Rio-de-Janeyro – “Yanvar çayı”

Bakı ilə qardaşlaşmış bu şəhər Azərbaycan olimpiyaçılarını gözləyir

Bizim üçün maraqlı məqamdır: Azərbaycan idmançıları avqustun 5-dən 21-dək Braziliya torpağında keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının medalları uğrunda bir  başqa şəhərdə deyil, Bakı ilə qardaşlaşmış Rio-de-Janeyroda mübarizə aparacaqlar. Paytaxtımızın Rio ilə qardaşlığının tarixi ötən ildən başlasa  da, hələ yarım əsr əvvəl bu şəhərləri müəyyən dərəcədə bir-birinə tanıdan unudulmaz bir futbol görüşü olmuşdur. Bu barədə bir qədər sonra. Əvvəlcə Rio-de-Janeyro ilə yaxından tanış olmağa cəhd göstərək.

Rio-de-Janeyro və ya sadəcə Rio adlanan şəhərin portuqal dilindən tərcüməsi “Yanvar çayı” deməkdir. Bu şəhər eyniadlı ştatın inzibati mərkəzidir. Buradakı Quanabara körfəzi portuqaliyalı dəniz səyyahı Qaşpar di Lemuş tərəfindən 1502-ci il yanvarın 1-də kəşf edilib. Portuqaliyalılar körfəzi çayın mənsəbi kimi qəbul ediblər. Şəhərin adı da buradan irəli gəlir.  Rio-de-Janeyro 1565-ci ildə yaradılıb və Portuqaliya kralı I Sebastyanın şərəfinə San-Sebastyan de Rio-de-Janeyro adlandırılıb. Təxminən 6,5 milyon nəfər əhalinin yaşadığı Rio-de-Janeyro şəhəri 1960-cı ilədək Braziliyanın paytaxtı olub. Hazırda isə ölkənin paytaxtı Brazilia  şəhəridir.

Rio böyüklüyünə görə Braziliyanın ikinci, Cənubi Amerikanın beşinci şəhəridir. Bu şəhər Olimpiya oyunlarının iştirakçılarını qəbul edəcək Cənubi Amerikada ilk, 1968-ci ildə XIX Olimpiadanın paytaxtı olmuş Mexikodan (Meksika) sonra Latın Amerikasında isə ikinci şəhər olacaq.

Rio Olimpiadası-2016-da rekord miqdarda 206 ölkə idmançılarının iştirakı gözlənilir. Elə Oyunların qalib və mükafatçılarına təqdim ediləcək medalların sayı da rekord miqdarda olacaq – 306 dəst.

Rio-de-Janeyro 1936, 1940, 2004 və 2012-ci illərdə də Yay Olimpiya Oyunlarını keçirmək istəyib, bu məqsədlə mübarizəyə qoşulub. Lakin heç vaxt final səsverməsində iştirak edən şəhərlər sırasına daxil ola bilməyib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 121-ci sessiyası zamanı isə Rio səsvermədə Madrid (İspaniya), Tokio (Yaponiya) və Çikaqonu (ABŞ) qabaqlayaraq XXXI  Yay Olimpiya Oyunlarının paytaxtı olmaq hüququ qazanmışdır.

Rionun zəngin idman, xüsusən də futbol ənənələri  var. Bu şəhərin “Flamenqo”, “Vasko da Qama”, “Botafoqo”, “Fluminense” komandaları idman aləminə yaxşı tanışdırlar. Nəhəng “Marakana” stadionu isə təkcə Braziliyanın ən böyük idman qurğularından biri deyil, həm də şəhərin ən görməli yerlərindəndir. Stadion təxminən 65 il əvvəl dünya çempionatı üçün inşa olunmuşdur. Rio-de-Janeyro 1950-ci və 2014-ci illərdə “Marakana”da dünya çempionatının final oyunlarına şahidlik etmişdir.

Bu yazının əvvəlində xatırlatdığmız bir futbol görüşü isə Bakı və Azərbaycanla sıx bağlıdır. Yarım əsr əvvəl, 1965-ci il noyabrın 21-də Braziliya millisinin tərkibində “Neftçi”nin hücümçusu Anatoli Banişevskinin də çıxış etdiyi SSRİ yığma komandası ilə keçirdiyi yoldaşlıq görüşü məhz “Marakana”da baş tutmuş və 2:2 hesabının qeydə alındığı oyunda  əfsanəvi Pelenin komandasının qapısına vurulan qollardan birinin müəllifi Banişevski olmuşdur. Özü də Anatolinin uzaq məsafədən başla vurduğu və ona “Qızıl baş” ləqəbi qazandıran həmin qol yaddaşlarda nadir bir qol kimi yaşayır. Bakılı hücümçunun formasının “Marakana” stadionundakı muzeydə özünə yer alması da onun yüksək ustalığının etirafı idi.

Bakının Rio ilə futbol əlaqələrindən danışarkən yaxın keçmişdə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Karlos Alberto Torresi də xatırlamaq yerinə düşər. Bu məşhur futbolçu həyata 1944-cü ildə məhz Rio-de-Janeyroda göz açmış, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatında Braziliya komandası heyətində qızıl medal qazanmışdır. Həmin il iyunun 21-də Mexikonun “Asteka” stadionunda oynanılmış Braziliya-İtaliya final matçında (4:1) italyanların qapısına vurulan dördüncü qolun müəllifi braziliyalıların mərkəz müdafiəçisi və kapitanı Karlos Alberto olmuşdur. Sonralar Pele 1989-cu ildə Moskvanın “Planeta” nəşriyyatında 100 min nüsxə tirajla çap olunan və futbol adamlarının hədsiz sevinc, müəllifə böyük məhəbbət və minnətdarlıq hissi ilə qarşıladığı “Moya jizn i prekrasnaya iqra” kitabında yazmışdır ki, Karlosun vurduğu top bu dünya çempionatında bizim sonuncu qolumuz idi.

Amma nə onda “Marakana”da Braziliyanın qapısına yol tapmağa cəsarət edən Anatoli Andreyeviç Banişevski, nə də 2004-cü ilin fevral ayından etibarən Azərbaycan milli komandasının ilk əcnəbi baş məşqçisi kimi bir neçə il Bakıda yaşamış Karlos Alberto Torres bilmirdilər ki, vaxt gələcək, onların həyata göz açdıqları şəhərlər qardaşlaşacaq.

“Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan yeni bələdiyyə məktəbinin açılış mərasimi olub”. Bu barədə martın ortalarında AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən daxil olan və artıq mətbuatmızda öz əksini tapmış məlumatda həmçinin bildirilmişdir ki, açılış mərasimində Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Rio-de-Janeyro Şəhər Şurasının üzvü, Azərbaycanın adının məktəbə verilməsi qanununun müəlllifi Joao Rikardo Ribas və Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, deputat Rodriqo Maya çıxış ediblər.

Mərasimdə E.Paes Braziliyada ilk dəfə Azərbaycanın adını daşıyan məktəbin açılmasını əlamətdar hadisə adlandıraraq bunun ölkəmizə dərin hörmətin təzahürü olduğunu söyləyib, səfir E.Sultanov da öz növbəsində, Rio-de-Janeyroda Azərbaycanın adını daşıyan məktəbin açılmasından qürur hissi keçirdiyini, həmçinin 2015-ci ildən  etibarən Bakı və Rio-de-Janeyro şəhərlərinin qardaşlaşdığını xatırladaraq həmin məktəbin bu şəhərlər arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Diqqətinizə çatdırdığımız qeydlərdə biz Bakı ilə qardaşlaşmış Rio-de-Janeyroda XXXI Yay Olimpiya  Oyunlarının açılış mərasiminə (5 avqust, “Marakana” stadionu) təxminən dörd ay qalmış paytaxtımızla bu şəhər arasındakı əlaqələrə nəzər saldıq. Şübhə etməmək olar ki, Azərbaycan olimpiyaçılarının Rio-2016-da çıxışları qardaş şəhər sakinlərinin də diqqət mərkəzində olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında