İdman gimnastikasında ilk dəfə

Olimpiya ümidlərimiz

Azərbaycan idmançılarının dünənədək XXXI Yay Olimpiya Oyunlarına qazandıqları 37 lisenziyadan ikisi gimnastikanın payına düşür.

Afına, Pekin və London olimpiadalarında ölkəmiz artıq bədii gimnastika yarışlarında təmsil olunmuşdusa, dövlət müstəqilliyimiz illərində Azərbaycan komandasının üzvü  ilk dəfə olaraq Olimpiya oyunlarının idman gimnastikası turnirində starta çıxacaq.

Oleq Stepkonun Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziya əldə etməsinin özü artıq idmanımızın uğurudur. Gimnastımızın avqust ayında necə nəticə göstərəcəyindən, medal qazana bilib-bilməyəcəyindən asılı olmayaraq, indidən məlumdur ki, Azərbaycan idmançıları Olimpiya oyunlarında çıxış etdikləri növlərin sırasına idman gimnastikasını da əlavə etməyi bacarmışlar.

Hazırda ölkəmizdə bu növün lideri Stepko olimpiyaçı olmaq məqsədinə ötən ilin payızında çatmışdır. O, oktyabrda Qlazqoda keçirilmiş dünya çempionatında gərgin mübarizədən sonra paralel qollarda üçüncü yeri tutaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə idman gimnastikasında bürünc medal və onunla birlikdə Rioya lisenziya qazanmışdır.

Şotlandiya paytaxtında dünya çempionatında böyük müvəffəqiyyətdən əvvəl isə Oleq “Bakı-2015" birinci Avropa Oyunlarında tarixi nailiyyətə imza atmış, Milli Gimnastika Arenasına toplaşan idman həvəskarlarını beş medalla sevindirmişdi. Yarışların birinci günü çoxnövçülükdə gümüş, komanda birinciliyində dostları Pyotr Paxnyuk və Eldar Səfərovla birlikdə bürünc medallara sahib olan Stepko, ertəsi gün “müqəvva”da gümüş, dayaq tullanışlarında bürünc, paralel qollarda qızıl mükafatlarla çox böyük, bəlkə də, ağlagəlməz bir uğurun sevincini yaşamışdı. “Bakı-2015"-in qəhrəmanlarından birinin qazandığı 1 qızıl, 2 gümüş və 2 bürünc medala çoxları həsəd apara bilərdi.

Fevral-2016-da Bakıda Dünya kuboku turniri gimnastımızın növbəti uğuru ilə yadda qalmışdır. Azərbaycan idmançısı bu növ üzrə ölkəmizdə ilk dəfə təşkil edilən belə mötəbər turnirdə paralel qollarda qızıl, dayaq tullanışlarında gümüş, həlqələrdə təmrinlərin icrasında bürünc medal qazanaraq, yarışın üçqat mükafatçısı olmuşdur. Martda isə Stepko Qətərin paytaxtı Doha şəhərində təşkil olunan daha bir Dünya kuboku turnirində fərqlənmiş, Bakıya 1 qızıl və 1 bürünc medalla qayıtmışdır.

Rio-2016-nın gimnastika yarışlarında Azərbaycanı təmsil edəcək digər idmançı bədii gimnastika ustası Marina Durundadır. Təcrübəli mütəxəssis Mariana Vasilevanın yetirməsi lisenziyanı ötən ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatında qazanmışdır.

Buna qədər isə Marina apreldə Minskdə Avropa çempionatında lentlə təmrinlərin yerinə yetirilməsində üçüncü nəticə göstərib bürünc mükafatçı olmuşdu. Durunda Avropa Oyunlarında da idman ictimaiyyətimizin, bütün pərəstişkarlarının ümidini doğrutmuşdur. Bu dəfə o, Belarus Respublikası paytaxtındakından da uğurla çıxış etmiş, lentlə hərəkətlərdə yalnız Oyunların rusiyalı çempionu Yana Kudryavtsevanı özündən irəli buraxıb, tarixdə ilk dəfə keçirilən bu yarışların gümüş medalına sevinmişdir.

Azərbaycan gimnastlarının uğurları və iki lisenziya ölkəmizdə idmanın bu populyar növünün inkişafı istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərin, gərgin məşqlərin nəticəsidir. Amma bu da hələ hamısı deyil, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız da XXXI Yay Olimpiya Oyunlarının iştirakçısı ola bilər. Bunun üçün yığmamız  Rio-de-Janeyroda starta hazırlaşan təsnifat turnirində ilk üç yerdən birini tutmalıdır. Elə idman gimnastlarımız Paxnyuk və Marina Nekrasovanın da sınaq turnirlərində Olimpiya “bileti” uğrunda mübarizə aparmaq imkanları olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında