Lənkəranın idman ənənələri yaşayır

Azərbaycanın zəngin idman ənənələri olsa da, dövlətimizin başçısı İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra bu sahədə daha böyük nailiyyətlər qazanılıb. İdmançılarımızın Avropa və dünya çempionatlarında, olimpiadalarda, mötəbər turnirlərdə parlaq qələbələrinin sayı ilbəil artıb. Möhtərəm Prezidentimiz Azərbaycanın dünyada tanınan idman ölkəsi olmasının fərəh doğurduğunu bildirib.
...Növbəti elan Rusiya Federasiyasında beynəlxalq boks turnirinin keçirildiyi salonu silkələdi: 1-ci yeri Azərbaycan təmsilçisi Elvin Mirzəbəyli tutmuşdur! Ani sükutu gurultulu alqış sədaları pozdu. Qalibin şərəfinə Azərbaycanın dövlət bayrağı qaldırıldı, himnimiz səsləndirildi. Əyalət yetirməsi olan bir "qarabala" hər kəsi ayağa qalxmağa məcbur etmişdi.
Son illərdə bu kimi fərəhli hallara tez-tez rast gəlmək olur. Artıq vərdiş eləmişik. Çünki Azərbaycan idmanı təkcə paytaxt Bakıda və ölkənin iri şəhərlərində deyil, əyalətlərdə də sürətlə inkişaf etməkdədir. Elə adı çəkilən Elvin Lənkəran boks məktəbinin yetirməsidir. Onun kimi yüzlərlə istedadlı idmançımız məhz bölgələrdən çıxaraq Azərbaycanı dünyada ləyaqətlə təmsil edir. Az vaxtda regionlarda onlarca Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. İdmanın inkişafına dövlət qayğısı günbəgün artır. Bu isə yeni-yeni uğurlar qazanmaqdan ötrü gözəl stimuldur.
Cənub bölgəsində ilk olimpiya kompleksi 2003-cü ildə Lənkəranda istifadəyə verilib. Dövlət başçısı, MOK prezidenti İlham Əliyev orada iştirak edib. Bundan üç il sonra Lənkəranda beynəlxalq standartlara uyğun mərkəzi stadion inşa olunub. Bu il isə möhtərəm Prezidentimiz Lənkəran Regional Boks Mərkəzinin açılışında iştirakı ilə idmançıları sevindirib. Şərait yaxşılaşdıqca fərəhli nəticələr də çoxalır.
Rayonda beş idman klubu, iki idman cəmiyyəti, üç idman məktəbi fəaliyyət göstərir. On altı növdə güclü atletlər hazırlanır. Boksçuların, ağır atletlərin, şahmatçıların, futbolçuların, taekvondoçuların uğurları daha böyükdür. Neçə-neçə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Lənkəranın və Azərbaycanın şöhrətini artırır.
Oxucular xatırlayırsa, bir neçə il öncə Prezident İlham Əliyev Lənkərana növbəti səfərində Aşağı Nüvədi kəndinin 7 yaşlı idmançısı Ələsgər Həsənzadə ilə tanış olmuş, balaca atleti uğurları münasibətilə təbrik etmişdi. Ələsgər Moskvada keçirilən yarış zamanı 1 saat 45 dəqiqə 25 saniyə ərzində arxası üstdə uzanaraq əl barmaqları ilə ayağına 3 min dəfə toxunmuşdur. (İdman leksikonunda buna "press yığmaq" deyilir). Dünya rekordunu təzələyən lənkəranlı vunderkind heyrətamiz gücünə görə "Ginnesin rekordlar kitabı"na düşmüşdür.
Lənkəranda uğurları ilə seçilən idman kollektivlərindən biri Gənclər və İdman Nazirliyinin Uşaq-Gənclər İdman Məktəbidir. Bu məktəbin 30 yaşı var. 2004-cü ildən məktəbə Əlibala Ələsgərov rəhbərlik edir. İdmana bütün varlığı ilə bağlanmış adamdır. Məktəbdə fəaliyyət göstərən boks və ağır atletika qruplarının səmərəli məşqlərindən ötrü əlindən gələni edir. O deyir ki, yetirmələrimizin Azərbaycan idmanına verdiyi töhfələrdən qürur duyur. Fərəhli nəticələr isə yetərincədir.
İdmançılarının əsasən "Təhsil" mərkəzində, "Zirvə" kompleksində və Regional Boks mərkəzində hazırlandığı məktəbdə üç əməkdar məşqçi, səkkiz 1-ci dərəcəli məşqçi-müəllim çalışır. Əməkdar məşqçilər Salam Bağırov, Əlizadə Əsədovun Lənkəran boksunun inkişafında xidmətləri böyükdür. Respublika dərəcəli hakim Rauf Quliyev, məşqçi-müəllimlər Nazim Qulamov və İlqar Təbibzadə 250-dən artıq yeniyetmə və gəncə boksun sirlərini öyrədirlər. Rayon yığma komandasının baş məşqçisi Rauf Quliyevdir. O, 21 ildir ki, burada çalışır.
Ötən il idman məktəblərinin 2-ci respublika oyunlarında bu məktəb qalib elan edilib, 56 rayon arasında boks komandası "gümüş" nəticə göstərib. Bundan bir il öncə isə yeniyetmələrin 6-cı respublika oyunlarında məktəbin yetirmələri ikinci yerə çıxıblar.
Gənc boksçulardan Cavid Tağıyev və Azər Məmmədov məktəblilərin Avropa birinciliyində 2-ci yerə layiq görülüblər. Elnur Hacıyev 3-cü mükafatçı olub. Keçən il Azərbaycan birinciliyində Elvin Mirzəbəyli və Ramal Yusifzadə qalib gəliblər, Soltan Paşazadə və Gülhüseyn Ağazadə 2-ci, Kamran Cabbarzadə isə 3-cü yerləri tutublar. Elvin Mirzəbəyli gənclər arasında "Böyük İpək yolu" beynəlxalq turnirində qalib gəlib. Rahid Həbibzadə məktəblilərin Bolqarıstanda keçirilən qitə yarışlarında iki il dalbadal "bürünc" mükafata sahib olub. Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, Azərbaycan birinciliklərində də Lənkəran təmsilçiləri fərqlənə biliblər. Rauf Ağayev kişilər arasında Azərbaycan çempionu olub.
Gənclər və İdman Nazirliyinin Lənkəran Uşaq-Gənclər İdman Məktəbi ötən tədris ilində boks üzrə 6 idman ustalığına namizəd, 100-ə yaxın 1-ci, 100-dən çox 2-ci dərəcəli idmançı yetişdirib. Yeniyetmələrdən, gənclərdən və daha aşağı yaş qrupuna məxsus idmançılardan ibarət yığma komandaların tərkibində 20-dən çox Lənkəran boksçusu layiqincə təmsil olunub. Hazırda boksçular Abbas Ağalarovun ənənəvi xatirə turnirinə hazırlaşırlar.
Məktəbin ağır atletika qruplarında da uşaqlar həvəslə məşğul olurlar. Burada da tanınan idmançılar çoxdur.Turan Mirzəyev Olimpiya oyunlarının, dünya və Avropa birinciliklərinin iştirakşısıdır. Ötən il o, qitə çempionatını "bürünc" pillədə başa vurub. Rövşən Fətullayev bu il Avropa birinciliyində fəxri 2-ci yeri tutub. O həm də tələbələrin dünya çempionatının qalibidir. Elxan Əliquluzadə məktəblilərin Avropa birinciliyində qüvvəsini sınayıb. Azər Məmmədov bu il yeniyetmələrin Azərbaycan birinciliyində qalib gəlib, Ceyhun Tağızadə isə 2-ci yerlə kifayətlənib.
İdman məktəblərinin 2-ci respublika oyunlarında dörd lənkəranlı çempion adına layiq görülüb. Bunlar Kənan Əliquluzadə, Ramazan Dadaşzadə, Səfərəli və Məmməd Hüseynzadələrdir. Hazırda UGİM-də təmir işləri aparılır. Müəyyən çətinliklərin olmasına baxmayaraq, qruplar müntəzəm məşqlər edir, idmanşılar yarışlara hazırlığı davam etdirir və fərəhli nəticələr qazanırlar. Rayon rəhbərliyi yerli idmançıların bütün uğurlarının əsas dəstəkçisidir. Onlar hər cür qayğı ilə əhatə olunublar.
...Buradan idmançılar qələbə zirvələrinə pərvazlanır. İnanırıq ki, onlar etimadı bundan sonra da doğruldacaq, el-obaya, eləcə də Azərbaycan idmanına yeni şan-şöhrət gətirəcəklər. Bəlkə də bu cənub şəhərinə olimpiya qızıl medalının gələcəyi gün uzaqda deyil.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında