Azərbaycan olimpiyaçılarının sıraları getdikcə genişlənir

Ötən  həftənin son günləri XXXI Yay  Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə  Azərbaycan  idmançıları üçün çox  uğurlu olmuşdur. Boksçular Samsunda (Türkiyə) Avropa təsnifat turnirində xüsusilə  fərqlənərək ölkəmizə birdən-birə beş Olimpiya “bileti” təmin etmişlər, güləşçilər isə Serbiyanın Zrenyanin şəhərində Rio – 2016-ya növbəti  vəsiqə qazanmışlar.

Samsun turnirində  lisenziyalara Cavid Çələbiyev (56 kq),  Lorenso Sotomayor (64 kq), Abdulqadir Abdullayev (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı),  qadınların yarışında isə Yana Alekseyevna (60 kq) sahib olmuşlar.

Olimpiya  vəsiqələrinə aparan yolda Çələbiyevin Aram Avaqyanı (Ermənistan), Abdullayevin isə Ukrayna  təmsilçisi Gevorq Manukyanı  rinqi  məğlubiyyətlə tərk etməyə  məcbur etdiklərini, Alekseyevnanın Olimpiya  çempionu, dəfələrlə dünya  və Avropa çempionatlarının  qalibi Keti Teylora (İrlandiya) qalib gəldiyini xüsusi  qeyd etmək  olar.

Dəri  əlcək  ustalarımızın  bu uğurlarından sonra  Azərbaycan  boksçularının  hesabında  Rioya artıq səkkiz  lisenziya vardır. Xatırladaq ki,  əvvəllər  Elvin  Məmişzadə (52  kq), Albert Səlimov (60 kq)  və Pərviz Bağırov (69 kq) yığma  komandamıza üç vəsiqə  qazandırmışlar. Çələbiyev, Sotomayor və  Alekseyevnanın təkcə  lisenziya ilə kifayətlənməyib, turniri  qızıl  medalla  başa vurmaları da onların böyük  əzmkarlığından  və yüksək  ustalığından  xəbər verir.

Boksçuların  növbəti  təsnifat turniri iyunun 14-dən 26-dək Bakıda  keçiriləcəkdir.

Zrenyanində Azərbaycan  güləşçilərinin lisenziyalarının  sayını  isə sərbəst  güləş  ustası  Cəbrayıl Həsənov (74 kq)  artırmışdır. Özü  də  təmsilçimiz bütün rəqibləri  üzərində  tam üstünlüklə  qələbə qazanmış, Aleksandr Burçanı (Moldova) 11:0,  Kristian Brjozovskini (Polşa) 10:0, yarımfinalda Suren Xaçatryanı da (Ermənistan) 10:0, finalda isə  Yakob Makaraşvilini (Gürcüstan) 11:0 hesabı ilə  məğlubiyyətə  uğratmışdır. Bununla da  Cəbrayıl dörd  görüşdə ümumi 42:0  hesabı ilə  qalib  gələrək  rəqiblərinə bir xal belə  verməmişdir.

Həsənovun  qazandığı  lisenziya  Azərbaycanın güləş  komandalarının Olimpiadaya  sayca 12-ci  vəsiqəsidir. Qarşıda  güləşçiləri  daha iki  təsnifat turniri gözləyir. Onlardan  birincisi aprelin 22-24-də Monqolustanın paytaxtı Ulan-Batorda, digəri  isə mayın 6-8-də İstanbulda (Türkiyə) keçiriləcəkdir.

Dünən  həmçinin  məlum oldu ki, Azərbaycan  gimnastları da növbəti  lisenziya qazanmışlar. Rio-de-Janeyroda təşkil edilən idman gimnastikası  üzrə  sınaq turnirində  təmsilçimiz Petro Paxnyuk inamla çıxış  edərək Olimpiadanın  iştirakçısı olmaq  hüququnu  sübuta yetirmişdir. Bu,  gimnastika  ustalarımızın  artıq üçüncü  vəsiqəsidir. Ötən il Oleq Stepko (idman gimnastikası)  və  Marina Burunda (bədii gimnastika) Braziliyaya  getmək  hüququ  qazanmışlar.

Daha  bir  fərəhli  xəbər isə Praqadan alınmışdır. Çexiya  paytaxtında keçirilən beynəlxalq turnirdə Azərbaycan  qılıncoynadanı Səbinə Mikina sablyaçıların yarışının  qalibi olub, idmanın  bu  növündə  ölkəmizə  ilk  lisenziya  qazandırmışdır.

Beləliklə, avqustun 5-dən 21-dək Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarının sıraları bir qədər də genişlənmiş və onların sayı 42-yə çatmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında