükafatçı olmuşdur. Yarışın sonuncu  günü isə Cavidan Qarayev də (62 kq) bürünc medal qazanmışdır. 

 

Avropa çempionatı finalın astanasında

 

Bakıda 17 yaşınadək futbolçulardan ibarət komandaların Avropa çempionatında dörddəbir final görüşlərindən sonra çempionluğa iddiaçıların sayı bir qədər də azalmışdır. İndi meydanda yalnız dörd rəqib qalır.

Dörddəbir finalın təkcə bir oyununda qalib komanda yarımfinala çıxmaq məqsədinə, demək olar, heç bir müqavimətə rast gəlmədən çatmışdır. Portuqaliyalı yeniyetmələrin avstriyalı yaşıdlarını 5:0 hesabı ilə məğlubiyyətə uğratmaları çox şeyə sübutdur.

Gərgin mübarizə şəraitində davam edən qalan üç görüşün isə taleyini yeganə qol həll etmişdir. Almaniya–Belçika, İspaniya–İngiltərə və Hollandiya–İsveç matçlarında hakimlər birincilərin xeyrinə 1:0 hesabı qeydə almışlar.

Bu oyunlardan sonra Avropa çempionatı artıq finalın astanasındadır. Mayın 18-də keçiriləcək yarımfinal görüşlərində Portuqaliya Hollandiyaya, Almaniya isə İspaniyaya qalib gəlib finala çıxmağa çalışacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında