“Synergy Baku”dan ikinci dəfə mərhələ qalibiyyəti

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016" veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın ”Synergy Baku" kontinental komandası üçün uğurlu alınıb - 2-ci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib. Bu dəfə Matey Müqerli azarkeşlərə sevinc dolu anlar yaşadıb.

Marşrutu 4 saat, 18 dəqiqə, 44 saniyəyə başa vuran Müqerli  bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə dünən olduğu kimi, yenidən Avstryianın “Felbermayr - Simplon Wels” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin “NASR-Dubai” komandasının üzvü Luka Vakerman tamamlayıb.

“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında 1-ci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.

3 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb.

Qaliblərə mükafatları veloturun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.

“Bu gün maraqlı finiş alındı. Sona az qalmış rəqiblərim hücuma keçdi və bu səbəbdən sürəti artırmalı oldum” - deyə, mərhələnin qalibi Matey Müqerli mətbuat kobfransında bildirib. Onun sözlərinə görə, belə bir yarışda uğur qazanmaq həm onun özü, həm də komandamız üçün olduqca vacibdir: “Ötən il komanda hesabında çempion olduq, dağ köynəyini götürdük, amma mərhələ qalibiyyətimiz olmadı. Bu dəfə isə artıq 2 dəfə mərhələ qalibi olmuşuq”.

Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 kilometr məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi (Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ) başlamazdan öncə azərbaycanlı jurnalistlərə müsahibəsi zamanı bildirib ki, hər zaman olduğu kimi, bu il də “Tour d’Azerbaidjan” yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra “Dünya turu” statusu alsın. O, əlavə edib ki, bunun üçün təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Otelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev ölkənizdə idmanın inkişafı üçün hər şeyi edir. Həmçinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri də  qeyd etməliyəm.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında