Azərbaycanın Elit yığmasının və “Synergy Baku Cycling Project” kontinental komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2016” veloyürüşünün 2-ci mərhələsinin qalibi olub. O, paytaxt Bakıdan İsmayıllıyadək olan 186,5 kilometr məsafəni hamıdan tez qət edib.
Marşrutu 4 saat, 29 dəqiqə, 45 saniyəyə başa vuran Averin bununla da finişi onunla eyni vaxtda keçən 6 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə Avstriyanın “Felbermayr” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü İsveçrənin “Roth” pro-kontinental komandasının üzvü Alberto Çeçin tamamlayıb.
“Synergy Baku”nun digər üzvlərinə gəlincə, Matey Müqerli 9-cu, Matiya Kvasina 13-cü, Kiril Pozdnyakov isə 16-cı olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında 1-ci yerə yüksəlməyə imkan verib. Hazırda təmsilçimiz ən yaxın izləyicisi, Avstriyanın “Felbermayr” klubunu 1 dəqiqə, 1 saniyə qabaqlayır. Ümumi təsnifatda Maksim Averin 4-cüdür.
2 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini İsrailin “Cycling Academy Team” klubunun üzvü Giliom Buavin ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyinə, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyinə sahib çıxıb.
Qaliblərə mükafatları veloturun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.
Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar saat 10:30-da Qəbələ şəhər İcra Hakimiyyətinin qarşısından start götürməklə Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər və 177,2 kilometr məsafə qət etdikdən sonra başlanğıc nöqtədə də mərhələni başa vuracaqlar.
Veloyürüşün 2-ci mərhələsi başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandırıb. S. Ələkbərov “velosiped idmanını bölgələrdə inkişaf etdirmək üçün hansı tədbirlər görülür” – sualına cavabında bildirib ki, bu istiqamətdə 2-3 ildir ki, ciddi işlər aparırıq. Amma normal velosipedçinin yetişməsi üçün ən azı 7 il vaxt lazımdır. Komandamızın geniş adı “Synergy Baku Cycling Project”dir, yəni bu velosiped layihəsidir. Burada yalnız komandanın qarşısına vəzifə qoyulmayıb ki, yarışlarda iştirak edərək qələbələr qazansınlar. Məqsədlərimizdən biri də gənc velosipedçiləri yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. 23 yaşadək velosipedçilər arasında çox yüksək nəticələrə imza atmış idmançılarımız var. Onlardan Samir Cəbrayılov, Kənan Qəhrəmanlı və Elgün Əlizadənin adını çəkə bilərəm. Artıq bu ildən Samir böyüklərin qrupuna keçir. İki ildən sonra bu velosipedçilər əsas heyətdə yer alacaq. Əsas məqsədlərimizdən biri də budur. Bu, bizim üçün prioritet sahədir.
– İsmayıllıda istifadəyə veriləcək velosiped zavodunda sırf idman tipli velosipedlər istehsal olunacaq – sualına cavabında deyib ki, bu, kommersiya layihəsidir. İsmayıllı rayon rəhbərliyi ilə bu mövzuda söhbətimiz oldu. O dedi ki, bu il zavod istifadəyə veriləcək. Ancaq yaranmış maliyyə problemlərinə görə açılış bir qədər yubanır. Zavodda işlərin böyük hissəsi başa çatıb, avadanlıqlar gəlib. 2-3 aya zavodun fəaliyyətə başlayacağı gözlənilir. Orda uşaq velosipedindən tutmuş, ən yüksək səviyyəli idman velosipedləri də istehsal olunacaq. Bura həm dağ, həm də trek velosipedləri daxildir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.