“Qarabağ” – son illərin dəyişməz çempionu

Mayın  birinci günü Topaz Premyer Liqasında xüsusilə əlamətdar bir gün oldu. Ağdamın “Qarabağ” komandası 32-ci turda Zirə Olimpiya Kompleksinin stadionunda turnir cədvəlində ən yaxın izləyicisi “Zirə”yə iki cavabsız qolla qalib gələrək (2:0) milli çempionatlarımızda ardıcıl üçüncü dəfə qızıl medalların sevincini yaşadı. Özü də vaxtından əvvəl, finişə hələ dörd tur qalmış!

Qurban Qurbanovun komandası növbəti dəfə çempionluq zirvəsini inamla fəth etmişdir. Son illərdə Azərbaycanın 1 nömrəli komandası kimi ölkə futbol ictimaiyyətinin böyük rəğbətini qazanmış “Qarabağ”ın 32 oyunda topladığı 75 xal (23 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət) bu səmimi və mübariz kollektivin şərəfini qoruyan futbolçuların yüksək ustalığının, qarşıda duran vəzifələr uğrunda mübarizədə yenilməz qələbə əzminin gözəl bəhrəsidir.

Çempionluq Ağdam klubu üçün son hədd deyil. Komanda ölkə kuboku yarışlarında da məqsədə doğru inamla irəliləyir. Yarımfinal mərhələsinin ilk oyununda rəqib meydanında “İnter”ə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” finalda mübarizə aparmaq hüququnu, demək olar, özünə təmin etmişdir (cavab görüşü bu gün keçiriləcəkdir).

Bundan əlavə, Azərbaycan  futbolunu Çempionlar Liqası turnirində yenə də “Qarabağ” təmsil edəcək. Şübhəsiz, ölkə çempionumuz qitə klublarının ən mötəbər yarışına da pərəstişkarlarını sevindirmək, qrup mərhələsinə vəsiqə qazanmaq arzusu ilə hazırlaşacaq. Komandaya Liqada da layiqli oyun və  uğurlar arzulayırıq.

Ölkə çempionunu müəyyənləşdirmiş hesabat turunun digər görüşləri isə belə nəticələnmişdir: “Kəpəz”— "Rəvan"—3:2 AZAL— Xəzər-Lənkəran—1:0, “İnter—“Sumqayıt”—2:2, “Qəbələ”—"Neftçi"—2:2.

Bu oyunlardan sonra turnir cədvəlində 60 xalla ikinci mövqeydə olan “Zirə”ni növbəti qələbə sayəsində üçüncü pilləyə yüksəlmiş “Kəpəz”dən (52) səkkiz xallıq bir məsafə ayırır. Gəncə klubu da öz növbəsində dördüncü-beşinci yerləri tutan “Qəbələ” və “İnter”dən (hərəsinin 50 xalı vardır) iki xal irəli çıxmışdır.

Növbəti, 33-cü turun oyunları mayın 7-də keçiriləcəkdir. Həmin gün azarkeşləri “Qarabağ”—"Sumqayıt", “Rəvan” —"İnter", “Xəzər-Lənkəran”—"Kəpəz", “Neftçi”— AZAL və “Zirə”— "Qəbələ" görüşləri gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında