Odessadan Bakıya Dünya kuboku ilə

Azərbaycan idmançısı Dəyanət Mikayılov mayın birinci ongünlüyündə Ukrynanın Odessa şəhərində keçirilmiş Dünya Goju-Ryu Karate-do Federasiyasının 8-ci Dünya kuboku yarışında ölkəmizi layiqincə təmsil etmişdir. Onun qələbəsi şərəfinə idman sarayında Azərbaycanın dövlət himni səsləndirilmiş, milli bayrağımız yüksəklərə ucaldılmışdır.

D.Kərimov  bu günlərdə redaksiyamıza gəlib yarış haqqında aşağıdakıları bildirdi: – Turnirdə 12 ölkə təmsil olunurdu. Müxtəlif yaş qruplarında – yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda Azərbaycan, Ukrayna, Fransa, İtaliya, Gürcüstan, İran və s. ölkələrdən 350-yə qədər karateçi iştirak edirdi. Bizim komanda da Odessaya geniş heyətlə getmişdi.

Çıxışlarımız uğurlu oldu. Azərbaycan kollektivi ümumkomanda hesabında yalnız yarış sahibləri Ukrayna karateçilərindən geri qalıb ikinci mükafatçı oldu. Üçüncü yeri İtaliya komandası tutdu.

Karateçilərimiz hər üç yaş qrupunda yaxşı hazırlıq nümayış etdirib bir neçə mükafat qazandılar. Mən özüm böyüklərin yarışında üç görüş keçirdim və hamısından qalib ayrıldım. İki ukraynalı rəqib üzərində qələbədən sonra finalda komanda yoldaşım Müşfiq Tağıyevlə qarşılaşdım və daha bir müvəffəqiyyət sayəsində kuboka sahib oldum. Müşfiq isə gümüş medal qazandı.

Komandamız Ukraynaya VKC növləri üzrə Azərbaycan Karate-do Federasiyasının prezidenti Nurəddin Quliyevin rəhbərliyi ilə getmişdi. Dünya Goju-Ryu Karate-do Federasiyasının vitse-prezidenti, ABŞ-dan olan Bob Davis və onun həmvətəni, federasiyanın ikinci vitse-prezidenti Mari Roe də yarışın gedişini izləyənlər arasında idilər. Onlar komandamızın çıxışını yüksək qiymətləndirdilər. Biz Odessada yaşayan azərbaycanlılara da minnətdarıq. Onlar yarış günlərində idman sarayına gəlib komandamızın üzvlərini ürəkdən dəstəkləyirdilər...

Dünya kuboku sahibinin dediklərinə onu da əlavə edək ki, Dəyanət hələ Türkiyənin İzmir şəhərində 9 Eylül Universitetinin hüquq fakültəsinin tələbəsi olarakən qardaş ölkədə universitetlərarası yarışlarda yeddi dəfə çempion olmuş, sonralar, 2013-2014-cü illərdə Sumqayıt və Şəmkirdə təşkil edilən Azərbaycan çempionatlarında da çıxışlarını qızıl medalla başa vurmuşdur. Hazırda isə yarışlarda çıxış etməklə yanaşı, Bakının Yasamal rayonunda uşaqlarla məşğul olur, onlara karatenin incəliklərini öyrədir. İstəyir ki, yetirmələri  arasından da gələcəkdə mötəbər beynəlxalq yarışların qalibləri çıxsın. Bu barədə danışarkən dedi ki, Azərbaycanda idmanın inkişafı dövlətimizin və şəxsən onun başçısı cənab İlham Əliyevin daimi qayğı və diqqəti ilə əhatə olunmuşdur. Məşq və yarışlar üçün hər cür şərait olduqda isə böyük uğurlara aparan yolda ikiqat həvəslə məşğul olursan.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında